Dövlət Gömrük Komitəsi (DGK) "İdeal Motors" şirkətindən 4 ədəd pickup tipli avtomobil alacaq.
Qaynarinfo xəbər verir ki, şirkət DGK-nın bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.
Qurum 4 ədəd avtomobil üçün şirkətə 171 200,02 manat ödəyəcək. Bu halda avtomobilin 1 ədədi DGK-ya 42 800 manata başa gələcək.
Tenderin şərtlərinə görə, avtomobillər 2023-2024-cü il istehsalı olmalıdır. Lakin şərtlərdə avtomobillərin markası qeyd olunmayıb.
"İdeal Motors" şirkəti 28 noyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 88D, məhəllə 3166-da yerləşir. "İdeal Motors"un qanuni təmsilçisi Abbasov Zaur Vidadi oğludur.
Açıq mənbələrdə Zaur Abbasov haqqında heç bir məlumat yoxdur. Şirkət barəsində də hər hansı məlumata rast gəlinmir.
"İdeal Motors" müştəriyə qüsurlu avtomobil satmaqla gündəmə gəlmişdi. Bu məlumat mediada Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən yayılıb.
Məlumatda daha sonra qeyd edilir ki, avtomobilin təmiri qərara alınsa da, təmir üçün sifariş edilmiş ehtiyat hissələrinin çatdırılmaması səbəbindən uzun müddət təmir həyata keçirilməyib. Müştəri bununla bağlı malın qaytarılmasını tələb etdikdə isə, tələbi yerinə yetirməyib.
Dövlət xidməti bu hərəkətə görə, "İdeal Motors"u İnzibati Xətalar Məcəlləsinin 444.2 (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) maddəsi ilə cərimələyib (600-900 manat) və ona qüsurlu malı geri qaytarmaq barədə göstəriş verib.
"İdeal Motors" MMC bu göstərişi yerinə yetirməyib və nəticədə ikinci dəfə İnzibati Xətalar Məcəlləsinin 544.2 (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə) bəndi ilə cərimə edilib.
Bu fakt "İdeal Motors"un etibarlı təchizat olmasına şübhələri artırır.
Seyid
Şərhlər