Azərbaycan Mərkəzi Bankı tərəfindən fevralın 21-də manatın devalvasiyası barədə qərar veriləndən sonra banklardan dollarla verilən kreditlərin taleyi ilə bağlı suallar hələ də gündəmdən düşmür. 21 fevraladək Azərbaycanda banklardan ABŞ dolları ilə kredit götürmüş şəxslərin hansı məzənnə ilə borcu qaytarmasına dair suallar rəsmən açıq qalır. Bu vaxtadək bir çox iqtisadçı və hüquqşünaslar məsələyə öz münasibətlərini bildiriblər. Əksər hüquqşünaslar hesab edirlər ki, bankların dollarla kredit verməsi və indi də borcun yeni məzənnə ilə geri qaytarılmasını tələb etməsi qanunsuzdur. Hətta, Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev də mətbuata açıqlamasında dollarla kredit əməliyyatlarının dollarla aparılmasının qanunsuz olduğunu birmənalı şəkildə ifadə etmişdi.
Analitik.az-ın rəy aldığı hüquqşanslar da eyni mövqedən çıxış edərək, dollarla kredit verilməsini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsi və Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən yolverilməz hesab edirlər.
Bütün bu açıqlamalardan sonra hər kəs gözləyirdi ki, rəsmi qurumlar, ən azı Mərkəzi Bank əhalinin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpası üçün daha optimal yol təklif edəcək və bankların da kommersiya maraqları gözlənilməklə, məsələnin qanuni həlli yolu təklif ediləcək. Dünən Milli Məclisdə bu barədə danışan Mərkəzi Bankın sədri Elman Rüstəmov banklara sadəcə müraciət edərək kredit faizlərini aşağı salmağı və ödəniş müddətini uzatmağı tövsiyə etdi. Lakin bu, vəziyyətdən çıxış yoludurmu? Kredit ödənişlərinin müddətinin uzadılması və faizin aşağı salınması borclu şəxslərin vəziyyətini nə dərəcədə yüngülləşdirəcək?
Analitik.az-ın apardığı kiçik araşdırma göstərir ki, bəzi banklar son günlər kreditlərin qaytarılmasında çətinliyi, müştərilərlə yaranmış gərginliyi yumşaltmaq üçün müəyyən təkliflər irəli sürürər. Banka borcu olan şəxslərin verdiyi məlumata görə, onlara kredit faizinin 1-2 faiz azaldılması ilə bağlı təkliflər verilib. Tutaq ki, 22-25 faizlə hesablanan kreditin indi 1-2 faiz aşağı salınması və bununla bərabər ödəniş müddətinin 6-10 ay uzadılması təklif olunur. Lakin bu təklifdə uzadılmış müddətə də faizlərin hesablanması nəzərdə tutulur. Bu halda isə nəticə etibarilə borclu şəxslər daha artıq məbləğ ödəmək məcburiyyətində qalacaqlar. Bəzi borcluların müddətin uzadılmasına qarşı faizlərin hesablanmaması istəyi isə qəbul olunmur. Mərkəzi Bankın sədrinin banklara xitabən «faizləri aşağı salın» çağırışından ümidlənən borcluların bu ümidlərini də banklar qırırlar.
Belə vəziyyətdə yenə də borclularla banklar arasında mübahisəli vəziyyət açıq qalıb. Borclu yeni məzənnə ilə pulu qaytarmaq istəmir, banklar isə köhnə məzənnə ilə ödənişi qəbul etmirlər. Bu halda yenə suallar yaranır ki, dollarla krediti olan borclular necə davranmalıdır? Bu mübahisəli və eyni zamanda, milyonlarla insanın mənafeyinə təsir edən vəziyyət necə həll olunmalıdır? Borclu şəxslərin aylıq kredit məbləğini ödəməməsi və ya yeni məzənnə ilə ödəməməsi onlar üçün hansı nəticələrə səbəb olacaq? Sualları Analitik.az-a şərh edən hüquqşünas Habil İsgəndərov bildirir ki, Azərbaycan banklarının dollarla kredit vermələri və ödənişi də dollarla tələb etmələri Konstitusiyanın 19-cu maddəsinin və Mülki Məcəllənin 439.1-ci maddəsinin tələblərinə ziddir. Bankların məhz bu tələbləri pozması nəticəsində indi belə vəziyyətin yaranmasında isə vətəndaşların, borcluların məsuliyyəti olmadığından, onlar bu vəziyyətdən zərər çəkməməlidirlər: «Lakin nəzərə almaq lazımdır ki, nə qədər ki, banklarla borclular arasında müqavilə şərtləri qüvvədədir, bu halda bank ödənişin dollarla və ya dolların yeni məzənnəsi ilə manatla tələb edilməsində haqlı görünür. Baxmayaraq ki, müqavilənin bağlanması zamanı qanunun tələblərinə əməl olunmayıb və artıq qanunsuzluq baş verib, bundan sonra da qanunsuz əməlin, fəaliyyətin davam etməsi yolverilməzdir. Lakin banklar müqavilə şərtlərinə, borclular isə qanuna istinad etməklə mübahisəli vəziyyətin qalması borcluların mənafeyinə uyğun deyil. Çünki ödənilməyən məbləğ borclunun qalıq borcu kimi qalır və bu məbləği bank onlardan tələb edəcək.»
