Xəbər lenti

Dollara təlabət artır
Ekonomiks13:05 26.08.2015

Dollara təlabət artır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bank banklara son 4 gündə 900 milyon dollar satıb

Azərbaycan Mərkəzi Bankı (AMB) daxili valyuta bazarında ABŞ dollarına artan tələbatı qarşılamaq və cari məzənnənin sabitliyini qorumaq məqsədi ilə son bir həftə ərzində bazara valyuta müdaxiləsini kəskin artırıb.

Qaynar.info “Report”a istinadən bildirir ki, son 4 iş günü ərzində (avqustun 20-21-də və 24-25-də) AMB banklararası valyuta bazarında kommersiya banklarına toplam olaraq 893 milyon dollar həcmində valyuta kütləsi satıb. Bu, kommersiya banklarının ABŞ dollarına olan gündəlik tələbatının artması ilə bağlıdır.

Belə ki, avqustun 20-də kommersiya banklarına 176 milyon dollar, avqustun 21-də 194 milyon dollar satan Mərkəzi Bank bu həftənin ilk iki günündə daha 523 milyon dollar reallaşdırıb. Bunun 310 milyon dolları banklara avqustun 24-də, 213 milyon dolları avqustun 25-də satılıb.

Nəticədə, son 4 iş günü ərzində Mərkəzi Bankın bazara dollar müdaxiləsi 893 milyon dollar olub. Bu isə təxminən əvvəlki dövrün analoji aylıq göstəricisinə bərabərdir.

Müşahidəçilərin fikrincə, dollara tələbatın kəskin artması təsərrüfat subyektləri və s. müştərilərin müvəkkil kommersiya bankları, həmçinin fiziki şəxslərin mübadilə məntəqələri vasitəsilə milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlıdır. Bəzi hallarda nağd valyuta bazarında artmış tələbatı nəzərə alaraq mübadilə məntəqələri əsassız olaraq dolların satış məzənnəsini icazə verilən normadan daha çox artırmağa çalışır. Bir sıra kommersiya bankları isə nağd dolların satışını məhdudlaşdırıb (bir şəxsə - 1-5 min dollar).

Qeyd edək ki, bu gün, avqustun 26-da ABŞ dollarının rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,0466 AZN/USD səviyyəsində müəyyənləşdirilib.

Qaynar.info