Xəbər lenti

Dollar kreditləri probleminin qanuni həll yolu necədir? - MÜSAHİBƏ
Ölkə04:57 08.05.2015

Dollar kreditləri probleminin qanuni həll yolu necədir? - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Konstitusiya Məhkəməsinin dollarla götürülmüş kreditlərin taleyinə aydınlıq gətirəcəyi gözlənilsə də, bu baş vermədi. Qurumun plenumundan iştirak edən Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov bildirib ki, bankların xeyrinə olmayan qərar qəbul edilərsə maliyyə sistemi çökə bilər. Bununla belə, fərqli düşünənlər də var. İqtisadçı-ekspert Əkrəm Həsənov fins.az-a müsahibəsində məsələnin qanuni həll yollarını açıqlayıb.
- Əkrəm müəllim, dollar kreditləri ilə bağlı vəziyyətdən ən yaxşı çıxış yolunu nədə görürsünüz?
- Mən bununla bağlı fikirlərimi Konstitusiya Məhkəməsinə təqdim etmişəm. Təklif etdiyim yol əslində sadəcə vəziyyətdən çıxış yolu deyil, həm də problemin qanuni həll yoludur. Bugünki (dünənki) plenumda iki məsələ qoyulmuşdu: xarici valyutada kredit verilməsi nə dərəcədə qanunidir və xarici valyutada olan kreditlər hansı məzənnə (borc öhdəliyinin əmələ gəldiyi və ya indiki) ilə qaytarılmalıdır? Hesab edirəm ki, bu iki məsələdən biri bankların, digəri isə əhalinin xeyrinə həll olunmalıdır. Qanun da bunu tələb edir. 
Aydın məsələdir ki, Azərbaycanda xarici valyuta ilə kredit verilməsi qanuni deyil. Həm ölkə konstitusiyasının 19-cu maddəsi, həm də Mülki Məcəllənin 439-cu maddəsi bunu qadağan edir. Amma o da dəqiqdir ki, kreditlər indiki məzənnə ilə qaytarılmalıdır. Son nəticədə deyə bilərik ki, xarici valyuta ilə bağlanmış kredit müqavilələri etibarsız hesab edilsin. Buna görə də, tərəflər bir-birindən aldıqlarını geri qaytarsın.
Tutaq ki, müştəri 1 il bundan əvvəl 10 min dollar kredit götürüb və indiyə qədər həmin borcun 5 min dollarını qaytarıb, əlavə olaraq 1500 dollar da banka faiz ödəyib. Amma müqavilə etibarsız olanda müştərinin ödədiyi məbləğ artıq 5 min dollar deyil, 6500 dollar olur. Deməli, onun qalan borcu 3500 dollar təşkil edir. Məhz bu borc yeni məzənnə ilə ödənilməlidir. Yəni, devalvasiyaya qədər müştərinin banka ödədiyi bütün məbləğ onun əsas borcundan silinir, qalan məbləğ isə yeni məzənnəyə uyğun ödənilir. Bu, kompramis model ola bilər. Tamamilə bir tərəfin xeyrinə qərar verilməsi ya əhalini, ya da bankları çətin vəziyyətdə qoya bilər. Bu həm də qanunun pozulması, cəmiyyətdə gərgnliyin qalmaı deməkdir.
- Bəzən xarici valyutada götürülmüş kreditlərin orta məzənnə müəyyən edilməklə ödənilməsi barədə fikirlər səslənir. Yəni, köhnə məzənnə (0,785 manat) ilə yeni məzənnə (1,05) cəmlənir və orta məzənnə (təxminən 0,92 manat) çıxarılır. Sizin təklif etdiyiniz variant bundan nə dərəcədə fərqlənir?
- Bunu adətən iqtisadçılar təklif edir. Amma ortaq məzənnə məsələnin qanuni yolla həlli deyil. Mən dediyim varianta gəlincə isə bundan heç də bütün borcalanlar qazanmayacaq. Yəni, kimsə devalvasiyadan 1 həftə əvvəl dollarla kredit götürübsə onun üçün demək olar ki, heç nə dəyişmir və yeni məzənnə ilə təxminən bütün borcu qaytarmış olur. Amma kimsə 1 il bundan əvvəl xarici valyutada kredit götürübsə, qanuni həll yolu ona kömək edir. Yəni, qanuni variant çoxdan kredit götürmüş və borcunun əhəmiyyətli hissəsini qaytarmaq istəyənlər üçün sərfəli olacaq.
- Bəzi banklar dollarla kredit götürmüş müştərilərinə faiz dərəcəsini bir qədər azaltmağı, müqavilə müddətini artırmağa təklif edirlər. Bu varianta münasibətiniz necədir?
- Bu ümumilikdə pis addım deyil, amma banklar müştərilərinə bu təklifi ona görə edirlər ki, heç hara şikayət etməsinlər, çətinliklə də olsa krediti ödəsinlər. Halbuki məsələnin qanuni həll yolu var. Özü də kreditin müddəti artırılırsa son nəticədə bank qazanır, çünki müştəri əlavə vaxta görə artıq məbləğ ödəyir.
- Bankların bir qismi isə risk məsələsini qabardır. Yəni, deyirlər ki, kimsə dollarla kredit götürübsə, artıq öz risklərini göz önünə almış olur, bu baxımdan müştərilərə güzəşt edilməsi düzgün deyi. Bu fikrə necə baxırsınız?
- Təbii ki, risk məsələsi də var və kreditlərin indiki məzənnə ilə qaytarılmasını şərtləndirir. Sən kredit alırsansa bunu hansı valyutada götürdüyünü bəri başdan bilməlisən. Amma bizdə vətəndaşların böyük əksəriyyəti banklardan kredit götürəndə ona hansı valyuta ilə kredit verildiyinin fərqinə belə varmayıb. Çünki, bank mütəxəssisləri müştərilərə köhnə məzənnəyə uyğun manatla aylıq ödənişin məbləğini bildiriblər və devalvasiyaya qədər də hamı manatla kreditini ödəyib. Sonradan isə məlum olub ki, manatla əlavə məbləğ ödənilməlidir. Bu da insanların məlumatsızlığından, maliyyə savadının zəif olmasından irəli gəlir.
Qaynar.info