
Pul qazanmaq çətinləşdikcə, cinayətlər daha asanlaşır. İnternetin geniş tətbiqi cinayətkarlara canlı ünsiyyət, görüş olmadan, özünü bəlli etmədən belə, xeyli insanı aldatma və etibarından sui-istifadə yolu ilə qənimət əldə etmə imkanı verib. Nəticədə cinayətlər virtual aləmə sirayət edib.
Bu günlərdə müxtəlif saytlarda "Guess" ayaqqabı fabrikinə işçi tələb olunduğu barədə elan yerləşdirilib. Elanda aylıq əmək haqqı 500 manat göstərilib. Lakin işə düəzlmək istəyənlərdən əmək sığortası üçün bankomat vasitəsilə 30 manat ödəmələri tələb olunub.
Hadisə qurbanları bildirirlər ki, elanda qeyd olunan nömrələrlə əlaqə saxladıqları zaman onlardan çek və kodu istəyiblər: "Biz də vatsap vasitəsilə göndərdik. Daha sonra da dönə-dönə tapşırdılar ki, səhər saat 8:30-da metronun "Koroğlu" stansiyasının qarşısında olaq. Fabrikin avtobusu bizi oraya aparacaq".
Vətəndaşlar 30 manat məbləğində pulu ödədikdən sonra qərarlaşdırılan ünvanda toplaşıb. Ancaq deyilən vaxtdan 3 saat keçsə də, onları fabrikə aparmaq üçün avtobus gəlməyib.
Fırıldaqçılığa məruz qalanlardan biri Abduləli Abdullayevin sözlərinə görə, əvvəl əlaqə saxladıqları nömrələrə zəng vursalar da, cavab verən yoxdur: "Biz də nə deyiblərsə, onu etmişik. Səhər saat 7-dən burada gözləyənlər var. Qadınlı-kişili 50-yə yaxın adam var idi. Çoxu gözləməkdən bezib getdi".
Polis isə hadisə ilə bağlı şikayətçilərə bildirib ki, kim 30 manatı hansı rayonda ödəyibsə, həmin rayonun bölməsinə müraciət etsin: "Yevlaxdan, Bərdədən, Hacıqabuldan, bir sözlə, ölkənin hər yerindən iş üçün gələnlər var. Bakıdan olan azdır. Biz istəyirdik birlikdə harasa gedib şikayət edək, ancaq polis bölgələrə göndərir. Bu səbəbdən də mediaya müraciət etmək qərarına gəldik. Biz aldadılmışıq, başqaları aldadılmasın. Bu qədər insanı dolamaq olmaz".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun ekspress.az-a-a dediyinə görə, virtual fırıldağın qurbanları kollektiv və ya fərdi qaydada şikayət edə bilərlər: "Prokurorluq orqanlarına, polis orqanlarına müraciət etsinlər. Bununla bağlı cinayət işi başlamalıdır. Çünki aşkar dələduzluqdur. Hətta iş təklif etsələr belə, işə qəbul zamanı pul yığmaq olmaz. Yalnız əmək kitabçası açılanda onun pulunu ala bilərlər. Bu məbləğ də ilk və ya sonrakı əmək haqqından tutulmalıdır. Əmək kitabçasına görə də pulu nağd alma söhbəti ola bilməz. Ortada aldatma var. İnsanları yığıblar, amma iş yoxdur".
S.Məmmədov bildirib ki, işə düzəltmə agentlikləri adətən 10-15 manat alaraq blank doldurur: "Belə hadisələr olub ki, insanları get-gələ salırlar. Telefonlara cavab vermirlər. İnsanlar bezib əl çəkirdi. 10 manata görə şikayət etmirdilər" deyən müsahibimizə görə, bu məsələlər hüquq mühafizə orqanlarının diqqətini cəlb etməlidir.
