“Mənim bəxtim gətirib ki, çalışdığım klubun sponsoru Cahangir Hacıyevdir. Bunun üçün çox xoşbəxtəm. O, böyük insandır. Mənim maraqlarımı düşündüyündən, öz maraqlarını arxa plana çəkdi. Bunu min, bəlkə də yüz min adamdan biri edərdi”. Axar.az xəbər verir ki, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Antalyada jurnalistlərə açıqlamasında deyib.
Gürcü mütəxəssis ölkəsinin millisinə baş məşqçi getməyə razılıq verdikdən sonra klubun fəxri prezidenti, Beynəlxalq bank ASC sədri Cahangir Hacıyevə onu başa düşdüyü üçün təşəkkürünü bildirib.
Klubun bolqar prezidenti Georgi Nikolovla isə münasibətləri korlanan Kaxaber açıqlamasında ona eyham vurub. G.Nikolov K.Sxadadzenin bu qərarı onunla razılaşdırmadan verməsinə görə onu qınamışdı.
G.Nikolov K.Sxadadzenin onu saymadığını açıqlamışdı. Gürcü məşqçinin C.Hacıyev haqda söylədikləri də G.Nikolovla münasibətlərinin tamamilə korlandığına işarədir.
Əslində, C.Hacıyev Kaxaberin klubundan birdəfəlik ayrılmasına son anda etiraz etməsə də, əslində, narazıdır. Gürcü isə patronun ondan inciməsində G.Nikolovu günahkar sayır. Baş məşqçinin fikrincə, prezident başqa sözlər çatdırmasaydı, şeflə körpülər aşılmazdı.
Qaynar.info