
FIFA-nın yeni prezidenti seçilib. Qaynar.info xəbər verir ki, qurumun yeni rəhbərinin adına bu gün İsveçrənin Sürix şəhərində keçirilən prezident seçkisində aydınlıq gəlib.
Ali futbol qurumunun Növbədənkənar Konqresində prezidentlik uğrunda UEFA-nın baş katibi Cianni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə və FIFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparıb. Cənubi Afrikanın sabiq mənzil tikintisi naziri Mosimo Qabriel Seksvale isə bu gün namizədliyini geri götürüb.
İlk turda prezident seçilməyib. Belə ki, ən çox səsi İnfantino yığıb. Ona 88 ölkənin milli federasiyası səs verib. Şeyx Salman ibn-İbrahim əl-Xəlifə 85, Əli bin əl-Hüseyn 27, Jerom Şampan isə cəmi 7 səs yığa bilib. Nizamnaməyə bu turda qalib olmaq səslərin 2/3 hissəsini toplamaq vacib idi.
Seçkinin nəticəsi ikinci növbəti turda müəyyənləşib. Bu mərhələdə isə hər kəsi qabaqlayan Cianni İnfantino ali futbol qurumunun yeni prezidenti olub. O, mümkün olan 207 səsdən 115-ini qazanaraq, ikinci turdakı ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayıb. İlk turun üçüncüsü Şahzadə Əli ibn əl-Hüseyn isə həlledici mərhələdə cəmi 4 səs toplaya bilib.
Yeni prezident 4 il müddətinə seçilib.
Qeyd edək ki, konqresdə AFFA-nı prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir. AFFA İnfantinoya səs verib.
Qaynar.info