Xəbər lenti

Çin öz idmançılarına senzura qoydu
İdman11:08 04.10.2023

Çin öz idmançılarına senzura qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Asiya Oyunlarında iki Çin idmançısının forma nömrələri 1989-cu ildə Tiananmen meydanındakı etirazlara istinad kimi qəbul edildiyü üçün görüntülərə senzura qoyulub. 
Qaynarinfo-nun məlumatına görə, ölkədə "X"in ekvivalenti kimi istifadə edilən sosial media platforması "Weibo"da paylaşılan fotoşəkillərdə Çin idmançıları Lin Yuvey və Vu Yanninin yarışmada istifadə etdiyi nömrələr 1989-cu ildə baş verən hadisələrə istinad kimi qiymətləndirilib. İdmançıların 100 metrlik maneəli zolağı başa vurduqdan sonra bir-birini qucaqladıqları fotolarda Linin formasının üzərindəki 6 rəqəmi ilə Vunun formasının üzərindəki 4 rəqəmi yan-yana görünüb. Bu, Çində Tiananmen meydanındakı etirazların tarixinə istinad olaraq tez-tez istifadə edilən "6/4” ifadəsini yada salıb və "Weibo" istifadəçilərindən biri paylaşıma "1989-cu ilin Asiya Oyunları” şərhini yazıb.
Hadisə ilə bağlı nə idmançılar, nə də Pekin administrasiyası açıqlama verib.
Sentyabrın 23-də Çinin Hançjou şəhərində start götürən Asiya Oyunları oktyabrın 8-də başa çatacaq. 19-cu turnirdə Lin 100 metr məsafəyə maneələrlə qaçışda qızıl medal qazanıb. Onun komanda yoldaşı Vu yarışa start verilmədən başladığı üçün qırmızı vərəqə almasına baxmayaraq yarışmasına icazə verilsə də, sonradan diskvalifikasiya edilib. Vunun əvəzinə ikinci yerə Hindistan idmançısı Cyoti Yarraji yüksəlib və gümüş medal qazanıb.
1989-cu ildə nə baş vermişdi? 
1989-cu ildə aprelin 15-də başlayan və iyunun dördünə qədər (64 gün) hökümət əleyhinə nümayişlər başlayıb. Nümayişlərin mərkəzi isə Tiananmen meydanı idi. Hadisələrdə neçə nəfərin həyatını itirdiyi hələ də bəlli deyil. Çin Kommunist Partiyasının (ÇKP) rəsmi rəqəmlərinə görə, 200 mülki şəxs və onlarla təhlükəsizlik işçisi həyatını itirib, Qərb mənbələri isə on minlərlə insanın həlak olduğunu iddia edib. Digər tərəfdən, ÇKP Tiananmen meydanında baş verən hadisələrin məktəblərdə tədris edilməsinə və ya internetdə müzakirə olunmasına qarşı güclü senzura tətbiq edir. Ölkədə hakimiyyətin ciddi nəzarətində olan internetdə faciəli hadisə ilə bağlı məlumat tapmaq demək olar ki, mümkün deyil.
Səbuhi Həsənov