Dünya 19:06 17.03.2024

Cənubi Osetiya Rusiyaya birləşməklə bağlı müzakirələr aparır

Tanınmamış Cənubi Osetiyanın Rusiya Federasiyasına mümkün daxil olması məsələsi Moskva ilə sıx koordinasiyada müzakirə olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti"yə Cənubi Osetiya parlamentinin sədri Alan Alborov bildirib.

"Biz bütün bu məsələləri Rusiya Federasiyası ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və müqavilələrimizi nəzərə alaraq müzakirə edirik", deyə o, bu mövzuda referendumun keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında bildirib.

Alborov həmçinin qeyd edib ki, Cənubi Osetiya və Rusiya razılaşdırılmış xarici siyasət yürüdürlər.

"Biz Rusiya Federasiyası ilə birlikdə bu fikrə (Rusiya Federasiyasına qoşulmaq haqqında-red.) gələndə bunu edəcəyik", deyə ,o əlavə edib.

Xatrladaq ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş beşgünlük müharibədən sonra RF-in o vaxtkı prezidenti Dmitri Medvedev Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin Rusiya tərəfindən tanınması haqqında fərman imzalamışdı. Öz növbəsində, Gürcüstan həmin ərazilərin Rusiya tərəfindən işğal edildiyini bildirir.

Bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Gürcüstan Qərb və NATO ilə yaxınlaşmağa doğru getsə, Abxaziya və Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər.

"2008-ci ildə tarixin təkrarına ehtiyacımız yoxdur. Biz BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Ancaq narahatlığımızın real konturları yaranarsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Bunun üçün əsaslə səbəblər olarsa, o, həyata keçirilə bilər”, deyə Medvedev qeyd edib.

Aydın