Xəbər lenti

Deputatlar silah istəyirlərmi? - MÜNASİBӘT
Ölkə12:19 14.02.2015

Deputatlar silah istəyirlərmi? - MÜNASİBӘT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millət vəkillərinin, xidməti silah gəzdirmələri ilə bağlı məsələ yenidən gündəmə gəlib.  Azərbaycanda deputatların, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda, xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var. 
Qeyd edək ki, deputatlar silah gəzdirmək üçün, əvvəlcə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər.
Bəs görəsən, Milli Məclisin deputatlarından kimsə xidməti silah almaq üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət edibmi? Məsələ ilə bağlı aktual.az DİN İctimaiyətlə əlaqələr şöbəsinin əməkdaşı Orxan Mansurzadədən münasibət öyrənib. 
Onun sözlərinə görə, bu, çox ciddi məsələ olduğundan araşdırılması tələb olunur: “Bu, elə-belə məsələ deyil. Həqiqətən, belə bir müraciətin olub-olmamasını araşdırmaq lazımdır. Yazılı şəkildə DİN-ə sorğu göndərin. Sizə cavab veriləcək”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Vahid Əhmədov aktual.az-a açıqlamasında xidməti silahla bağlı DİN-ə müraciət etmədiyini deyib: “Mən 15 ildir ki, deputatam. Heç vaxt silahdan istifadə etməmişəm. Bundan sonra da istifadə etməyəcəyəm. Özünə arxayın olan millət vəkili xalqın, camaatın içərisində silah gəzdirməməlidir. Buna ehtiyac yoxdur”.
Millət vəkili Zahid Orucun sözlərinə görə, bir dövr parlament üzvlərinin əksəriyyəti DİN-ə müraciət edərək həmin silahı əldə ediblər: “Az qala bu, mühüm bir göstəriciyə çevrilmişdi. Sonrakı dövrdə cəmiyyətdəki sülh, sabitlik, ictimai asayişin qorunması ilə əlaqədar olaraq  bütün millət vəkilləri silah almayıblar. Mən parlament üzvünü silahlı görmək istəmirəm. Heç zaman silahın alınmasında maraqlı olmamışam. Heç vaxt silahım olmayıb. Bu, Azərbaycan və Şərq mentallığında müsbət qəbul olunmayan bir haldır. Xalq təmsilçisi və seçilmiş şəxs gərək vətəndaşın gücü ilə və Allahına söykənərək qorunsun. Hansısa təhlükəni əsas götürüb silahla davranmaq müəyyən problemlərə yol açır və deputatların obrazlarını dəyişir. Həmçinin silah insanlarla deputatlar arasında məsafə yaradır. Mənim silahım olmayıb və müraciət də etməmişəm”.
Millət vəkili Fazil Mustafa deyib ki, qanuna görə xidməti silah gəzdirmək deputatların hüququdur: “Əslində, silah verilir. Amma ona ehtiyac görmürəm”.
Xatırladaq ki, Milli Məclis üzvlərinə silahın verilməsi, ilk olaraq, 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur: “Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.
Qaynar.info