XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dünya çempionatlarında qırılması çətin olan rekordlar
İdman10:21 16.06.2022

Dünya çempionatlarında qırılması çətin olan rekordlar

Dünya çempionatı tarixdə ilk dəfə yayda deyil, qışda baş tutacaq. Söhbət Qətərdə keçiriləcək DÇ-2022-dən gedir. Təbii ki, mündialda dünyanın ən məşhur futbolçularından bəziləri öz bacarıqlarını nümayiş etdirəcək və kuboku ölkələrinə gətirməyə çalışacaq. Eyni zamanda onlar bu yolda yeni rekordlar qırmağa can atacaqlar.
İndiyə qədər dünya çempionatlarında bir çox rekordlar qeydə alınıb. Hansı ki, bunlardan bəzilərinin təkrarlanması və ya qırılması çox çətindir, hətta mümkünsüzdür. 
Qaynarinfo belə rekordların siyahısını təqdim edir.
Ən çox tamaşaçı

FIFA Dünya Kuboku oyununa gələn ən yüksək tamaşaçı sayı 1950-ci ildə Braziliyadakı "Marakana" stadionunda qeydə alınıb. Həmin vaxt Braziliya və Uruqvay milliləri arasında keçirilən final matçını 173.830 nəfər izləyib. Qarşılaşmada Uruqvay ev sahibi Braziliyanı 2:1 hesabı ilə məğlub edərək "Jül Rime" kubokunu başı üzərinə qaldırıb. Bu rekordu qırmaq çox çətin olacaq, çünki müasir stadionlar əvvəlki kimi böyük deyil.
Ən gənc və yaşlı məşqçilər

 
Bu rekord 1930-cu ilin dünya çempionatında qeydə alınıb. Argentina yığmasını Fransa ilə matça 27 yaş 267 günlük olan argentinalı Xuan Xose Tramutola çıxarıb. Hazırda əksər ölkələrdə gənclərə deyil, daha çox təcrübəyə malik olanlara üstünlük verilildiyi üçün bu rekordun qırılması bəlkə də uzun zaman alacaq.
Ən yaşlı məşqçi isə Otto Rehagel olub. O, Cənubi Afrikada keçirilən mundialda Yunanıstanın baş məşqçisi kimi debüt edəndə 71 yaş 317 günlük idi.
İki dəfə dünya çempionu olan yeganə məşqçi

İtaliyalı Vittorio Pozzo iki dəfə mundialı qazanan yeganə məşqçidir. Pozzo İtaliya millisi ilə1934-cü ildə ölkəsində və 1938-ci ildə Fransada təşkil olunan dünya çempionatında ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb. Pozzodan sonra DÇ tarixində bu sevinci ardıcıl olaraq iki dəfə yaşayan heç bir məşqçi yoxdur. 2014-cü ildə Almaniyanı çempionluğa aparan Yoahim Löv 2018-ci ildə Rusiyada eyni uğuru təkrarlasaydı, Pozzo ilə rekorda şərik olacaqdı.
Dünya çempionatlarında ən çox iştirak etmiş məşqçi

Braziliyalı məşqçi Karlos Alberto Parreyra mundial tarixində ən çox turnirə qatılan məşqçidir. Parreyra ümumilikdə 6 dünya çempionatında iştirak edib. O, 1982, 1990, 1994, 1998, 2006 və 2010-cu illərdə dünya çempionatlarında məşqçi kimi iştirak edib və rekorda sahib olub. Buna baxmayaraq, mütəxəssis yeganə dünya çempionluğunu 1994-cü ildə ABŞ-da keçirilən yarışda Braziliya ilə qazanmışdı.
Ən çox komanda çalışdırmış mütəxəssislər

Braziliyalı Karlos Alberto Parreyra və Bora Milutinoviç dünya çempionatında müxtəlif ölkələrin milli komandalarını ən çox çalışdıran məşqçilər kimi qeydə alınıb. Hər iki məşqçi kubok tarixində 5 fərqli ölkənin milli komandasını meydana çıxarıb. Parreyra 1982-ci ildə Küveyti, 1990-cı ildə Birləşmiş Ərəb Əmirliklərini, 1994 və 2006-cı ildə Braziliyanı, 1998-ci ildə Səudiyyə Ərəbistanını, 2010-cu ildə isə CAR-ı çalışdırıb. Braziliyalı çalışdırıcı yalnız 1994-cü ildə ölkəsini çempionluğa apara bilib. 
Serb məşqçi Milutinoviç isə 1986-cı ildə Meksikaya, 1990-cı ildə Kosta-Rikaya, 1994-cü ildə ABŞ-a, 1998-ci ildə Nigeriyaya, 2002-ci ildə Çinə rəhbərlik edib və çempion ola bilməyib.
Fransız Henri Mişel Fransa, Kamerun, Mərakeş və Fil Dişi Sahili ilə ümumilikdə 4 müxtəlif komandanın baş məşqçisi kimi mundiallarda iştirak edib. 
Həm məşqçi, həm də futbolçu kimi çempion olanlar

