Ekonomiks 14:55 20.12.2022

DİM "şam yeməyi" məsələsinə aydınlıq gətirdi (AÇIQLAMA)

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) "Yuni Servis” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 81 809.4 AZN təşkil edən müqavilədə yeməklərin hazırlanması və çatdırılması xidmətinin satın alınması nəzərdə tutulur. 

Tenderin şərtlərindən məlum olur ki, "Yuni Servis” MMC DİM üçün səhər, nahar və şam yeməyi hazırlayacaq. Şirkətin DİM-i şam yeməyi ilə təmin etməsi müzakirələrə səbəb olub. Artıq qurum məsələ ilə bağlı açıqlama yayıb. 

Qaynarinfo DİM-in məlumatını təqdim edir:

Məlum olduğu kimi, Dövlət Mərkəzi tərəfindən il ərzində 30-dan çox müxtəlif növ imtahan keçirilir və bu imtahanlarda 500 mindən artıq şəxs iştirak edir. İmtahanların təşkil edilməsinə Dövlət İmtahan Mərkəzinin işçiləri ilə yanaşı, ümumtəhsil müəssisələri, dövlət orqanları, ictimai təşkilatlar və s. qurumların ümumilikdə minlərlə əməkdaşı cəlb olunur. 

Qeyd edək ki, Mərkəz tərəfindən keçirilən imtahanlar zamanı materiallar qapalı şəraitdə hazırlanır. Bununla əlaqədar DİM-in əməkdaşları və ekspertlər bir neçə gün əvvəldən imtahan başa çatanadək ətraf aləmdən tam təcrid olunmaqla, qapalı mühitdə fəaliyyət göstərirlər. İl boyu keçirilən müxtəlif imtahanlar zamanı qapalı rejim günlərinin sayı ümumilikdə 170-dən çox olur və bu zaman oradakı 800-dən artıq DİM əməkdaşı, materialların hazırlanmasına cəlb olunan ekspert-müəllimlər, texniki heyət və s. gün ərzində yeməklə (səhər, günorta və şam yeməyi ilə) təmin olunurlar.

Eyni zamanda, Mərkəz tərəfindən il ərzində müxtəlif konfrans və tədbirlər təşkil olunur və müəyyən sayda ekspert, mütəxəssislər bu görüşlərdə iştirak edirlər. Aydın məsələdir ki, bu zaman da tədbirlərin xüsusiyyətindən asılı olaraq iştirakçıların qida təchizatının yerinə yetirilməsinə ehtiyac yaranır. Həmçinin imtahan günü rayonlara ezam olunan əməkdaşların səhər yeməyi nəzərə alınmalıdır. Ona görə də, qanunvericiliyə uyğun olaraq, hər il Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq tender elanları verilir.

Mərkəz tərəfindən 2023-cü il ərzində yeməklərin hazırlanması və çatdırılması xidmətinin satın alıması ilə əlaqədar açıq tender elanı 15 noyabr 2022-ci ildə DİM-in saytında, 16 noyabr 2022-ci ildə isə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib. Tenderin nəticələrinə əsasən "Yuni Servis” MMC qalib olub və bununla bağlı 16 dekabr 2022-ci il tarixində dövlət satınalmalarının vahid internet portalında məlumat verilib. Təəssüf ki, bundan sonra Dövlət İmtahan Mərkəzi ilə dəqiqləşdirilmə aparılmadan bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə uyğunsuz başlıqlarla xəbərlər dərc olunub. Burada daha çox tenderin predmeti olan şam yeməyi ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Əslində tenderin predmetində bütün xidmətlər (səhər yeməyi - qapalı rejim, günorta yeməyi - qapalı rejim, şam yeməyi - qapalı rejim, müxtəlif tədbirlər üçün keytrinq xidməti, furşet, çay fasiləsi) açıq yazılıb, lakin nədənsə, diqqətə alınmayıb. 

KİV nümayəndələrindən xahiş edirik ki, əgər hər hansı bir məlumatın dəqiqləşdirilməsinə ehtiyac varsa, onu yaymadan öncə Dövlət İmtahan Mərkəzinə müraciət etsinlər və ictimaiyyətə daha düzgün və dolğun informasiyanın çatdırılmasında vasitəçi olsunlar".