İdman 14:30 21.01.2023

Danışılmış oyun qalmaqalı - futbolçuya 10 aylıq həbs cəzası verildi

İspan futbolçu Xavi Torres danışılmış oyunlarda iştirak etdiyi üçün 10 aylıq həbs cəzasına məruz qalıb.

Qaynarinfo-nun məlumatına görə, Xavi bununla yanaşı futboldan 22 ay müddətinə uzaqlaşdırılıb. İspaniyanın ikinci divizionunda "Luqo"nun kapitanı olan təcrübəli futbolçu üstəlik 400.000 avro (350.000 funt-sterlinq) məbləğində cərimələnib. O, "idman yarışının nəticələrini dəyişdirmək" cəhdində iştirak etməkdə təqsirli bilinib.

İspaniya Ali Məhkəməsi futbolçunun həbs cəzasını 1 ildən 10 aya, diskvalifikasiyanı isə 2 ildən 22 aya endirib.

O, 2013/2014 mövsümündə oyunların nəticəsinin manipulyasiyasında ittiham olunub. Araşdırmalardan sonra 36 yaşlı Torres pul vəsaitlərindən sui-istifadə əsası ilə daha 11 nəfərin ittiham olunduğu "Caso Osasuna" istintaqına cəlb edilib. Sözügedən mövsümün sonlarına yaxın "Osasuna", "Real Betis" və "Valyadolid" aşağı liqaya düşməmək uğrunda mübarizə aparırdı. 37-ci turda "Real Betis" "Vlayadolid"lə qarşılaşmalı idi. İspaniya mətbuatının yazdığına görə, məhz həmin vaxt klubun direktorları, həmçinin Torres və onun "Real Betis"dəki komanda yoldaşı Antonio Amaya "Valyadolid"in üzvlərinə məğlub olması üçün müəyyən məbləğ təklif edib. Həmin qarşılaşma "Real Betis"in 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

"Vilyareal"ın yetirməsi olan futbolçu 2006/2007 mövsümündə "Albasete"yə, daha sonra "Barselona"nın B komandasına transfer olunub.  2009-cu ildə "Malaqa"ya keçən Xavi 2010-cu ildə "Levante"yə icarəyə verilib və iki mövsüm bu komandanın formasını geyinib. Ardınca "Xetafe"yə və daha sonra "Real Betis"ə transfer olunaraq burada 3 mövsüm top qovub. Hazırkı klubu "Luqo"ya qoşulmazdan əvvəl yarımmüdafiəçi "Sportinq Xixon", "Pert Qlori", "Elçe" və "Al-Arabi"də də çıxış edib.

Səbuhi Həsənov