"Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi dənizçilərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.
Bu barədə Qaynarinfo-ya İctimai Birliyin sədri Faiq Balabəyli məlumat verib. Müraciətdə nazir Sahil Babayevdən dənizçilərin pensiya yaşına yenidən baxılması istənilir:
"Azərbaycan Respublikasının Xəzər hövzəsində və bütün dünyada çalışan azərbaycanlı dənizçilərin DSD İB-nə müraciət olunub. Müraciətdə çox saylı dənizçilər pensiya yaşının yüksək olmasından bəhs edir və haqlı olaraq bu yaş həddinə naziri olduğunuz dövlət qurumu tərəfindən yenidən baxılmasını istəyirlər. Buna səbəb Azərbaycanda təqaüd yaşlarının zaman keçdikcə artırılmasıdır. Heç kəsə sirr deyil ki, bütün dövrlərdə və bütün ölkələrdə ağır və zərərli işlərdə işləyənlərin pensiyaya çıxma yaşları digər sahələrdə çalışan vətəndaşlarla müqayisədə erkən yaş həddində olub. İnsanların ağır və zərərli işlərdə çalışmaları həmin kateqoriyada olanların pensiyaya tez çıxmalarının bir növ imtiyazları idi.
Heç də sirr deyil ki, yaxın tariximiz olan Sovetlər İttifaqı zamanı əhaliyə pensiya ilə bağlı münasibət o dövrün müvafiq nazirliyi tərəfindən, sizin və sizdən qabaqkı nazirin bugünkü münasibəti ilə müqayisə edilsə, bu fərqi aydın görmək olar. O zaman insanlar müvafiq olaraq 52 (qadınlar, çox uşaqlı analar) və 55 (kişilər) yaşında təqaüdə çıxardılar.
İndi bu yaş həddin artırılıb. Son zamanlar bununla bağlı hər hansı bir yeniliyə imza atmanız isə problemi həll edə bilmir. İnsanlar faktiki olaraq, ölənə qədər işləyir. Yəni əmək yaşlarını başa vurmaqla bərabər, həyatlarını itirmələri sanki eyni anda, çox qısa zaman kəsiyində bir-birini əvəzləyir. 65 yaşında təqüdə çıxmağa başqa ad da vermək olmur. Ölkədə yaşanan ömrün orta yaş həddini nəzərə almaq yaxşı olardı. Xüsusi ilə də dənizçilərin.
Sovetlər zamanı gəminin maşın şöbəsində işləyənlər 55, göyərtə komandasında çalışanlar isə 57 yaşında təqaüdə çıxardılar. Düzdür, müstəqilliyimizin ilk illərində bu yaş həddi qorunub saxlansa da, sizdən qabakı nazir Səlim Müslümov tərəfindən təklif olunan yeni qaydalara görə aradan qaldırıldı və bu gün də sizin rəhbəri olduğunuz nazirlik geriyə baxış etmək istəmir. İrəliyə baxış isə bu məsələdə özünü doğrultmur. İnsanlarımız əvvəlki illərlə müqayisədə daha erkən yaşda həyatları ilə vidalaşır. Baxmayaraq ki, indi də imtiyazlı işçilərin, yəni ağır və zərərli işlərdə çalışanların yaş həddi digərləri ilə müqayisədə aşağadır. Bu, 60 və 63 yaşla tənzimlənir ki, əslində bu hal da Azərbaycan insanına, onun sağlam halda pensiyaya çıxmasına, uzun, eyni zamanda ağır və zərərli işdə işlədiyinə görə guya ki yaradılan şərait deyil.
Ömrünün və əmək fəaliyyətinin 40-45 ilini dənizdə, nəm və çətin hava şəritində işləyən, ilin 11 ayını gəmidə, dəmir tikili daxilində, müxtəlif hava şəraitində keçirən dənizçilərin orta yaşam həddi 50-55 yaş arasında dəyişir. Səlim Müslümov tərəfindən irəli sürülən və əhalinin xeyrinə olmayan bu yaş həddi, dənizçilərimizin haqlı olaraq gəldiyi qənaətdə deyildiyi kimi, onların əmək cəbhəsindən, məzara yola salınmasına gətirib çıxarır. Əslində isə insanımız heç olmasa təqaüd yaşında dincəlməli, istirahət etməlidir. Lakin indi qüvvədə olan yaş həddi buna imkan vermir. Dənizdən və digər ağır işlərdə işləyərək (neftqazma qurğuları, şaxtalarda, metro tikintisində və sair) pensiyaya çıxanların aldıqları 300-350 azn təqaüd pensionerlərimiz tərəfindən apteklərə daşınır və bu məbləğ də bəzən çatmır.
DSD İB olaraq, Sizdən dənizçilərimizin xahişini nəzərə almağı, bütün bunlara yenidən baxılmağını xahiş edirik. Dənizçilərin, eləcə də digər ağır və zərərli iş şəraitində işləyənlərin təqaüd yaşlarının nizamlanması, heç olmasa 57 yaşa qədər endirilməsi haqda Azərbaycan Hökuməti və Milli Məclisi qarşısında məsələ qaldırmanızı, yeni təkliflər hazırlamağınızı istəyirik".