Xəbər lenti

“Dil və cəmiyyət: Müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib
Foto 16:40 21.02.2025

“Dil və cəmiyyət: Müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 20 fevral 2025-ci il tarixində 21 fevral "Beynəlxalq ana dili günü” çərçivəsində "Dil və cəmiyyət: Müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib.

Qaynarinfo xəbər verir ki, seminarın məqsədi dil və cəmiyyətin qarşılıqlı əlaqəsini dəyişən cəmiyyətin prinsipləri çərçivəsində müasir yanaşmalarla izah etmək olub. Bu məqsədlə seminar akademik nümayəndələrilə gənc nəsli bir araya gətirərək interaktiv və yaradıcı bir görüşün reallaşmasına vəsilə olub.

Açılış mərasimində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova seminarı açıq elan etdikdən sonra əsas məruzəçilərin çıxışları ilə tədbir davam edib.

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor İbrahim Bayramov "Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsi yolları” mövzusunda, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm” mükafatı laureatı, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin dil uğrunda mübarizəsi” mövzusunda, YUNESKO-nun Seçki qrupunun eksperti, YUNESKO-nun Qlobal Gənclər Birliyinin üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva – Nəbiyeva "Dil normativlərinin qorunması, sosial təşviqat” mövzusunda və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov "Azərbaycan dilinin tədrisi və təbliği dövlət siyasətinin prioritet istiqaməti kimi” mövzusunda məruzələrini edib, seminar iştirakçılarının suallarını cavablandırıblar.

Tədbirdə Xəzər Universitetinin tələbələri ilə yanaşı Dünya məktəbinin 10-cu sinif şagirdləri də aktiv şəkildə iştirak ediblər.

Daha sonra tədbirin əsas məqsədini – dilin cəmiyyətə və cəmiyyətdəki dəyişikliklərin dilə təsirini əks etdirən videorolik izlənilib. Süni zəka ilə səsləndirilən materialda ana dilimizə müasir yanaşma xətti izlənilərək Azərbaycan dilinin texnologiyanın dili olma potensialının cari durumu müşahidə edilib. 

Seminar tələbələrin Xəzər Universitetinin "Hər gün, hər saat mükəmməlliyə doğru!” şüarını fərqli dillərdə səsləndirmələri ilə başa çatıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->