Qətərdə keçiriləcək dünya çempionatında satışa çıxarılacaq spirtli və spirtsiz içkilərin qiymətləri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Məlumata əsasən Dünya Çempionatında əsas azarkeşlər parkında yarım litr pivə 50 Qətər rialına (14 dollar) başa gələcək. Dünya çempionatının əsas sponsoru olan "Budweiser", turnirdə pivə satışına eksklüziv hüquqlara malikdir və məhsullarını Dohanın Əl Bidda Parkındakı 40.000 nəfərlik "FIFA Fan Fest Dəstəkçiləri Parkı"nda satacaq.
Qətər qonşusu Səudiyyə Ərəbistanı kimi "quru” dövlət olmasa da, ictimai yerlərdə spirtli içkilərdən istifadə qanunsuzdur. Parkda satılacaq pivənin qiyməti Qətərin otel barlarındakı qiymətlərə yaxındır. Sözügedən yerlərdə də pivənin yarım litri təxminən 50 riala başa gəlir.
Tərəfdarlar parkının daxilində alkoqolsuz pivə 30 (8 dollar), sərinləşdirici içkilər isə 15 riala (4 dollar) satışa çıxarılacaq.
Bazar günü start götürəcək mundial spirtli içkilərə ciddi məhdudiyyətlər tətbiq edən müsəlman ölkəsinin ev sahibliyi etdiyi ilk turnirdir.
Səbuhi Həsənov