
"İsmayıllı Mərkəzi rayon Xəstəxanasında sakitçilikdir. Qarşıdurma yoxdur. Sadəcə olaraq meyidlərin eksumasiyasına yaxınları icazə verməyib. Hazırda doğuşu aparan Məlahət Hüseynova işdə yoxdur. Dəfndə iştirak etmək üçün Lahıc qəsəbəsinə gedib. O,mərhumun həkimi olmaqla yanaşı əmisi qızıdır”.
Movqe.az-a bu məlumat ekskluziv olaraq İsmayıllı Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsindən verilib. Mənbədən verilən xəbərə görə, mərhumun yaxınları əvvəlcə əsəbi olsalar da, sonra ölümün baş verməsində həkiminin günahının olmadığını anlayaraq şikayətçi olmaqdan imtina ediblər. Lahıc qəsəbə xəstəxanasının baş həkimi İsgəndərov Sədrəddin isə Movqe.az-a açıqlamasında bildirib ki, Ağabalayeva Şəhla Aydın qızı qəsəbə xəstəxanasında ancaq qeydiyyatda olub. Onun hamiləlik dövrü bütün müayinələri şəhər xəstəxanasında öz əmisi qızı mama-ginekoloq Məlahət Hüseynova tərəfindən aparılıb: "Qəsəbə xəstəxanasının doğum şöbəsi yoxdur. Ona görə, bütün xəstələr şəhər xəstəxanasına göndərilir. Odur ki, bizim mərhumun hamiləlik müddətində hansı müayinələrdən keçdiyindən xəbərimiz yoxdur”.
Xatırladaq ki, ötən gecə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsində ana və uşaq ölümü qeydə alınıb. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Bu onun üçüncü hamiləliyi olub. İki qız anası olan Ağabalayeva Şəhla oğlan övladı dünyaya gətirməyə hazırlaşırmış. Amma hamilə xəstəxanaya ölü döllə daxil olub. Ağabalayeva Şəhlanın bətnindən ölü döl təbii yolla xaric edilib. Doğuşdan 10 dəqiqə sonra Ş. Ağabalayevanın vəziyyəti pisləşib. Onda tənəffüs çatışmazlığı, göyərmə, ürək ağrıları baş qaldırıb. Dərhal xəstəyə reanimasyon tədbirlər görülüb. Amma buna baxmayaraq tromboemboliya diaqnozu ilə xəstə həyatını itirib. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Gülər Ağayeva Movqe.az-a eksklüziv açıqlamasında bildirib ki, uşağın və ananın meyidinin eksumasiyasına mərhumun yaxınları imkan verməyib. Xəstənin yaxınları xəstəxanada qalmaqal salıb və bəzi əşyaları qırıb dağıdaraq ananın və uşağın meyidini alıblar.
Qaynar.info