Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir.
"MTN-nin rəhbərliyinə 300 min verməlisən”
Qaynarinfo xəbər verir ki, növbəti prosesdə iş üzrə zərərçəkən Elşən Mədətov sərbəst ifadə verib. Deyib ki, 2007-ci ildə "Texnikabank” ASC-in Bakı filialına öz adına müqavilə bağlamaqla illik 12 faizlə 623 min avro məbləğində əmanət qoyub:
"İlk vaxtlarda faizləri verdilər. 2008-ci ilin iyun-iyul aylarında faizləri bankdan ala bilmədim. 2008-ci ilin avqustunda Fransaya istirahətə getdim. Qayıdandan sonra filialın müdiri Zal Yusifovun həbs olunduğunu bildim. Oktyabrın əvvəlində isə MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov zəng edərək məni MTN-ə çağırdı. Növbəti gün ora getdim. Məni içəri çox çətinliklə keçirdilər. Mülki geyimdə olan şəxs qarşılayıb liftlə 4 və yaxud 5-ci mərtəbəyə qaldırdı, boş otağa apardılar. Orada təxminən 5 saat tək oturdum. Burada sakit, məsum uşaq kimi oturan şöbə rəisi Vüsal Ələkbərov 5 saatdan sonra otağa gəldi. İlk sözü bu oldu ki, bəs sən banka əmanət kimi pul qoymusan, mütəşəkkil cinayətkar dəstəyə qoşulub bankın filial müdiri Zal Yusifovla bankı talamısınız. Ona görə də MTN-nin rəhbərliyinə 300 min ABŞ dolları məbləğində pul verməlisən, yoxsa səni də Zal Yusifovla eyni ittihamla tutacağıq.
Vüsala dedim ki, banka qanuni yolla pul qoymuşam. O da hədə tonunda dedi ki, "nə olsun ki, qanuni qaydada banka pul qoymusan? Banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, bu rəhbərliyin tapşırığıdır".
Tələbinin qanunsuz olduğunu dedim. Vüsal da dedi ki, "deyəsən hara gəldiyini bilmirsən, qızın universitetdə oxuyur, özün də küçədə-bayırda gəzirsən. Qorxmusan, başınıza iş gələr?".
Dövlət ittihamçısı söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün zərərçəkənə sual verib. Zərərçəkən bildirib ki, onu öldürəcəkləri ilə hədələyib:
"Vüsal Ələkbərov dedi ki, sənə "ölüm iynəsi” vuracağıq. Deyirdi ki, iki ay saxlayıb, üzr istəyib buraxacağıq. 7-8 ayın içində havalanıb öləcəksən. Mən də onun bu hədələrindən qorxduğum, qızımın universitetdən qovacaqlarını düşündüyüm üçün məcbur olub Vüsalı dilə tutmağa çalışırdım. Dedim ki, mən Dairə Seçki Komissiyasının sədriyəm. Həmin vaxt prezident seçkiləri idi. Bunu deyəndən sonra Vüsal vəsiqəni tələb elədi. Mən də verdim, vəsiqəyə baxdı. Vəsiqəni götürüb harasa getdi. Az sonra qayıdıb gəldi, vəsiqəni verib dedi ki, get prezident seçkilərini keçirt, sonra görüşərik. Seçkilər keçdi, İlham Əliyev prezident seçildi. Seçki başa çatandan bir neçə gün sonra Vüsal məni yenidən MTN-ə çağırdı, yenə də 300 min manat istədi. Ondan 100 min dollara razılaşmasını xahiş etdim. Bu mövzuda söhbət zamanı Vüsal otaqdan çıxıb rəisi Mövlam Şıxəliyevin yanına getdi. Məsləhətləşib qayıtdı. 100 min dollara razılaşdıqlarını dedi, ifadəmi almadan məni buraxdı.