Məmmədov qeyd edib ki, işə qəbul zamanı 1 manat olsa belə, pul tələb oluna bilməz: "İşə düzəlmək istəyənlər tibbi yoxlanışdan keçməlidirlərsə, o da işəgötürənin vəsaiti hesabına olmalıdır".
Hüquqşünas Aynur Musayeva qəzetimizə deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq (fırıldaq) etibardan sui-istifadə etmək və aldatmaq yolu ilə hər hansı şəxsin əmlakını ələ keçirməyi nəzərdə tutur. "Hər hansı şəxs kimisə aldatmaqla, hər hansı hərəkət edəcəyini vəd etməklə, onun etibarını qazanıb etibarından sui istifadə etməklə onun əmlakını ələ keçirir və bunun müqabilində heç bir şey vermirsə, vəd etdiklərini icra etmirsə, deməli, dələduzluq edir. Dələduzluq yalnız zərər 100 manatdan yuxarı olduqda sayılır. Bu hərəkətlərə görə 100 manatdan 3000 manata qədər ziyan vuran şəxs dələduzluğa görə məsuliyyətə cəlb olunur. 3000 manatdan 10000 manata qədər xeyli miqdarda, 10000 manatdan yuxarı külli miqdarda ziyan hesab olunur".
A.Musayevanın sözlərinə görə, şəxs aldatma, etibardan sui-istifadə etmək yolu ilə dəyəri 100 manatdan aşağı olan əmlakı ələ keçiribsə, bu, cinayət deyil: "Buna görə də, həmin şəxs barəsində cinayət işi başlanılmayacaq. Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 227-1-ci maddəsində aldatma və ya etibardan sui-istifadə yolu ilə əmlaka ziyanı vurma nəzərdə tutulur. Cinayət məsuliyyətinə cəlb etmək mümkünsüz olsa belə, inzibati xətaya dair iş üzrə məsuliyyətə cəlb etmək mümkündür. Bu halda təqsirli şəxsin təqsiri sübuta yetirildikdə, o, izibati xəta törətmiş hesab olunur və buna görə məsuliyyət daşıyır".
İnzibati Xətalar Məcəlləsinin 227-1-ci maddəsi və Cinayət Məcəlləsinin 178-ci maddəsinin məzmunu bir-birinə çox oxşardır. "Əsas fərq ondan ibartədir ki,
Cinayət Məcəlləsi bunu dələduzluq adlandırır, lakin İnzibati Xətalar Məcəlləsində dələduzluq anlayışı yoxdur".
Həmsöhbətimizin dediyinə görə, istər internetdə, istər sosial şəbəkədə, istərsə də internetdən kənar insanların münasibətlərində bu kimi hallar öz əksini tapırsa, dəymiş ziyan 100 manatdan yuxarıdırsa, cinayət məsuliyyəti doğura bilər. 100 manatdan aşağıdırsa, inzibati xətadır.
Hüquqşünas qeyd edib ki, aldatma və etibardan sui-istifadə yolu ilə 100 manatdan 3000 manata qədər ziyan vurmaqla törədilmiş hərəkətlər, 100 manatdan 700 manata qədər cərimə edilir: "Və ya 360 saatdan 480 saata qədər ictimai işlər və ya iki ilədək islah işləri, həmçinin iki ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin hərəkətlərlə xeyli miqdarda ziyan vurulduqda, yəni 3000 manatdan 10 min manata qədər məbləğdə törədildikdə bu cəzanın yuxarı həddi 3 ildən 7 ilə qədər müddətdə azadlıqdan məhrum etmədir. Külli miqdarda, yəni 10 min manatdan yuxarı məbləğdə törədildikdə 7 ildən 12 ilə qədər müddətdə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
Dəymiş ziyan 100 manatdan azdırsa, inzibati xətadır. Buna görə 500 manatdan 1000 manatadək cərimə təyin edilir, həmçinin onun barəsində 2 ayadək həbs tətbiq edilə bilər".
Qaynarinfo.Az