Xəbər lenti

Deputatın təklifi keçsə, əmlik quzu əti sevənlər, qoyuna möhtac olacaq…
Ekonomiks 16:30 14.03.2025

Deputatın təklifi keçsə, əmlik quzu əti sevənlər, qoyuna möhtac olacaq…

Azərbaycanda heyvanların kəsilməsi üçün yaş həddi müəyyən edilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün keçirilən plenar iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib. Deputat deyib ki, 7-8 kiloluq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir:

"Təhlillər göstərir ki, orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta çox vaxt 10-12 kq azdır. Qardaş Türkiyədə və digər ölkələrdə olduğu kimi bizdə də heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması və həddi pozanlar üçün cərimələrin tətbiq olunması yaxşı olar”.

Eks deputat Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında həmkarının təklifini alqışlayıb:

"Çox yaxşı təklifdir. Hətta mən təklif edərdim ki, kəsilən quzuların bir yaşı olmalıdır. İki yaşı olsa daha yaxşı olar. Quzuların sayı çox olsa, məşğulluq da artacaq. Biri var ki, heyvanların sayı çoxalır, biri də onları saxlayan insanların sayının çoxalması. Quzuların yaşı 1-2 il arasında olsa, daha yaxşı olar”. 
 


Əli Əlirzayev xatırladıb ki, dini qaydalara görə, körpə quzuları kəsmək günah sayılır:

"Həmin heyvanların gələcəyi var. Onlar zamanla bala verəcək və artacaq. Onların 7-8 kiloqramını kimlərinsə kefinin xətrinə, yaxud da kabab yeyəcək deyə kəsmək düzgün deyil. Erkəkdirsə, çəkisini 3 dəfə artırmaq olar, dişidirsə, bala verəcək və nəsil artacaq. Ət istehsalını artırmaq üçün birinci növbədə ən intensiv yol budur. Hər bir heyvanın verdiyi ətin miqdarı bazara çıxarılan ətin miqdarına təsir edir. Bəzən deyirlər, "filankəsə quzu qurban kəsirəm”, yaxud da kef xətrinə "kiməsə quzu pay verirəm” və s. Ət ətdir, nə fərqi var, 7-8 deyil, 15 kiloqram, bir də ət keyfiyətli olsun. Hesab edirəm ki, sahəni inkişaf etdirmək, məhsuldarlığı artırmaq üçün heyvanların sayını artırmaq lazımdır”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->