
“Neftçi” PFK-nın əsas heyətinin 2 futbolçusu - Mirabdulla Abbasov və Orxan Qurbanlı Latviyanın “Dauqava” klubuna icarəyə veriliblər.
Qaynar.info xəbər verir ki, müqaviləyə görə hər iki 20 yaşlı futbolçumuz iyunun 15-dək Dauqavpils şəhəri təmsilçisinin formasını geyinəcəklər.
Qeyd edək ki, Latviya çempionatının (2012) və kubokunun (2008) qalibi olmuş “Dauqava” 2 dəfə (2011-ci və 2013-cü illərdə) bürünc medala sahib çıxıb. “Dauqava” klubunun əsası yerli oyunçulardan qurulub. Onlardan biri - Daniel Yakovlev qış transfer dövründə İtaliyanın “Peruca” klubu tərəfindən transfer edilib.
Onu da məlumat üçün bildirək ki, Latviyada elitanın oyunları martın 11-də başlayacaq. "Dauqava" ilk oyununu martın 13-də səfərdə keçirəcək.
Bununla da Latviyada hazırda çıxış edən azərbaycanlı futbolçuların sayı 4-ə çatıb. Belə ki, millimizin sabiq hücumçusu Vüqar Əsgərov "1625 Liepaya", "Neftçi"nin keçmiş üzvü Rüstəm Nəsibov isə "Babite" klubunda oynayır. Lakin onların klubu "Dauqava"dan fərqli, elitanın yox, Latviyanın I dəstəsinin təmsilçiləridir.
Qaynar.info