Çin Tibetdə dünyanın ən böyük hidroenergetika layihələrindən birini həyata keçirir. Layihənin miqyası ətraf mühitlə yanaşı, Yerin fırlanmasına mümkün təsiri ilə bağlı da müzakirələrə səbəb olub.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, Çinin Tibetdə Yarlunq-Tsanpo çayı üzərində Medoq adlı nəhəng su elektrik stansiyası (SES) tikilir.
Çay Hindistan sərhədini keçdikdən sonra Banqladeş ərazisində Brahmaputra adlanır. Bu səbəbdən çay üzərində nəzarət Çin, Hindistan və Banqladeş üçün strateji əhəmiyyət daşıyır.
SES-in gücünün təxminən 60 giqavat olacağı, tikintinin isə 2033-cü ildə başa çatdırılacağı planlaşdırılır. Çin hesablamalarına görə, stansiya ildə 300 milyard kilovat-saatadək elektrik enerjisi istehsal edə biləcək.
Yerin fırlanmasına necə təsir edə bilər?
Çinin nəhəng hidroenergetika layihələrinin Yerin fırlanmasına təsiri ilə bağlı müzakirələr məşhur “Üç dərə” su anbarının tikintisindən sonra başlayıb.
Səbəb nəhəng su anbarında on milyardlarla ton suyun toplanmasıdır. Bu qədər böyük kütlənin yenidən paylanması Yerdəki kütlənin bölüşdürülməsini və nəticədə onun ətalət momentini cüzi şəkildə dəyişir.
NASA-nın hesablamalarına görə, “Üç dərə” su anbarı tam dolduqda sutkanın müddəti təxminən 0,06 mikrosaniyə uzanır, Yer oxunun mövqeyi isə təxminən 2 santimetr dəyişə bilər.
Bu təsir insan üçün hiss ediləcək səviyyədə deyil. Bu, su elektrik stansiyasının Yerin fırlanmasını dayandıra və ya zamanın axışını ciddi şəkildə dəyişə biləcəyi anlamına gəlmir. Fiziki baxımdan isə belə bir təsir mövcuddur.
Yeni Medoq SES-i “Üç dərə” stansiyasından xeyli güclü olacaq. Layihənin gücü təxminən 60 giqavat nəzərdə tutulur. Müqayisə üçün, Çinin hazırda fəaliyyət göstərən ən böyük SES-inin gücü təxminən 22,5 giqavatdır.
Bununla belə, Medoq SES-in Yerin fırlanmasına dəqiq nə qədər təsir göstərəcəyini müəyyənləşdirməyə imkan verən kifayət qədər elmi hesablamalar hələ açıqlanmayıb.
Əsas narahatlıq su ehtiyatları ilə bağlıdır
Layihə ilə bağlı əsas narahatlıqlar Yerin fırlanması deyil, su ehtiyatlarına nəzarətlə əlaqədardır.
Yarlunq-Tsanpo üç ölkə üçün mühüm transsərhəd çaydır. Onun suları Hindistan və Banqladeşdə milyonlarla insanın kənd təsərrüfatı, içməli su və enerji ehtiyaclarının ödənilməsində mühüm rol oynayır.
Hindistan narahatdır ki, çayın yuxarı hissəsində bu miqyasda qurğuların inşası Çinə aşağı axına ötürülən suyun həcminə daha çox nəzarət etmək imkanı verə bilər. Suyun buraxılma rejiminin dəyişdirilməsi aşağı axında yerləşən ərazilər üçün ciddi nəticələr yarada bilər.
Tikinti işləri həmçinin ekoloji və geoloji baxımdan mürəkkəb bölgədə aparılır. Tibet yaylası yüksək seysmik aktivliyi ilə seçilir, dağlıq relyef isə sürüşmə riskini artırır.
Ekoloqlar regionun unikal ekosistemlərinə mümkün zərər barədə də xəbərdarlıq edirlər. Tikinti ərazisində nadir heyvanların məskunlaşdığı ərazilər, eləcə də qədim buddist tikililəri kimi mədəni irs nümunələri yerləşir.
Alimlərin fikrincə, Medoq SES-i ilə bağlı əsas məsələ Yerin fırlanmasının dayanması deyil, bu nəhəng hidroenergetika layihəsinin ətraf mühitə, su ehtiyatlarına və üç ölkədə yaşayan milyonlarla insana göstərə biləcəyi təsirdir.
Yerin fırlanmasına təsir isə son dərəcə kiçik olacaq. Hətta milyardlarla ton suyun hərəkəti sutkanın uzunluğunu yalnız mikrosaniyənin çox kiçik bir hissəsi qədər dəyişə bilər.
Günay
Şərhlər