Bəzi ekspertlər, borcluların mənafeyindən çıxış edərək deyirlər ki, qoy bank onları məhkəməyə versin və ödənişin yeni məzənnədə aparılmasına məhkəmə qərar versin. Yəni, borclunun «əziyyət çəkib» məhkəməyə müraciət etməməyi tövsiyə edənlər var.
Hüquqşünas H.İsgəndərovun fikrincə isə, məhkəməyə müraciət etmək hər bir tərəfin hüququdar: «İndiki halda banklar müqaviləyə istinad edirlər. Borcun yeni məzənnədə ödənilməsi bankların xeyrinədir. Ona görə də onlar məhkəməyə müraciət etmirlər və etməyəcəklər. Əgər borclu şəxs hesab edirsə ki, krediti köhnə məzənnə ilə ödəməlidir, bank isə onun bu tələbini qəbul etmirsə, bu halda borclu şəxs özü məhkəməyə müraciət etməlidir. Borclu şəxs məhkəməyə, müqavilənin kredit məbləğinin dollarla verilməsi və qaytarılmasına dair müddəalarını mübahisələndirərək, bu müddəların etibarsızlığı tələbi ilə müraciət edə bilər. Dediyimiz kimi, qanunvericiliyin dollarla əməliyyatların aparılmasını qadağan etməsi nəzərə alınaraq, bu cür iddiaların təmin edilməsi perspektivi yüksəkdir. Lakin bundan ötrü ilk növbədə borclu şəxslər iddia qaldırmalıdır, bankın məhkəməyə müraciət etməsini gözləməməlidir.»
Dollarla verilən kreditlərlə bağlı təkliflər səslənirdi ki, Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 439.7-ci maddəsini şərh etməklə vəziyyətə aydınlıq gətirilə bilər. H.İsgəndərov hesab edir ki, qanunvericilikdə Konstitusiya Məhkəməsinin öz təşəbbüsü ilə qanuna və ya onun ayrı-ayrı müddəalarına şərh vermək səlahiyyəti nəzərdə tutulmayıb: «Konstitusiya Məhkəməsinin bu məsələni şərh etməsi üçün ən optimal və yeganə variant məhkəmələrin qanunun mübahisəli (ziddiyyətli) müddəasının şərh edilməsi ilə bağlı müraciət etməsidir. Bundan ötrü də gərək məhkəmənin icraatında konkret mübahisəyə dair iş olsun. Məhkəmə isə icraatında olan işlə bağlı Konstitusiya Məhkəməsinə konkret müddəanın şərh olunması ilə bağlı müraciət edə bilər. Yalnız bu halda Konstitusiya Məhkəməsinin MM-nin 439-cu maddəsinin 1-ci, 2-ci və 7-ci bəndərini əlaqəli şəkildə, eyni zamanda, Konstitusiyanın 19-cu maddəsinə münasibətdə şərh etməsinə imkan yarana bilər.»
H.İsgəndərov onu da vurğuladı ki, artıq bir neçə borclu şəxsin məhkəmədə iddia qaldırmasına dair konkret işlər var. Borclu şəxslər, müqavilədə kredit məbləğinin və borcun qaytarılmasının dollarda ifadə edilməsini nəzərdə tutan müddəaların etibarsız hesab olunması və kredit məbləğinin verilmə vaxtına uyğun məzənnə ilə manatla ifadə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edib. Yaxın həftələrdə həmin işlərə məhkəmədə baxılacaq.
Qaynar.info