Braziliyalı Mario Zaqallo və alman Frans Bekkenbauer həm futbolçu, həm də məşqçi kimi çempionluq qazanmağı bacarıblar. Zaqallo 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə  isə məşqçi kimi Braziliya millisini zirvələrə daşıyıb.
"İmperator" ləqəbli Bekkenbauer 1974-cü ildə dünya çempionatını kapitan, 1990-cı ildə isə məşqçi kimi Almaniyaya dünya çempionluğunu qazandırıb.
Ən çox oyun keçirən və qələbə yaşayan məşqçi

Helmut Şön dünya çempionatında ən çox oyunda iştirak edən məşqçi olub. O, 1966-1978-ci illərdə 25 dəfə Almaniya milli komandasının başında meydana çıxıb və bu rekordu müəyyənləşdirib. Karlos Alberto Parreyra 24 oyunla ikinci, Mario Zaqallo və Bora Milutinoviç isə hərəyə 20 oyunla üçüncüdür. 
Şön həm də mundialda qələbə sevincini ən çox yaşayan məşqçi kimi də tarixə düşüb. Alman mütəxəssis 1966-1978-ci illərdə ölkəsinin milli komandası ilə birlikdə 16 qələbə qazanıb.
Bir oyunda ən çox qol vuran fubolçu

1994-cü ildə rusiyalı Oleq Salenko ABŞ-da keçirilən dünya çempionatında Kameruna beş qol vurmaqla tarixə düşüb. O, dünya çempionatlarında bir matçda ən çox qol vuran futbolçu hesab olunur.
Mundialda ən çox qol vuran futbolçu

Bu rekord fransız əfsanə Cust Fontainə məxsusdur. O, 1958-ci ildə keçirilən dünya çempionatında ümumilikdə 13 qola imza atıb.
Ən erkən qol
Türkiyə millisinin əfasnəsi Hakan Şükürə məxsus olan bu rekord hələ ki, ünvanını qoruyub saxlamaqdadır. Şükür bu qolu 2002-ci ildə Cənubi Koreya millisi ilə matçın 11-ci saniyəsində reallaşdırıb.
Final mərhələlərində ən çox qol vuran futbolçu

Bu rekord Almaniya millisinin sabiq üzvü Miroslav Klozeyə aiddir. O, 2002-2014-cü illər aralığında keçirilən dünya çempionatlarının final mərhələlərində 16 qol vurmaqla bu ünvanı saxlayır.
Ən sürətli het-trik

Macarıstanlı Laszlo Kiss 1982-ci ildə keçirilən dünya çempionatında El Salvador millisinin qapısına 8 dəqiqə ərzində üç qol vurduqdan sonra bu rekordu müəyyənləşdirib. O, həm də meydana sonradan çıxmaqla ən sürətli het-rik etmə rekorduna sahibdir.
Ən tez qırmızı vərəqə

Dünya çempionatlarında ən sürətli qırmızı vərəqə rekordu uruqvaylı Xose Batistaya məxsusdur. O, 1986-cı ildə keçirilən yarışda Şotlandiya ilə oyunda meydana çıxdıqdan cəmi 56 saniyə sonra qırmızı vərəqə ilə cəzalandırılıb.
Ardıcıl qələbələr

Braziliya 2002 və 2006-cı illərdə keçirilən dünya çempionatlarında ümumilikdə ardıcıl 11 matçda qələbə qazanmaqla bu rekordu müəyyənləşdirib. Beşqat dünya çempionlarının ardıcıl qələbələr seriyası 2002-ci il dünya çempionatının finalında Almaniyanı 2:0 hesabı ilə məğlub etməklə başlayıb. 
Ardıcıl məğlubiyyət

Bu anti-rekordu Meksika millisi 1930-1958-ci illər aralığında müəyyənləşdirib. Komanda həmin illərdə keçirilən dünya çempionatlarında 9 ardıcıl məğlubiyyətlə üzləşib. Seriya 1930-cu ildə Fransaya 1:4 hesablı məğlubiyyətlə başlayıb və 1958-ci ildə İsveçə 0:3 hesablı məğlubiyyətlə başa çatıb. 
Bu rekordlardan yalnız biri qırıla bilər. Fransa millisi Qətərdə təşkil olunacaq mundialda yenidən finala qədər gedə bilsə, Braziliyanın ardıcıl 11 qələbə rekordunu geridə qoya bilər.
Səbuhi Həsənov