MTN-dən çıxandan sonra pul toplamağa başladım. Özümdə 45 min dolları var idi. Qardaşım Kamaldan 50 min dollar, qayınatam Kələş Qafarovdan 5 min dollar borc aldım. 15-20 gündən sonra - 2008-ci ilin oktyabr ayının sonlarında, günün ikinci yarısında Vüsal Ələkbərova zəng elədim. Dedim ki, pul hazırdır. Vüsal məni MTN-ə çağırdı. 100 min dolları məbləğində pulu sarı-ağ rəngli kağızdan olan, qulplu kiçik zənbilə qoydum, üstünü də örtdüm. Sürücüm Zahid Əliyev və qaynım Samit Qafarovla birlikdə MTN-nə getdik. Birinci dəfə MTN-nin qapısından keçdiyi yerdən qeydiyyatdan keçdik. Bu dəfə məni çox rahat şəkildə Vüsal Ələkbərovun otağına apardılar. Zənbildə olan 100 min dolları Vüsala verdim. 10-15 dəqiqə sonra MTN-dən çıxıb evə qayıtdım. 2008-cu ilin noyabr ayının əvvəllərində Vüsal Ələkbərov yenidən mənə zəng elədi, MTN-nə çağırdı.
"Kabinetində 100 min dollar alıb dedi ki...”
MTN-in əsas girişinin qarşısında Vüsal "Toyota” markalı, ağ rəngli "cip”lə çıxıb dayanmışdı. Maşından düşüb Vüsalın maşınına əyləşdim. Dedi ki, "rəhbərlik sənin pulunu qaytarmağımı tapşırıb. Çünki əleyhinə ifadə var. Zal və onun oğlu sənin barəndə ifadə veriblər ki, onlarla əlbir olub bankın pulunu talamısınız, buna görə də ümumilikdə 300 min dolları verməlisən”. 15-20 gün vaxtımın olduğunu dedi. Hədə-qorxu gəlirdi ki, pulu çatdırmasan başına oyun açacağıq. "Bu söhbətləri başqa yerdə danışma, yoxsa uşaqlarını da ilişdirərik” deyirdi. Hədə-qorxulardan və həbs olunmaqdan çəkinirdim. Ona görə də evdə olan bütün qızılları Mərkəzi Univermaqda və Moskva Univermağında satdım. Dostum Qacar Əzizovdan 45 min dollar, qaynatası Kələş Qafarovdan 15 min dollar borc aldım. Əlavə 100 min dolları topladım. 2009-cu ilin noyabr ayının sonlarında Vüsal Ələkbərova zəng elədim, dedim ki, pulu yığmışam. Yenə MTN-ə çağırdı. Əvvəlki kimi sürücüsüm Zahid və qaynım Samitlə birlikdə MTN-nə getdik. Saat 16 radələrində Vüsalın otağına qalxdım. Bu dəfə də pulla idim deyə məni tez-tələsik Vüsalın yanına apardılar. Kabinetində 100 min dolları da aldı, dedi ki, rəhbərliyə məruzə edib, mənə cavab deyəcək. 1-2 gün sonra Vüsal zəng edib dedi ki, "məruzə etdim, pulu tam çatdır, rəhbərlik razılaşmır”. Yenə 10 gün vaxt verdi. Əlacsız durumda idim. Bilmirdim nə edim".
"Ayağını stolun siyirtməsinin yuxarısına qoyub...”
Dövlət ittihamçısının "niyə şikayət etmədiniz” sualına zərərçəkənin cavabı belə olub:
"O zaman bunların qılıncının dalı da, qabağı da kəsirdi. Kimə şikayət edəcəkdim? Şikayət etsəydim, başıma oyun açardılar. Vüsal Ələkbərov otağında "şəpit”də gəzirdi. Ayağını stolun siyirtməsinin yuxarısına qoyub, özünü olduqca arxayın aparırdı. O dövrdə bunlardan kimə şikayət etmək olardı? Ona görə də məcbur olub dostum Qacarın vasitəsi ilə onun tanışından 20 min dollar, yeznəsi Nəsrəddin Sultanovdan 30 min dolları borc aldım. 2008-ci ilin dekabr ayının əvvəllərində Vüsala zəng elədim. Dedim ki, cəmi 50 min dollar pul yığa bilmişəm. Daha heç yerdən pul tapa bilmirəm. İstəyirsən məni tut, 200 min dollar pulumu da qaytar, istəyirsən düzəltdiyim 50 min dolları qəbul elə. Təxminən bir saatdan sonra zəng edib muştuluq istədi. Dedi ki, bəs səni təbrik eləyirəm, rəhbərlik razılaşdı. Növbəti gün 19 radələrində Vüsalın tapşırığı ilə onun yaşadığı Yasamal bazarından bir qədər irəlidə olan binanın qarşısına getdim. Ora da sürücüm Zahid və qaynım Samitlə birlikdə getmişdim. 50 min dolları rəngli sellofan torbaya qoymuşdum. Vüsala zəng elədim, gəlib pulu alıb getdi. Bundan sonra borcları qaytarmaq üçün Şirvan şəhərində yerləşən "Qulu” restoranımı, Sabirabadın Həşimxanlı kəndində yerləşən dəyirmanımı satdım".
