Xəbər lenti

Dünya çempionatına millimizi çıxarmış məşqçinin gedişinin pərdəarxası məqamları
İdman07:15 20.04.2016

Dünya çempionatına millimizi çıxarmış məşqçinin gedişinin pərdəarxası məqamları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futzal üzrə Azərbaycan yığması tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazansa da, gözlənilməz məşqçi ayrılığı yaşandı.

Qaynarinfo.az bu gedişin əsl səbəbini öyrənib.

Əslində AFFA-nın saytında Tino Peresin Azərbaycandan ayrılmasının səbəbi kimi ispan məşqçinin ailə durumu göstərilmişdi. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov isə Peresin hələ 3-4 ay əvvəldən ailəsinə görə komandadan getmək istədiyini söyləmişdi.

Təbii ki, bu səbəblər gözlənilməz gedişə bəhanə donu geydirməyə hesablanmışdı. Axı, Peres karyerasında ilk dəfə bir yığma komanda ilə dünya çempionatında çıxış etmək imkanı əldə etmişdi. Bu imkandan özünü məhrum etmək heç inandırıcı gəlmirdi. 2008-ci ildən Rumıniya, Rusiya və Azərbaycanda çalışmış ispaniyalının birdən-birə ailə durumu haqda danışması ucuz bəhanədən başqa bir şey deyildi.

Gedişin əsl səbəblərini isə indi açıqlayırıq. İlk baxışdan elə gəlirdi ki, söhbətin içində pul məsələsi var. Düzdür, bu da var. Ancaq hər şey Hollandiya ilə Bakıda keçirilmiş aprelin 12-dəki oyundan əvvəl baş verib. Mətbuata müsahibəsində Peres Azərbaycanda futzala marağın olmamasından, bu idman növü üzrə məktəblərin yoxluğundan, hətta yığmada köməkçisiz işləməsindən danışmışdı. Məhz bu açıqlaması Zaur Axundovu əsəbləşdirmiş və ondan niyə belə deməsini soruşmuşdu. Peres isə həqiqəti dediyini söyləmişdi.

Bundan sonra Axundov 6 ilə yaxındır ki, SOCAR-ın vəzifəlilərindən Yaşar Əliyevin tapşırığı nəticəsində millidə məşqçi-məsləhətçi vəzifəsində çalışan Hacıbala Abdullayevdən hirsini çıxmışdı. Deyilənə görə, onun "mənim vaxtımda nəticələr vardı, amma indiki kimi şərait yox idi" cümləsi Axundovun xoşuna gəlməmişdi. Qapıçı Rövşən Hüseynli də bütün günü saytlara müsahibələr verdiyi üçün "öz pay"ını prezidentdən almışdı.

Təbii ki, Axundovu özündən çıxaran səbəblərin başında Hollandiyadakı oyunu canlı izləyən AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun assosiasiya saytına "bu oyunla Kolumbiyada böyük uğura nail olmaq çətin olacaq" sözləri də durur. Çünki bir vaxtlar Məmmədovun Axundovun yerinə federasiya prezidenti olacağı söhbəti vardı. O üzdən əsas rəqibinin belə söz deməsi Axundovun xoşuna gəlməmişdi.

Gələk, Pereslə olan məsələyə. Komanda dünya çempionatına çıxacağı halda mükafatların dollarla veriləcəyi bildirilmişdi. Lakin Hollandiya ilə Bakıdakı oyundan sonra məlum oldu ki, mükafat dollarla yox, milli valyuta ilə olacaq. Təbii ki, bu, əcnəbiləri razı sala bilməzdi. Üstəlik, vəd edilən mükafatın heç hamısı da manatla verilməyib. Məsələn, futzalçılar Avropa çempionatına çıxdıqları üçün pul mükafatını ala bilməyiblər.

Peresin həqiqəti deməsinə baxmayaraq, Zaur Axundovdan sərt açıqlama alması, pul mükafatlarının azaldılması, əvəzetmələr zamanı prezidentin onun işinə qarışması və bu kimi məsələlər üst-üstə yığılınca, ayrılıq qaçılmaz oldu. Nəticədə qəfil gedişin səbəbi kimi isə "ailə məsələsi" ortaya atıldı.

Əldə etdiyimiz məlumata görə, Tino Peres işsiz qalmayacaq. 5 gün sonra 47 yaşını qeyd etdikdən sonra biz onu böyük ehtimalla, Yaponiya millisinin sükanı arxasında görəcəyik. 

Qaynarinfo.az