2026-2030-cu illər üzrə qəbul edilmiş bu Dövlət Proqramının ana xəttini yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçid təşkil edir.
Qayanrinfo Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlıda "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
O bildirib ki, Mil-Muğan iqtisadi rayonuna daxil olan Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının əlverişli iqlim və münbit torpaq şəraitinə malik olması, ərazilərinin əsas su arteriyalarımız olan Kür və Araz çaylarının sahillərində yerləşməsi, eləcə də suvarma və kollektor-drenaj şəbəkələri ilə təmin olunması həmin bölgələrin respublikanın əsas pambıqçılıq regionu kimi formalaşmasında mühüm rol oynayan əsas amillərdir:
"Ölkənin ümumi 1 milyon 430 min hektarsuvarılan sahələrinin 240434 hektarı (17 %), eyni zamanda respublika üzrə əkin aparılmış 107298 min hektar pambıq sahələrinin 40174 hektarı (37 %) və taxıl əkini aparılmış 466835 hektar sahənin 61729 hektarı (13 %) Mil-Muğan iqtisadi rayonunda yerləşir".
Zakir Quliyevin sözlərinə görə, hazırda agentliyin xidmət göstərdiyi ərazilərdə Beyləqan rayonunda 51 min 356 hektar, İmişli rayonunda 58 min 714 hektar, Saatlı rayonunda 59 min 124 hektar və Sabirabad rayonunda 71 min 240 hektar suvarılan sahə mövcuddur.
"Bu sahələrin su təminatının həyata keçirilməsi məqsədilə 6704 km suvarma şəbəkəsi, 213 nasos stansiyası, 100-dən artıq subartezian quyusu, 19500 hidrotexniki qurğu və digər obyektlər istismar olunur. Ötən il bu sahələrin suvarma suyu ilə təmin edilməsi məqsədilə mənbələrdən 2 milyard 26 milyon kbm su götürülmüş və təsərrüfatlara 1 milyard 427 milyon kbm su verilmişdir.
Bu rayonlar üzrə təxminən 77,5 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunmuş və hazırda da su təminatı davam etdirilir", - deyə o bildirib.
Regional Su Meliorasiya Xidmətinin sədri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üzrə layihələrdə də danışıb.
"Yenidənqurulması işlərinə başlanılmış layihələr üzrə:
-Saatlı (26975 ha) və Sabirabad (1769 ha) rayonlarının ümumilikdə 28 744 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması məqsədilə Aşağı Muğan kanalının yenidənqurulması işlərinə başlanılıb.
Layihələndirmə işləri tamamlanmış və yenidənqurma işlərinə başlanılması nəzərdə tutulan layihələr üzrə:
- Saatlı (24 253 ha) və Sabirabad (21 010 ha) rayonlarının ərazilərində ümumilikdə 45 263 hektar, həmçinin İmişli, Saatlı və Sabirabad rayonlarının ərazilərində təxminən 75 000 hektar, eləcə də Beyləqan rayonu ərazisində 10 000 hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması məqsədilə müvafiq olaraq Sabir suvarma kanalının, Baş Muğan kanalının, habelə Köhnə Xanqızı və P-0 kanallarının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmış, ekspertiza rəyləri alınmış və tender prosesləri həyata keçirilərək tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur.
- İmişli və Saatlı rayonlarında 18 700 hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün Rəsularx kanalının yenidənqurulması üzrə hazırlıq işləri başa çatdırılmış və növbəti ildə layihənin icrasına başlanılması planlaşdırılır", - o qeyd edib.
Şərhlər