46-cı Dakar Rallisində yarışarkən qəza keçirən motosikletçi Karles Falkon dünyasını dəyişib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə onun komandası "TwinTrail” bəyanat yayıb. Açıqlamada, "Tibb qrupu qəza zamanı ürək-tənəffüs tutulmasının səbəb olduğu nevroloji zədənin geri dönməz olduğunu təsdiqləyib. O, bizi tərk edib. Karles gülərüz, həmişə aktiv, etdiyi hər şeydən, xüsusən də motosikletlərdən ehtirasla həzz alan bir insan idi. O, motosikletdə xoşbəxt idi. Onu təbəssümü və hər kəsdə yaratdığı xoşbəxtlik üçün xatırlamalıyıq” - sözlərinə yer verilib.
Bədbəxt hadisə ikinci mərhələdə, yarışın sonuna yaxın baş verib. Sürətlə gedən zaman qəzaya uğrayan 45 yaşlı pilot başından güclü zərbə alıb və bunun nəticəsində ürək-tənəffüs sistemi tutulub. Aparıldığı xəstəxanada komaya səbəb olan beyin ödemi və təcili müdaxilə tələb edən C” fəqərəsinin sınığı aşkarlanıb. Daha sonra onun vəziyyətinin ağır olduğu bildirilib. Həmçinin onun qabırğasında, körpücük sümüyündə və biləyində də sınıqlar olduğu müəyyənləşib. Ardından Ər-Riyaddan İspaniyaya köçürülən Karlesin həyatını orada da xilas etmək mümkün olmayıb.
Səbuhi Həsənov