Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Herve Renar istefa verib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasından açıqlama verilib. Açıqlamada 54 yaşlı Renardın müqaviləyə xitam verilməsi tələbini rəhbərliyə çatdırdığı və qəbul olunduğu bildirilib.
Səudiyyə Ərəbistanının Boliviyaya 1:2 hesabı ilə uduzduğu yoldaşlıq oyunundan sonra istefa qərarını açıqlayan Renard "Bu komanda ilə maksimum səviyyəyə çatdıq. Düzünü desəm, daha irəli gedə biləcəyimi düşünmürəm. Burada əla vaxt keçirdim, hər kəsə təşəkkür edirəm”, deyib.
Komanda Renardın rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentinanı hələ qrup mərhələsində 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Təcrübəli çalışdırıcının Fransanın qadınlardan ibarət millisini çalışdıracağı gözlənilir.
Zambiya və Fil Dişi Sahili millilərini çalışdırarkən iki dəfə Afrika Millətlər Kubokunu qazanmağın sevincini yaşayan Renard Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən 3 dəfə ilin məşqçisi adına layiq görülüb. Mərakeş, Qana və Anqola millilərinə də rəhbərlik edən mütəxəssis klub karyerasında "Soşo", "Lill” (Fransa) və "USM Alger”i (Əlcəzair) çalışdırıb.
Səbuhi Həsənov