Xəbər lenti

Cinayətin şahidi
İdman12:11 06.05.2016

Cinayətin şahidi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Toyumuz yasa çevrildi. Özü də cüməxaşamında. Millimizin ruhuna, futbolumuzun gələcəyinə fatihə oxuyacaq yaxşı bir mollaya ehtiyacımız var. Artıq futbolumuzun gələcəyi ilə bağlı olan bütün ümidlərimizi dəfn etməyin vaxtıdı. Gedək, qardaş, gedək... Gedib qəbirstanlıqda yer seçib, qara mərmərdən başdaşını sifariş verək. Qalmasın meyitimiz ortada, el-aləm bizə gülməsin...

Təəssüf ki, nikbin düşünməyim üçün heç bir səbəb yoxdu. Öləni geri qaytarmaq isə mümkün olacaq şey deyil. Bilirəm, futbolumuzu cavan yaşda qəbirə qoymaq, soyuq torpağa tapşırmaq bizim üçün çox çətindi. Amma reallıqla barışmağın zamanıdır. Biz bunu qəbul etməliyik. Allah rəhmət eləsin!

İndi ölümdən sonra cinayət işi açılmalı, məsələ araşdırılmalıdı. Kimdi qəsdən futbolumuzu öldürən adam? Kimdi cinayətkar? Kimlər məsuliyyətə cəlb olunmalıdı? Mən bilirəm, gəlin hamısını deyim. Hal şahidi kimi də ifadə verməyə də hazıram. Gəlin məni dindirin, ifadəmi alın. Deyim ki, bu, odur -  Elxan Məmmədov! Futbolumuzun başına yekə, özündən də böyük qara daş salan AFFA-nın baş katibi...

Təbii ki, dəbdəbəli həyat şəraiti sürən, gənc vaxtlarında bal-qaymaq içində böyüyən, bir dediyi iki edilməyən, qiyməti 100 min dollardan baha olan maşında gəzən, villalarda yaşayan Elxan Məmmədov məsuliyəti boynuna alıb, "içəridə" yatacaq cəsarətə sahib deyil. Bilir ki, həbsxana həyatı tamam başqadı. Türmədə xahişin, istəyin "mama canı" deyəndə də nəzərə alınmır ki...

Getməsə də, görməsə də assosiasiyanın baş katibi bunu çox yaxşı bilir. Elə bu səbəbdən də cinayəti başqasının üzərinə yıxacaq. İfadəsində deyəcək ki, "Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempiontının açılış mərasimindən sonra millimizin Portuqaliya yığmasına 0:5 hesabı ilə uduzmasının səbəbkarı, günhkarı Təbriz Həsənovdu". Utanmadan "Biz onun üçün hər şəraiti yaratmışdıq, 6 futbolçunu milliləşdirmişdik" deyəcək.

Amma hansı qanunlara arxalanaraq əcnəbi vətəndaşa 1-2 həftənin içində Azərbaycan pasportunu verdiyini deməyəcək. Amma 2005-2015-ci illəri əhatə edən futbolun inkişafına dair imzalanan dövlət proqramının görə büdcədən ayrılan milyonların hara sərf olunduğunu qeyd etməyəcək. Nəticəsi yoxdu axı? Hanı uşaq futbolu? Hanı sənin əslən gədəbəyli, yevlaxlı, bərdəli, mingəçevirli, şəmkirli, göyçaylı, nə bilim, şuşalı, ağdamlı, kəlbəcərli futolçunun? Haradadılar axı onlar? Niyə onların yerinə Hüseyn Seyliğli, Metin Gülər, Doğukhan Öksüz, Barış Ekincier, Ege Atlam oynayır? Yoxsa, İmsayıl Karakaşın qara qarşına vurulublar?

Yoxdu e, qardaş, futbolçu yoxdu. Yetişməyib, heç bundan maraqlı da olmayıblar. Əcnəbi mütəxəssislərin klublara urcah edilməsi də, adını "uşaq futbolunun inkişafı" qoyulması da pul yeyintisinin bir parçası idi. Adama deyərlər, Almaniyadan uşaq futbolu üçün mütəxəssis gətirmişdin, qarnını doydurdun, cibini doldurdun, öz cibin də şişdi, bəs, nəticəsi?

Nəticəsi olmadığı üçün Elxan Məmmədovu AFFA-dan uzaqlaşdırmaq, məsuliyyətə cəlb etmək lazımdı. Dövlətə xəyanətə görə! Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 ( vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə cinayət işi açılmalıdı. Çünki təkcə hal şahidi mən deyiləm. Ötən gecə Bakı Olimpiya Stadionunda qeydə alınan rəzil nəticəyə, biabırçı mənzərəyə, bizimlə yanaşı, ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da nəvələri ilə birlikdə şahidlik etdi. Heç olmasa, gələcəkdə nəvələrin üzünü güldürəcək nəticənin qeydə alınması üçün Elxan Məmmədovun futbolumuzdakı işinə son verilməlidi. Cinayətin şahidi kimi...

Emin Səfərov

Sport7.az