Dünya 18:54 02.02.2023

"Daily NK": Şimali Koreya LXR və DXR-ə hərbçi və polis göndərəcək

Şimali Koreya hökuməti Rusiyadakı Şimali Koreya ticarət şirkətlərinə yenidənqurma işlərində iştirak etmək üçün qondarma Donetsk və Luqansk "Xalq Respublikalarına” (DXR və LXR) göndəriləcək kadrları seçməyi tapşırıb. 

Qaynarinfo xəbər verir ki, Cənubi Koreyanın "Daily NK" nəşri mənbələrə istinadən məlumat yayıb ki, müvafiq fərman yanvarın 20-də verilib.

Daily NK-nin məlumatına görə, bu əmri KXDR Müdafiə Nazirliyinə bağlı "Cholhyon Construction” və "Kumrung Construction” şirkətləri alıb. Onlar yanvarın sonuna qədər 19-27 yaş arası gəncləri seçməli idilər. Nəşr ölkənin mülki şəxsləri deyil, hərbi və ya polis əməkdaşlarını göndərəcəyini ehtimal edir. Onların dəqiq sayı məlum deyil, amma yəqin ki, söhbət 300-500 nəfərdən gedir. Gələcəkdə bölgədə Şimali Koreyalıların sayı artırıla bilər.

KXDR-dən olan təhlükəsizlik qüvvələri Donbasa fevral və ya martda gələcək. Nəşrin mənbəsinin sözlərinə görə, hərbçilərin tapşırıqları məlum deyil, lakin onlar çox güman ki, döyüş tapşırıqlarını yerinə yetirməyəcəklər. Mənbə əlavə edib ki, böyük ehtimalla hərbçilər bölgənin bərpasında iştirak edəcəklər.

"Daily NK” xəbər verir ki, KXDR-in "LDXR”-ə hərbi personal göndərməsi müqabilində nə alacağı məlum deyil. Müharibə zonasında olan Şimali Koreya hərbçiləri Rusiyada aldıqları maaşın üç qatını qazana bilər, eyni zamanda onlar Şimali Koreyada da maaş alırlar. Nəşr qeyd edir ki, KXDR hökuməti hərbçilərin əlavə gəlirlərini ölkə büdcəsinə köçürə bilər.

Şimali Koreyadan olan işçilərin "DXR”-ə göndərilməsi söhbətə hələ keçən ilin yayından müzakirə edilir. Bu barədə qondarma respublikanın "rəhbəri” Denis Puşilin və Rsuiya Baş nazirin müavini Marat Xusnullin danışıblar. Xusnullinin sözlərinə görə, KXDR-dən olan işçilər rusiyalı işçilərdən 2,5 dəfə daha məhsuldardırlar.

Qeyd edək ki, KXDR "DXR” və "LXR”-i müstəqil dövlət kimi tanıyan bir neçə ölkədən biridir. Həmçinin, KXDR Xarici işlər nazirliyi "respublikaların” Rusiyaya daxil olmasını dəstəklədiyini bildirib. Yanvarın sonunda Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq bildirib ki, Şimali Koreya ordusu və xalqı ilə "eyni səngərdə” həmişə Rusiyanın tərəfində olacaq.

Nizami Bağırov