
Su Yer üzündəki canlılar üçün həyati əhəmiyyət daşıyır. Oksigen və hidrogen atomlarının ikisinin bir nisbətində birləşməsindən əmələ gələn bu sadə birləşmə, ən azı həyatın mövcud olduğu müddət qədərdir ki, planetimizdə mövcuddur.
Qaynarinfo xəbər verir ki, bu barədə “Discover Wildlife” nəşri yazır.
Çoxsaylı digər molekulları həll etmək qabiliyyətinə malik olan su bioloji sistemlərin fəaliyyəti üçün zəruri mürəkkəb kimyəvi proseslərin baş verdiyi ideal mühitdir. Təkamül tarixinin böyük hissəsi suda keçib və su bu gün də heyvanların bədəninin əsas komponentlərindən biridir. Məsələn, meduzaların bədəninin 95 faizi, insanların isə təxminən 60 faizi sudan ibarətdir.
Qeyd olunur ki, heç bir heyvan susuz yaşaya bilməz. Bu baxımdan, ehtimal ki, ən dözümlü canlılar tardiqradlar, başqa sözlə, su ayılarıdır. Bu kiçik onurğasızlar anabioz vəziyyətinə keçərək bədənlərindəki suyun 99 faizini itirməyə davam gətirə bilirlər. Bu vəziyyətdə onlar həddindən artıq temperatur, təzyiq və radiasiyanın təsirinə də tab gətirə bilirlər. Təcrübələr göstərib ki, tardiqradlar susuzlaşdırılmış vəziyyətdə 10 ilə qədər yaşaya bilərlər.
Lakin əksər heyvanlar bədənlərindəki su səviyyəsini yüksək saxlamağa məcburdur. Planetimizin rütubətli olması bir çox növ üçün su əldə etməyi asanlaşdırır. Ancaq suyun az olduğu ərazilərdə əsas çətinlik yalnız su itkisinin qarşısını almaq deyil, həm də su tapmaqdır. Hava eyni zamanda quru və isti olduqda bu, xüsusilə çətinləşir.
Temperatur yüksəldikcə dəridən və tənəffüs zamanı buxarlanma nəticəsində su itkisi də artır. Bədəni soyutmaq üçün zəruri olan tərləmə isə problemi daha da dərinləşdirir. Buna görə də insan səhrada susuz bir gündən artıq yaşaya bilməz.
Məqalədə qeyd olunur:
“İsti və quraq şəraitdə yaşayan dəvələr kimi heyvanların ümumiyyətlə tərləməməsi təəccüblü deyil. Bunun əvəzində onlar bədən temperaturlarının 42 dərəcəyədək yüksəlməsinə dözə bilirlər. Bu, insanın bədən temperaturundan beş dərəcə yüksəkdir. Yalnız istiliyə ən həssas toxumalar, xüsusilə beyin sərin saxlanılmalıdır. Bu, nəfəsvermə zamanı xaric edilən havadakı nəmin burun yollarında tutulması hesabına mümkün olur. Nəfəsalma zamanı həmin nəmin buxarlanması beyinə qan daşıyan damarların temperaturunu 4 dərəcə aşağı salır”.
Maraqlıdır ki, dəvələr az miqdarda və quru nəcis, eləcə də yüksək konsentrasiyalı sidik ifraz etməklə suya qənaət edirlər. Onların məşhur donqarlarında toplanan yağ isə fövqəladə vəziyyətdə biokimyəvi yolla parçalanaraq su əldə etmək üçün istifadə oluna bilər.
Dəvələr susuzluğa digər bir çox heyvandan daha yaxşı dözürlər. Məsələn, su itkisi nəticəsində qan qatılaşdıqda belə, onların oval formalı eritrositləri qan dövranında səmərəli hərəkət edə bilir.
Beləliklə, birhürgüclü dəvə 10 gün ərzində su içmədən yaşaya bilər. Bəzi heyvanlar isə bundan da uzun müddət susuz qala bilir.
Merriam kenquru siçovulunun isə ümumiyyətlə su içməyə ehtiyacı olmaya bilər. O, əsasən toxumlardan ibarət qidalanma sayəsində yaşamaq üçün kifayət qədər su əldə edir.
Aydın