
Son günlərdə gündəmə gələn “24-lər” siyahısı, nəinki həftənin, hətta bu ilin ən böyük səs-küy doğuran futbol hadisəsi oldu. “Qara siyahı”da adına rast gəldiyimiz futbolçulardan biri vaxtilə milli komandamıza da cəlb olunmuş, hazırda isə “Rəvan”da çıxış edən Elvin Əliyevdir.
Qaynarinfo.Az xəbər verir ki, futbolinfo.az futbolçunun özü ilə yox, atası Fizuli Əliyevlə söhbətləşmək qərarına gəlib. Həmsöhbətin vaxtilə “Rəvan”da idman direktoru vəzifəsini tutmasını nəzərə alaraq, onun fikirləri olduqca maraqlı görünür.
Fizuli bəy ilk olaraq, 7 oyunçusunun adı hallanan komandanın rəhbər şəxslərinin bu məsələdən xəbərdar olub-olmamasına dair fikirlərini söyləyib: “Klub rəhbərliyinin bu cür söz-söhbətdən ümumiyyətlə, xəbəri ola bilməz. Belə çirkin oyunlardan pul qazanmaq onların maraq dairəsinə daxil olan iş deyil”.
Bəs, komanda rəhbərliyi necə? Əliyev bu suala fərqli prizmadan yanaşıb: “Açığı, “Rəvan”ın futbolçularının bu cür çirkli oyuna getməsinə inanmıram. Ancaq birdən-birə 7 oyunçu belə bir iş görübsə, mümkün deyil ki, bunu özbaşına etsinlər. Bütün hallarda, bunun həqiqət olmasına inanmıram”.
Həmsöhbət oğlu Elvinlə bağlı sualda isə bir sıra arqument səsləndirməyə çalışıb: “O, ölkə çempionluğu qazanıb, Kuboku başı üzərinə qaldırıb, milli komandaya cəlb olunan futbolçu olub. Futbolda yaxşı pullar dövriyyə etdiyi zamanlarda əksər oyunçular vəsaitlərini banka yatırıb, faiz qazanırdılar. Elvin namaz qılan adamdır. Heç həmin dövrlərdə pulunu banka da qoymadı ki, bu cür gəlir əldə etmək haramdır. O, I divizionda oynasa da, fikri özünü sübut edib, elita klublarına qayıtmaq olub. Ağlımın ucundan da keçirmirəm ki, oğlum bu cür işlərlə məşğul ola”.
Maraqlıdır, ata oğluyla bu mövzuda fikir mübadiləsi aparıbmı? Əliyev siyahı çıxdıqdan sonra Elvini görmədiyini deyib: “Görüşməmişik. Yəqin ki, adının bu cür çirkli oyunda hallanması belə, onu utandırıb və bu üzdən də tam aydınlaşmasını gözləyir ki, sonra ətraflı söhbət edək”.
Qaynarinfo.Az