"MTN-ni "Milli Talama Nazirliyi”nə çevirmişdilər”
Zərərçəkən bildirib ki, onun banka əmanət kimi qoyduğu vəsait də bu günə qədər ona qaytarılmayıb:
"Mən ilkin mərhələdə bütün məhkəmələrdə haqlı olduğumu sübut etmişdim. Yəni, banka əmanəti qanuni şəkildə qoymayğım, faizlərin də qanuni şəkildə ödənilməsinə qərar verilmişdi. Lakin MTN-in müdaxiləsindən sonra hakimlər açıq şəkildə bildirirdilər ki, ailəmizi təhlükə altına qoyub xeyrinizə qərar verə bilmərik. Mülki işi zorla cinayət işinə əlavə edib, banka qoyduğumuz əmanəti də mənimsədilər”.
Bundan sonra şahid qismində Elşən Mədətovun qardaşı Kamal Mədətov ifadə verib. O, qardaşından MTN əməkdaşlarının hədə-qorxu gəlməklə 250 min dollar aldıqlarını təsdiq edib.
Şahid Nəsrəddin Sultanov da eyni epizod üzrə ifadə verib. Deyib ki, MTN-də Elşən Mədətovu hədələyərək 250 min dollar alınıb:
"Bu adamlar Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Elşənin heç bir günahı yox idi. Banka əmanət qoymuşdu. Onu çağırıb hədələyirdilər ki, guya əmanəti banka qanunsuz qoyub. Onu həbs etməmək üçün pul tələb edirdilər. Mən də deyirdim ki, vermə, sənin heç bir cinayətin yoxdur. Lakin, onu elə hədələmişdilər ki, çıxılmaz vəziyyətə düşmüşdü. Pulu verməyəcəyi təqdirdə, həbs ediləcəyini, uşaqlarının başına iş gələcəyindən qorxurdu. Ona görə də aparıb pulu verdi”.
"Özünə ülgüclə xəsarət yetirib”
Şahid deyib ki, həmin günlərdə şəxsi tanışları vasitəsi ilə Vüsal Ələkbərovla görüşüb: "Vüsala dedim ki, siz cinayət edirsiz. Elşənin banka qoyduğu 623 min avronu da ələ keçimisiz, üstəlik 300 min tələb edib, 100 min dolları da almısan. Buna görə Elşən qalacaq kənarda, mən səni güllələyəcəyəm. Vüsal bu sözlərimi eşidib qaçıb getdi. Sonra bildim ki, Elşəndən ümumilkdə 250 min dollar pul alıb”.
Bundan sonra fasilə elan olunub. Fasilədən sonra şahid qismində Elmar Qurbanzadə ifadə verib.
Şahid iş üzrə zərərçəkən, MTN tərəfindən qanunsuz həbsindən sonra özünü öldürmüş Cahangir Məmmədovun evini alıb:
"2014-cü ilin avqust və ya sentyabr ayında dostum Ağazaman Mirzəyev zəng elədi. Dedi ki, Günəşlidə ev satılır, həmin evi şərikli alaq. Belə də elədik. Müddət tamam olduqda Ağazaman Cahangirə zəng elədi, evdən çıxmasını xahiş etdi. Cahangir isə həyat yoldaşının evdən çıxmaq istəmədiyini dedi. 2015-ci ilin iyul ayında mən Cahangirin qardaşı Arifdən eşitdim ki, o, evində özünə ülgüclə və bıçaqla xəsarət yetirib. Sonra xəstəxananın 5-ci mərtəbəsindən özünü atıb öldürüb. 2015-ci ilin yanvar və yaxud fevral ayında Cahangirin qardaşları Məzahir, Aydın və Ariflə birlikdə kafedə oturub çay içərək söhbət etdik. Arif Cahangirin bir müddət əvvəl İrana fişəng apardığı üçün Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu, Cahangirin həbsdən azad edilməsi üçün MTN-nin əməkdaşına pul verildiyini dedi. Lakin konkret olaraq MTN-in hansı əməkdaşına, hansı məbləğdə pul verildiyini və bu pulu kimin verdiyini bilmir”.
Şahidə tərəflər bir neçə sual verdikdən sonra proses martın 1-nə qədər təxirə salınıb.
Seyid