Cəlilabad Rayon İcra Hakimiyyəti rayon sakini Çingiz Təhməzovun icra başçısı haqqında səsləndirdiyi fikilərə münasibət bildirib.
İcra Hakimiyyətindən Qaynarinfo-ya verilən məlumatda bildirilir ki, Çingiz Təhməzovun səsləndirdiyi fikrlər şər-böhtan xarakterlidir. İcra Hakimiyyətinin açıqlamasını təqdim edirik:
"Sonxebertv.info saytının "YouTube" kanalında Cəlilabad şəhərinin sakini Çingiz Təhməzovun Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı haqqında dediyi fikrlər şər-böhtan xarakterlidir və hakimiyyət orqanları rəhbərlərinin fəaliyyətini gözdən salmaq məqsədi daşıyır. Cəlilabad Rayon İcra Hakimiyyəti bütün bunları qətiyyətlə pisləyir və vətəndaşın bu qanunsuz əməllərindən əl çəkməsini tələb edir. Vətəndaş Çingiz Təhməzovun ona göstərilən köməklikləri belə tezliklə unutması çox böyük təssüf doğurur.
Bildiririk ki, Çingiz Təhməzov dəfələrlə rayon icra hakimiyyəti başçısının qəbulunda və Prezident Administrasiyası əməkdaşlarının Cəlilabad rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak edib. O, Cəlilabad Rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunub, lakin işə çıxmadığı üçün əmək müqaviləsinə xitam verilib. Çingiz Təhməzov Prezident Administrasiyası əməkdaşlarının rayon icra hakimiyyətində keçirdiyi qəbula gələrək "DOST İŞ” MMC-yə məxsus əmək haqqı kartını yararsız hala salıb. Buna baxmayaraq, hər dəfə ona üç və daha artıq əmək haqqı kartı verilməsini, həmçinin işə çıxmadan əmək haqqı ilə təmin olunmasında israr edib.
Çingiz Təhməzov rayon icra hakimiyyəti başçısının qəbulunda olarkən yaşadığı küçəyə çınqıl tökülməsini xahiş edib və bundan sonra Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Məhəmməd Hadi küçəsinə 4 maşın çınqıl tökülərək həmin küçə gediş-gəliş üçün normal vəziyyətə salınıb.
Çingiz Təhməzovun yaşadığı yeni yaşayış massivinə təbii qaz xəttinin çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanıb və "Azəriqaz” İstehsalat Birliyinə təqdim olunub. İki ay öncə evinə qaz xətti çəkilməsi üçün podratçı şirkətə verilməsi zəruri olan 700 manat məbləğ Çingiz Təhməzova rayon icra hakimiyyəti tərəfindən verilib, lakin o, bu vəsaiti təyinatı üzrə istifadə etməyib və evinə qaz xətti çəkmək üçün gələn Cəlilabad qaz istismar sahəsinin əməkdaşlarını təhqir edərək qovub və yenidən həmin vəsaiti rayon icra hakimiyyətindən tələb edib.
Məlumat üçün bildiririk ki, Çingiz Təhməzovun özünə və həyat yoldaşına əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar ilkin tibbi sənədlər 2018-ci il avqustun 22-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib, lakin Çingiz Təhməzovun xəstəliyinin əlillik dərəcəsinin təyin edilməsi meyarlarına uyğun gəlməməsi və həyat yoldaşı Yazgül Zeynalovanın əlavə müalicəyə ehtiyac olması səbəbindən hər ikisinə imtina verilib. Bundan sonra Yazgül Zeynalova rayon mərkəzi xəstəxanasının terapeya şöbəsində müalicə almış və müvafiq sənədlər 2019-cu il martın 30-da yenidən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib. Komissiyanın 2019-cu il 9 aprel tarixli qərarı ilə Yazgül Zeynalovaya II qrup əlillik dərəcəsi təyin edilib.
2019-cu ildə Çingiz Təhməzovun ailə vəziyyəti nəzərə alınaraq rayon icra hakimiyyəti tərəfindən birdəfəlik 1000 manat, deputat Malik Həsənov tərəfindən hər dəfə 500 manat olmaqla 2 dəfə (1000 manat) yardım verilib.
2020-ci ilin fevral ayında keçirilən Parlament seçkilərində deputatlığa namizəd olan və rayonda heç bir nüfaza malik olmayan qohumu Elşad Təhməzovla birlikdə seçki günü 67 saylı Cəlilabad şəhər seçki dairəsinin əhatə etdiyi məntəqələrdə iğtişaşlar törədərək seçki prosesini pozmağa cəhd göstərdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq ona xəbərdarlıq edilib.
Çingiz Təhməzovun Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalovun oğlanlarının hərbi xidmətə getmədiyi barədə iddiaları əasassız və böhtan xarakterlidir. Belə ki, Namiq Zeynalovun böyük oğlu ali təhsilini bitirdikdən sonra 2018-2019-cu illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətini başa vurub. Ondan kiçik olan oğlu isə Sərhəd qoşunlarının Şəmkir rayonunda yerləşən N saylı hərbi hissəsində hazırda xidmətdədir.
Məlumat üçün bildiririk ki, Çingiz Təhməzov müxalifətyönlüdür və hakimiyyət orqanlarını ləkələmək üçün haqsız müraciətlər edərək öz ambisiyası naminə hər istədiyinə nail olmaqdan ötrü rəhbər işçiləri şərləməklə məşğuldur. Buna görə də rayon icra hakimiyyəti başçısı tərəfindən məhkəməyə müraciət olunub".