Xəbər lenti

"Dövlət şirkətləri qismən də olsa özəlləşməyə açılmalıdır" - İqtisadçı ekspert
Ekonomiks08:33 23.06.2023

"Dövlət şirkətləri qismən də olsa özəlləşməyə açılmalıdır" - İqtisadçı ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb) 
Hər bir ölkənin inkişafı güclü iqtisadiyyata malik olmaqdan keçir. Güclü iqtisadiyyatın olması üçün isə azad sahibkarlıq və liberal iqtisadiyyatın olması vacibdir. Məhz azad sahibkarlıq və liberal iqtisadiyyat ölkə iqtisadiyyatının inkişafını şərtləndirən mühüm amillərdən biridür. Rəqabət mühitinin olması bol məhsul istehsalına rəvac verir ki, bu da öz növbəsində qiymətlərin normallaşmasına gətirib çıxarır. 
Azərbaycanda da azad sahibkarlıq və liberal iqtisadiyyatın yaradılması yolunda müəyyən addımlar atılıb. Ölkədə liberal iqtisadiyyatın təşviqinə yönəlik bir sıra qanunlar qəbul edilib. Görülən işlər nəticəsində mövcud iqtiqamətdə bir sıra irəliləyişlər də əldə edilib. 
Amma liberal iqtisadi dəyərlər heç də iqtisadiyyatın bütün sahələrində eyni dərəcədə oturuşa bilməyib. Bir çox sahələrdə sözügedən dəyərlər özünü daha çox, digərlərində isə bir qədər az göstərir. 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda digər sektorlarla müqayisədə xidmət sahəsi daha çox liberallaşıb: 
"Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri liberal iqtisadiyyatın yaradılması istiqamətində müəyyən işlər görülüb. Amma hələ də bu sahədə görülən işlər yetərincə deyil. Ölkə iqtisadiyyatında ən liberal sahə xidmət sahəsidir. Kafelər, restoranlar, taksi xidmətləri, müəyəyn çatdırılma xidməti kimi sahələrdə kifayət qədər böyük rəqabət mövcuddur. Ölkədə kafe və restoranların sayı bəs qədər çoxdur. Pərakəndə satışda da liberal iqtisadiyyatın əsasları müəyyən dərəcədə yaradılıb. Düzdür, supermarket şəbəkələri artdıqca kişik dükanlar sıradan çıxır. Amma hər halda bu sahədə də müəyyən liberal yanaşmanın olduğunu görürük. Sadaladığım bu sektorda biznes yaratmaq daha rahatdır. Az miqdarda kapitalla kafe, dönərxana, kiçik dükanlar açmaq olar”. 
Həmsöhbətimizin fikrincə, ölkənin istehsal sahələrində, daha böyük kapital qoyuluşunun lazım olduğu yerlərdə isə azad sahibkarlıq və prosesə liberal yanaşma tendensiyası zəifdir:
"Azərbaycanın istehsal sahələrində böyük oyunçular daha çoxdur. Bu sahələrdə kiçik və orta sahibkarlıq yox dərəcəsindədir. Nəticədə bu istiqamətdə rəqabətli mühit çox zəifdir. Ona görə də ölkəmizdə istehsal sahəsi axsamaqda davam edir. Dövlət şirkətlərinin sayı və bazarda hegemonluğu böyükdür. Ona görə dövlət şirkətləri qismən də olsa özəlləşməyə açılmalıdır. Bu, baş verərsə, həmin istiqamətdə də liberal iqtisadiyyat güclənə bilər. Dövlətin iqtisadiyyatda rolunun azaldılması liberal yanaşmanın əsas göstəricisidir. Hələlik isə dövlətin rolu həddən artıq yüksəkdir. Dövlətin rolu xarici ticarətdə 90 faizə yaxın, ümumi daxili məhsulun (ÜDM) formalaşmasında isə yarıdan çoxdur”. 
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.