Xəbər lenti

Dünya 12:21 08.12.2023

Danimarka Quranın yandırılmasını niyə qadağan etdi və bunu edənləri hansı cəza gözləyir?

Danimarka parlamenti müqəddəs kitabların, o cümlədən Quran, İncil və Tövratın açıq şəkildə yandırılmasını qadağan edən qanun qəbul edib. 

Qaynarinfo DW-yə istinadən xəbər verir ki, cümə axşamı, dekabrın 7-də 4 saatlıq müzakirədən sonra yeni qanunvericilik normasını üçüncü oxunuşda 94 millət vəkili dəstəkləyib, 77 parlamentari isə əleyhinə çıxıb.

Qanun dini mətnlərlə "səhv rəftarı" qadağan edir, buna görə də müsəlman dünyasında dəfələrlə kütləvi etirazlara səbəb olan Quranın açıq şəkildə yandırılması bundan sonra cinayət məsuliyyəti sayılacaq.

Bundan əlavə, yeni norma dini məzmunlu mətnlərin təhqir edilməsi, tapdalanması, cırılması, kəsilməsi və deşilməsini qadağan edir. Qanun pozuntusuna yol vermiş şəxslər iki ilə qədər həbslə cəzalandırıla bilər.

Danimarka hakimiyyəti son aylarda müsəlman ölkələrində bəzi hallarda ikitərəfli münasibətlərin korlanmasına səbəb olan kütləvi etirazlara cavab verib. İndiyədək Danimarkada ifadə azadlığı prinsipinə o qədər əhatəli yanaşılıb ki, Quranın yandırılmasını və buna bənzər əməlləri qadağan etməyib.

Danimarkanın ədliyyə naziri Peter Hummelqoord Quranın yandırılmasını "danimarkalıların həm xaricdə, həm də daxildə təhlükəsizliyinə zərər verən istehza aktı" adlandırıb. Eyni zamanda, söhbət hakimiyyətin insanlara nəyisə düşünməyi və ya danışmağı qadağan etməsindən yox, daha sivil fikir bildirmə üsullarından gedir.

Yerli polisin məlumatına görə, iyulun 21-dən oktyabrın 24-dək Danimarkada 483 kitab və bayraq yandırma hadisəsi törədilib. Quranın yandırılması ilə bağlı oxşar aksiyalar İsveçdə də baş verib. Bu hərəkətlər ərəb dünyasında etirazlara səbəb olub. Danimarkada Quranın növbəti dəfə yandırılmasından sonra yüzlərlə nümayişçi Bağdad küçələrinə çıxaraq Danimarkanın İraqdakı səfirliyi qarşısında toplaşıb. Təhlükəsizlik qüvvələri su şırnaqlarından istifadə edərək kütləni dağıdıb. "Dansk Flygtningehjælp" humanitar yardım təşkilatı İraqda silahlı hücuma məruz qalıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->