Çimərliklərdə tullantı problemi: Sahillərdəki antisanitariya sağlamlığa necə təsir edir? (VİDEO)
Paytaxt sakinlərinin və turistlərin yay mövsümündə ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir.
Baku TV-nin məlumatına görə, bəzi sahillərdə müxtəlif məişət tullantılarına rast gəlinir ki, bu da xoşagəlməz mənzərə yaradır. Vətəndaşların sözlərinə görə, bəzi insanlar istirahətdən sonra tullantılarını toplamaq əvəzinə sahildə qoyub gedirlər.
"Gəlirik, yeyirik, içirik, istirahət edirik. Amma çoxları gedəndə öz zibillərini yığışdırmır", "Belə hərəkətlər ayıbdır. Biz özümüz tullantıları yığıb zibil qablarına atırıq", - deyə vətəndaşlar bildiriblər.
Mütəxəssislərin fikrincə, sahillərdəki plastik və məişət tullantıları dəniz canlılarına, suyun keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərir.
Ekoloq Sadiq Həsənov bildirir ki, ərazilərə nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Xidməti tərəfindən həyata keçirilir: "Dənizdə və sahildə çirklənmə səviyyəsi ölçülür. Eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən monitorinqlər aparılır. Həm bakterioloji, həm bioloji vəziyyət, həm də müxtəlif xəstəliklərin yayılma riski mütəmadi olaraq qiymətləndirilir".
O əlavə edib ki, qida qalıqları və digər üzvi maddələr parçalanaraq bakteriyaların çoxalmasına və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsindən isə bildirilib ki, Bilgəh qəsəbəsində yerləşən "Daçnik" çimərliyində bəzi sakinlər tullantıları xüsusi ayrılmış yerlərə atmaq əvəzinə, sahildə qoyub getməklə sanitar qaydaları heçə sayırlar. Ərazidə natəmizlik yaratmaqla xoşagəlməz görüntülərə səbəb olurlar. Qurumdan qeyd olunub ki, bu halların qarşısını almaq üçün işçi qrupları yaradılıb və ərazidə sanitar vəziyyət nəzarətdə saxlanılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər