“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev "azerisport"a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- İstefanızdan sonra jurnalistlərlə danışmırdınız. Məğlubiyyəti həzm etməyə çalışırdınız?
- Müəyyən mənada. Mən Albaniya “Skenderbeu”suna məğlubiyyətə görə çox məyus olmuşdum.
- Bəs belə uğursuz çıxışa nə səbəb oldu?
- Əgər komanda uduzursa, günah baş məşqçidədir. “Neftçi” iyunun 20-də təlim-məşq toplanışına başladı. Biz ilk gündən fiziki yükləmələrə üstünlük verdik. Qarşımda Çempionlar Liqasında, premyer-liqada və ölkə kubokunda uğurlu çıxış etmək hədəfi dururdu. İlk iki həftə bizim üçün əsl sınaq oldu. Çünki biz başqa komandaların 28 günə keçdiyi hazırlıq prosesini həmin müddətə sığdırdıq. Düşünürdüm ki, uşaqlar albanlarla ilk oyuna qədər özlərinə gələcəklər. Amma zaman göstərdi ki, bu istəyimiz özünü doğrultmadı.
- Mümkündü ki, hansısa futbolçular ümidləri doğrultmadılar?
- Futbolçu özünü oyuna motivasiya etməyi bacarmalıdır. Bəzi oyunçular həmin matçlara motivasiyasız çıxmışdılar. Onlar artıq özlərini növbəti mərhələdə hesab edirdilər. Yenilərə isə zaman lazım idi.
- Çoxları sizi cavab matçında Melvin Platyeni Elvin Yunuszadə ilə əvəzlədiyinizə görə tənqid edirlər. Çünki ondan sonra “Neftçi” hücumdakı üstünlüyünü tamamilə əldən verdi...
- Matçın sonuna beş dəqiqə qalmış İqor Mitreski qırmızı vərəqə aldı. Biz on nəfərlə qaldıq. Bəs mən belə olan halda nə etməliydim? Müdafiəni gücləndirmək və ən azı oyunu penaltilərə daşımaq lazım idi. Bəli, mən penalti seriyasını düşünürdüm. Amma rəqib komanda fərqlənməyi bacardı.
- “Neftçi”dən incik ayrılmamısız?
- Heç bir inciklikdən söhbət gedə bilməz. “Neftçi”dəki fəaliyyətimlə reytinqim, imicim qalxdı. Mən Avropa Liqasının qrup mərhələsidə çıxış edən komanda ilə çalışdım.
- Keçmiş komandanızın gələcəyini necə görürsüz?
- Bu, mənim üçün doğma klubdur. Bundan sonra hər şey yeni baş məşqçidən asılıdır. Onlara uğurlar arzulayıram. “Neftçi”də çalışmaq həm şərəflidir, həm də çətindir. Mən orda iki mövsüm çalışdım. Bunun nə dərəcədə yaxşı və ya pis alındığına qoy klub prezidenti Sadıq Sadıqov qiymət versin.
- Sizdən öncə “Neftçi”ni çalışdıran Arif Əsədov açıqlamasında bildirmişdi ki, Hacıyev istefa verməməlidir...
- Mən bu insana hörmət edirəm. O, yaxşı futbolçu olub, indi də yaxşı məşqçidir. O da Zaqreb “Dinamo”suna məğlubiyyətdən sonra istefa vermişdi. Amma bu, onun zəif məşqçi olmasından xəbər vermirdi. Mən də vaxtında getməyə qərar verdim. Bəzi insanlar var idi ki, Albaniyada istefamdan danışırdılar. Amma Bakıya qayıdandan sonra onların səsini belə eşitmədim.
- Məğlub olacağınız halda istefa verəcəyinizi deməklə yanlışlıq etdiyinizi düşünmürsüz? Buna görə təəssüflənmirsiz?
- Mən etməli olduğumu həyata keçirdim. Bu qərarla bir növ özümü cəzalandırdım. Heç bir təəssüf hissi keçirmirəm.
- Sizcə, Tərlan Əhmədov baş məşqçi olmağa nə dərəcədə hazırdır?
- O, elə sizin sayta müsahibəsində demişdi ki, baş məşqçi olmağa hazırdır. Əgər insan özünə inanırsa, bu, çox yaxşıdır. Ona karyerasında uğurlar arzulayıram.
- Sizi yenidən nə vaxtsa “Neftçi”də görmək olar?
- Həyatda hər şey olur. Bu variant istisna deyil. Bizim birgə nail olduğumuz uğurlar da unudulmur. Həm də gedirlər ki, yenidən qayıtsınlar.
- “Qarabağ”ın Avroliqanın pley-off mərhələsində Almaniya “Ayntraxt”ı ilə duellərdəki şansları barədə nə düşünürsüz?
- İndiki məqamda çox şey Qurban Qurbanovdan asılıdı. O, taktikanı çox yaxşı bilir. Öz yetirmələrini necə motivasiya etmək lazım olduğunu da bacarır. “Ayntraxt” nə “Barselona”dı, nə “Real” nə də “Ayaks”. Onlarla oynamaq və qələbə qazanmaq olar. Çox istərdim ki, “Qarabağ” da “Neftçi”nin uğurunu təkrarlasın, qrup mərhələsində çıxış etsin. Mən hər bir azərbaycanlı məşqçiyə bunu arzulayıram. Xüsusilə də çox yaxşı münasibətimizin olduğu Qurbanova.
- Yığmaya rəhbərlik etmək barədə düşünmürsüz?
- Yığmada çalışmaq hər bir məşqçi üçün şərəfdir. Mən də bunu çox istərdim. Amma hələlik istirahət edirəm. Təklif olsa, müzakirə etməyə hazıram.
Qaynar.info