Xəbər lenti

Cəlilabadı ayağa qaldıran səbəb: Aksiya olacaq - FOTO
Ölkə14:00 19.05.2014

Cəlilabadı ayağa qaldıran səbəb: Aksiya olacaq - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Cəlilabad rayonunda 2 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı məlumat yaymışdıq.

Baş vermiş faciənin ilkin səbəbi kimi Bayram və Rasim Əsədov qardaşlarının quyuda işləyən zaman su nasosundan ayrılan dəm qazından zəhərlənməsi göstərilsə də, əslində problemin başqa səbəbdən qaynaqlandığı məlum olub.  

Bu gün olayla bağlı Qaynar.info-ya ilginc məlumatlar daxil olub. Məlumatda göstərilir ki, hadisənin nüvəsində Əsədov qardaşlarınının illər əvvəl qazılmış quyunun içinə hansı səbəbdən girmələri dayanmalıdır.

Rayon sakinlərinin sözlərinə görə, hazırda Cəlilabad rayonunda ciddi su problemi yaşanır. Quyularda su tükənir, alternativ vasitə kimi isə hələ sovetlər  dönəmində inşa olunmuş kanallara isə su verilmir. Həmçinin su problemi Cəlilabad rayonunda bir ailədə yox, rayon səviyyəsində mövcud olan əsas problem olaraq qalır. Əsasən kənd təsərrüfatı ilə  məşğul olan rayon sakinləri yaz mövsümündən bəri  sahələri  lazımınca suvara bilməyiblər. 

Ən acınacaqlı vəziyyət isə kartofçuluq təsərrüfatındadır. Ötən il hər hektardan 25 tondan yuxarı məhsul götürən yerli fermerlər bu il bu rəqəmin 5-6 ton civarında qərarlaşacağını bildirilər. Məhsuldarlığın aşağı olmasını  fermerlər  artıq satış ərəfəsində olan kartof sahələrinin suvarıla bilməmələri ilə əlaqələndirirlər. 

Hazırda rayonda suvarılmada daha çox istifadə olunan və mənbəyini Araz çayından götürən Bəhrəmtəpə kanalında da suyun verilişi tamamilə dayandırılıb. Bu isə hektarlarla əkin sahəsinin məhv olması və fermerlərin müflisləşməsi deməkdir. Bir sözlə, rayonda suvarma sistemi bərbad vəziyyətdədir. 

Qeyd edək ki, mövcud çətinliklər bağlı həyacan təbili çalan Cəlilabad rayonunun Əliqasımlı, Qarazəncir, Ocaqlı kənd sakinləri səbr kasalarının dolduğunu bildirirlər. Sözüzügedən kənd sakinləri bir neçə gün öncə su probleminin həll olunmamasına etiraz olaraq  Ələt-Astara magistralında etraz aksiyası keçirməyə də cəhd ediblər. Lakin Cəlilabad Suvarma Sistemləri İdarəsi rayon ərazisinə tezliklə suyun veriləcəyini bildirməklə kəndliləri fikrindən daşındıra bilib. Lakin  verilən vədlərə baxmayaraq  Bəhrəmtəpə kanalında bu günə kimi  hələ də su yoxdur. Alternativ vasitə kimi hər bir şəxs həyətində və ya əkin sahəsində əl quyuları qazmağa çalışır. O quyular da bəzi hallarda elə onu qazan kəndlilərin  məzarına çevrilir, elə Rasim və Bayram Əsədov qardaşları kimi...

Rayondan aldığımız son məlumatlara görə Cəlilabad rayon İcra Hakimiyyəti və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin regional idarəsi problemlə bağlı heç bir tədbir görmək niyyətində deyil. Konkret İcra Hakimiyyətinə gəlincə, uzun illərdir rayona başçılıq edən icra başçısı Əziz Əzizov bu problemə demək olar ki, heç bir reaksiya verməyib. Ona görə də vətəndaşlar yaxın günlərdə İcra Hakmiyyəti qarşısında aksiya keçirmək, bu da nəticə verməzsə, Bakıya - Prezident Adminstrasiyasına üz tutmağı planlaşdırıblar. 

Doğrudan da, acınacaqlı haldır. Görünür, Cəlilabadda hər bir ailəni gözləyən faciə icra başçısı üçün o qədər də əhəmiyyət kəsb etmir. Halbuki onun əsas vəzifəsi məhz bu problemləri həll etmək, bununla bağlı müvafiq tədbir görməklə bağlı tapşırıqlar verməkdir. Bir sözlə, rayon rəhbərliyi və suvarma ilə bağlı məsuliyyətli qurum cəlilabadlıları taleyin ümidinə buraxıblar. 

Qaynar.info