
Azərbaycanda vətəndaşların mübadilə məntəqələrinə 10 min dollardan artıq satışı yalnız şəxsiyyət vəsiqəsilə mümkün olacaq.
"Mübadilə məntəqələrinin əməliyyatlarının təşkili qaydaları"na müvafiq dəyişikliklər Azərbaycan Mərkəzi bankı tərəfindən (AMB) edilib. Dəyişikliklər 2016-cu il oktyabrın 13-dən qüvvəyə minərək, cümə günü Azərbaycan Ədliyyə Nazirliyi normativ-hüquqi aktlarının reyestrində dərc olunub. Yeni qərara əsasən, valyutadəyişmə şöbələrində müştəriyə nağd xarici valyutanın və yol çeklərinin 500 dollardan artıq satışı, eləcə də müştəridən 10 min dollardan artıq nəğd pulun alışı yalnız şəxsiyyət vəsiqəsilə həyata keçiriləcək.
Buna qədər isə, müştəridən 500 dollardan artıq nəğd pulun alışı şəxsiyyət vəsiqəsilə həyata keçirilirdi. MB-nin 500 dollardan 10 min dollara qədər dollar alışının artmasının səbəbi nədir? Bu qərar bankların, yoxsa vətəndaşların xeyirinədir?
İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, müştəridən 10 min dollara qədər şəxsiyyət vəsiqəsi olmadan nəğd pulun alışı müsbət haldır:"Bu onu göstərir ki, banklar insanlardan dollar əldə etməyə başlayır. Əvvəllər dollar satmaq istəyən insanlar az idi. Belə görünür ki, dollar satan vətəndaşların sayı çoxalıb".

Qaynarinfo.Az-a açıqlama verən iqtisadçı ekspert Qalib Toğrul bildirdi ki, manatın arxasında real iqtisadiyyat olmasa görülən işlər hədər ola bilər:

"Dollar kursunun aşağı düşməsi və paralel olaraq, bu cür addımların atılması manatın gücləndirilməsinə yönəlmiş mühum addımlardır. Amma təbii ki, bu cür davam edərsə. Əgər manatın arxasında real iqtisadiyyat dayanmazsa, yerli istehsal inkişaf etməzsə o zaman bu görülən tədbirlər effektsiz olacaq. Nəticədə, valyuta bazarında ajiotaja səbəb olacaq".
Pərvin Zeynal
Qaynarinfo.Az