Xəbər lenti

Devalvasiya qızıl bazarını çökdürüb: alıcılar gözə dəymir - FOTOLAR
Ekonomiks17:57 11.03.2016

Devalvasiya qızıl bazarını çökdürüb: alıcılar gözə dəymir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda zinət məqsədli qızıl bahalaşıb. Qızıl bazarındakı qiymətləri araşdırmaq üçün musavat.com-un müxbiri “Laçın” ticarət mərkəzindəki qızıl şöbəsinə baş çəkib. 
Hər zaman alıcı çoxluğundan sıxlıq yaşanan sıralarda indi boşluq hiss olunur. Elə satıcılar da alıcılığın azaldığından şikayət edirlər. Səbəb isə qiymətlərin ötən ilki ilə müqayisədə iki dəfədən çox bahalaşmasıdır. 
Qızılların ən bahalısı ərəb qızılıdır və ona tələbat olduqca azdır. 785 əyarlı ərəb qızılının bir qramı 70-90 manat arasında dəyişir. Bahalığına görə ikinci yerdə italyan qızılıdır. 750 əyarlı italyan qızılının qramı 60-70 manata təklif olunur. Devalvasiyadan öncə italyan qızılı hər qrama görə 30-33 manat idi. Rus qızılının qramı nisbətən ucuz - 60-65 manata satılır. Ən ucuz qızıl olan Türkiyə qızılının qramı isə 40-45 manatadır. 
Satıcılar deyir ki, qızılın alış qiyməti bahalaşdığı üçün onlar da satışı bahalaşdırmaq məcburiyyətində qalıblar. Qiymətlərin baha olması alıcılığa mənfi təsir edib. Əvvəl gündəlik satış həyata keçirirdilərsə, indi həftədə bir qızıl zinət əşyası sata bilirlər. 
Bunun əksinə olaraq, qızıl satanların sayı artıb. Satıcıların sözlərinə görə, insanlar imkansızlıq səbəbindən evlərindəki qızıl zinət əşyalarını satırlar. Buna səbəb həm də qızılın satış qiymətini də bahalaşmasıdır. Toy mövsümü başlasa da, evlilik ərəfəsində olan əksər ailələr qızılı ixtisar edib. Yalnız sadə nişan üzüklərinə, alyanslara üstünlük verilir. 
Əgər əvvəl daha çox italyan qızılına üstünlük verilirdisə, indi daha çox ucuz Rusiya və türk qızılına üstünlük verilir. Ərəb qızılı yalnız iki yerdə satılır. Bu qızıl baha başa gəldiyi və tələbat az olduğu üçün satıcılar qızıl gətirməyə üstünlük vermirlər. Ərəb qızılını əsasən imkanlı ailələr alır. Çünki, eyni ölçüdə, məsələn 5 qramlıq ərəb qızılı təxminən 400-450 manat, italyan qızılı 350 manat, türk qızılı 250, rus qızılı isə 200 manata başa gəlir. Hazırda daha çox türk qızılına böyük tələbat var. Artıq müştərilər üçün qızılın əyarı əhəmiyyət daşımır. Sadəcə el adətlərini yerinə yetirmək üçün simvolik olaraq qızıl zinət əşyaları alırlar. 
Satıcılar deyir ki, bahalaşmanın əsas səbəblərindən biri də qızıla qoyulan gömrük rüsumun artırılmasıdır. Əvvəllər qızılın hər kiloqramına görə 15 faiz gömrük rüsumu ödənilirdi. Məsələn, 1 kiloqram italyan qızılı 60 min manata başa gəlirsə,  9 min manat gömrük rüsumu ödənilirdi. Təbii ki, bu da son nəticədə qiymətlərin artmasına gətirib çıxarır. 
Bəzi satıcılar alıcıların maddi durumunu nəzərə alaraq kredit də təklif edir. Kreditə verilən zinət əşyaları “Albalı” kartla verilir. 
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, əsas səbəb manatın devalvasiyası  olsa da, dünya bazarında qızılın bahalaşması da qiymətlərə təsir edir: “Dünya bazarında qızılın qiyməti bahalaşır. Azərbaycana da qızıl xaricdən gətirilir. Yerli istehsal olmadığına görə Azərbaycanda qızıl əsasən İtaliya, Türkiyə, Rusiya, Hindistan və ərəb ölkələrindən gətirilir. Bu baxımdan da dünya bazarındakı bahalaşma Azərbaycan bazarlarına təsir edir. Düzdür, Azərbaycanda qızıl bazarının dünya birjalarına reaksiyası nisbətən gecikmə ilə baş verir. Bunun da səbəbi odur ki, son dövrlər ölkədə qızıla tələbat aşağı düşüb və dövriyyə azalıb. Dünya bazarında qiymət dəyişsə də, sahibkar əlində olan məhsulu satdıqdan sonra qızıl alır və  iki ay sonra yeni qiymətlər Azərbaycan bazarına gəlir. Lakin bu adətən qiymətlərin ucuzlaşmasına yönəlmiş tendensiyalarda belə olur. Qiymətlərin bahalaşmasına isə daha tez reaksiya verilir və dərhal qiymət qaldırılır”. 
Rəşad Həsənov onu da vurğuladı ki, devalvasiyadan sonra qızıl məmulatlarının qiymətlərində kəskin artım baş verib: “Lakin buna baxmayaraq, daxili tələbatın özündə ciddi geriləmə var. Adətən toy mövsümü başlayanda qızıla tələbat da artırdı. Lakin hazırda toyların sayında da ciddi azalma var. İkinci bir tərəfdən Azərbaycanda qızılın alışı və satışı arasında kəskin fərq olduğundan qızıl yığım vasitəsi kimi istifadə olunmur. Bu da qızıl bazarında çevikliyi azaldan əsas məqamlardan biri hesab olunur. Əgər qızılın hər qramının alış və satışında 10 dollar fərq olursa, təbii ki, investor buna getmir. Halbuki, böhran yaşanan ölkələrdə investorlar əsasən qızıla yatırım edirlər. Çünki, böhran dövründə qızıla tələbat artır və qiymət çoxalır. Devalvasiyadan qaynaqlanan bahalaşma səbəbindən alıcılıq azaldığı üçün qiymətlərin daha da artmasının qarşısını alır”. (musavat.com)
Qaynar.info