Xəbər lenti

Deputat və ekspert gələn il üçün nikbin proqnoz vermədi - Açıqlamalar
Ekonomiks10:02 23.12.2016

Deputat və ekspert gələn il üçün nikbin proqnoz vermədi - Açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2017-ci il Azərbaycan iqtisadiyyatını nə gözləyir?

İqtisadçı ekspert Qubad İbadoğlu Qaynarinfo.Az-ın sualını cavablandırarkən bildirdi ki,gələn ilin birinci yarısı çox ağır olacaq. Ekspert bildirdi ki, büdcədən ayrılan əməkhaqqıları və pensiyaların verilməsində çətinlik yaranacaq:

"Həm dövrlər üzrə, həm də sektorlar üzrə fərqləndirmək lazımdır. Əvvəlcədən deyim ki, gələn ilin birinci yarısı çox ağır olacaq. Xüsusilə də, ilin birinci yarısında büdcə böhranı müşahidə olunacaq. İlin sonu büdcə boşalır, növbəti ildən artıq büdcəyə yeni vəsaitlər daxil olmalıdır. Ona görə, ən böyük narahatçılıq  ilin birinci yarısında büdcənin mədaxil hissəsinin formalaşdırılmasında müşahidə olunacaq. Və bu da ola bilər ki, əməkhaqqılarının gecikdirilməsinə gətirib çıxarılsın. Digər bir mənfi təsir pensiyalara ola bilər. Təbii ki, Dövlət Sosial Müdafiə Fonduna ödəmələrin də təmin edilməsinə çətinliklər yaşana bilər. Yalnız əməkhaqqılar deyil, həmçinin pensiyaların da gecikdirilməsi birinci yarım ilə xarakterik ola bilər". 

Qubad İbadoğlu növbəti ildən Tarif Şurasının yeni qərarlar verəcəyini ehtimal edir: 

"Tarif Şurasının qərarı ilə inzibati tənzimlənən qiymətlərin səviyyəsində artıma doğru dəyişikliklər mümkündür. Və bu əhatə etdiyi sektorlarda eyni zamanda qarşılıqlı əlaqədə olan bazarlarda qiymətin bahalaşmasına gətirib çıxaracaq. Belə olan təqdirdə isltehlak indeksinin və inflyasiyanın arımını gücləndirəcək". 

Ekspertin sözlərinə görə, ilin ən böyük sosial problemi işsizlik olacaq: 

"İlin birinci yarısı həm də alıcıq qabiliyyətinin aşağı düşməsi səbəbindən sahibkarlıq imkanlarının məhdudlaşdırılmasına gətirib çıxaracaq. Və bu sahibkarlar yeni qiymət artımının təsirlərini sığortalamaq üçün, eyni zamanda alıcıq qabiliyyətinin aşağı düşməsinin neqativ təsirlərini neytrallaşdırmaq üçün həm iş yerlərinin bağlanması, həm də əməkhaqqılarının aşağı salınması istiqamətində qərarlar qəbul edəcək. Sektorlar üzrə gəlincə, tikinti sektorunda dərin tənəzzül davam edəcək. Kənd təsərrüfatı sektorunda kənd təsərrüfatı vəemal sənayesi məhsullarının istehsalında qiymət faktoru bəzi pozitiv meyllərin yaranmasına gətirib çıxara bilər. Bu xüsusilə də, meyvə,  tərəvəz, ət və ət məhsullarının qiymətinin bahalaşması son nəticədə fermerlərin gəlirlərinin artımını şərtləndirə bilər ki, bu da ümumilikdə kənd təsərrüfatının məhsul istehsalında pozitiv nəticələrin əldə etməsinə şərait yarada bilər. Sənayedə, nəqliyyatda  böhran davam edə bilər. Hər şey yenə də reformadan asılıdır". 

"Əgər növbəti il geniş və əhatəli islahatlarla başlanılsa, bu ölkə iqtisadiyyatına müsbət impuls verəcək və buna vaxtında başlasaq, buna nail ola biləcəyik" - ekspert bildirdi:

"Əgər islahatlar bu ildəki kimi gecikdirilsə, yalnız kağız üzərində qalsa onda təəssüflər olsun dediklərimi biz həm də ilin ikinci yarısında müşahidə etmək məcburiyyətində qalacağıq. Gələn il bankların bəziləri ola bilər ki, birləşsin, bəziləri isə bağlansın. Bütün bunlarla yanaşı manatın da məzənnəsi bank sektorundakı problemlərə görə, ümumi iqtisadi duruma görə manat daha da ucuzlaşacaq. Və bu prosesi müəyyən bir səviyyədə tarazlaşdırmaq üçün ola bilər ki, tam üzən məzənnəyə keçid təmin olunsun.  Bu halda manatın indiki məzənnəsi ilə növbəti ilin orta məzənnəsi arasında kifayət qədər ciddi fərq olacaq". 

Deputat Əli Məsimli Qaynarinfo.Az-ın suallarını cavablandırarkən bildirdi ki, vəziyyətin dəyişməsi üçün islahatlar lazımdır və əgər bu olmasa böhran dərinləşəcək:

"2017-ci il Azərbaycan iqtisadiyyatı üçün mürəkkəb il olacaq. Rəsmi proqnozlara görə, inflyasiya 7 faiz gözlənilir.  Ancaq işığın və qazın qiymətinin qaldırılması bu göstəricinin dəyişəciyini ehtimal edirik. 2016-cı ildə olduğu kimi bütün sahələrdə də mürəkkəblik davam edəcək. Vəziyyətin dəyişməsi üçün islahatlar lazımdır. Bankların sağlamlaşdırılması istiqamətində islahatlar aparılsa, müəyyən nəticələr əldə oluna bilər. Problemli kreditlərlə bağlı çətinlik hələ də davam edir. Həmkarım Vahid Əhmədovla və digər ekspertlərlə birgə bu istiqamətdə öz təkliflərimizi vermişik. Çox təəssüflər olsun ki, hələ indiyənə qədər təkliflərə baxan yoxdur. Əgər həmin təkliflər həyata keçirilsə, onda həm bank üçün xeyirli olar, həm əhali, həm də dövlət üçün xeyir gətirəcək. Ümumilikdə bank sisteminin sağlamlaşdırılması maliyyə sabitliyi üçün ilkin addımlar kimi qiymətləndirmək olar. Çünki maliyyə sabitliyi dedikdə, bir çox amillər nəzərdə tutula bilər. Ancaq maliyyə sabitliyinin özəyini problemli kreditlərinin həlli təşkil edir. Dollarla olan problemli kreditlərin həlli istiqamətində addımlar atılsa, maliyyə sabitliyini az da olsa təmin edər. Həm banklara olan inam artar, manatın tam olmasa da, sabitliyi üçün ilkin şərtlər yaranar. Ümumilikdə isə 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün son böhran ili olmasına gətirib çıxarar. Əgər islahatlar olmasa, böhran daha da artacaq".

Pərvin Zeynal

Qaynarinfo.Az