Xəbər lenti

Dünya çempionatlarının uğurlu və uğursuz ev sahibləri
İdman08:46 09.11.2022

Dünya çempionatlarının uğurlu və uğursuz ev sahibləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ay Qətərdə keçiriləcək mundial futbol tarixində 22-ci dünya çempionatı olacaq.

Qaynarinfo xəbər verir ki, geridə qalan  dünya çempionatlarına aid bir sıra maraqlı statistikalar var. Bunlardan biri də çempionatı təşkil edən ölkələr, yəni meydan sahibləri ilə bağlıdır. Belə ki, ilk dəfə 1930-cu ildə Uruqvayda baş tutan dünya çempionatı daha sonra müxtəlif ölkələrdə 21 dəfə təşkil olunub. Statistikaya əsasən bunların yalnız 6-da yarışın keçirildiyi ölkələrin komandaları çempion olub. Ev sahibi ölkələr ilk iki çempionatın qalibi adını qazanıblar. Son 5 yarışda isə ev sahibi olmayanlar zirvəyə yüksəlib. 

Ölkəsində keçirilən çempionatın qalibləri hansılardır?

1930-cu ildə Uruqvay, 1934-cü ildə İtaliya öz evlərində keçirilən turnirlərdə azarkeşlərinə çempionluq sevinci yaşatmışdı. İngiltərə isə 1966-cı ildə ilk və hələlik yeganə çempionluğunu qazanıb. 1974-cü ildə Qərbi Almaniya, 1978-ci ildə Argentina və nəhayət 1998-ci ildə Fransa doğma azarkeşləri önündə dünya kubokunu başları üzərinə qaldırmışdı.
Son 5 mundialda isə ev sahibi olmayan ölkələr kuboku başları üzərinə qaldırmağı bacarıb. 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın birgə ev sahibiliyi etdiyi yarışda Braziliya millisi 5-ci dəfə dünyanın ən güclüsü olduğunu sübut etmişdi.  2006-cı ildə Almaniyada keçirilən yarışı İtaliya qazanmışdısa, 2010-cu ildə Cənubi Afrika Respublikasında İspaniya çempion olmuşdu. 2014-cü ildə Braziliyadakı mundialı Almaniya qalib kimi bitirmişdi. Sonuncu, 2018-ci ildə keçirilən dünya çempionatının qalibi isə Fransa millisi olub.

Öz ölkələrində finala çıxan və məğlub olan komandalar

1950-ci ildə Braziliya, 1958-ci ildə İsveç öz ölkələrində keçirilən dünya çempionatının finalında oynasalar da, çempionluğu qazana bilmədilər. 1950-ci ildə statusuna görə heç-heçənin belə kifayət etdiyi finalda doğma azarkeşlər önündə Uruqvaya 2:1 hesabı ilə məğlub olan Braziliya tarixində ilk dəfə çempionluq şansını itirmişdi. İsveç millisi isə 1958-ci ildə keçirilən dünya çempionatının finalında Braziliyaya 2:5 hesabı ilə məğlub olaraq gümüş medallarla kifayətlənmişdi.

Ev sahiblərinin göstəriciləri

Çempion olmayan və finala çıxa bilməyən ev sahibi ölkələrin dünya çempionatındakı göstəriciləri isə belədir:

Fransa (DÇ 1938): 1/4 finalda İtaliyaya 1:3 hesabı ilə uduzdu.
İsveçrə (DÇ 1954): 1/4 finalda Avstriyaya 5-7 hesabı ilə uduzdu.
Çili (DÇ 1962): Yarımfinalda Braziliyaya 2:4 hesabı ilə məğlub oldu.
Meksika (DÇ 1970): 1/4 finalda İtaliyaya 1:4 hesabı ilə uduzdu.
İspaniya (DÇ 1982): İkinci turda Qərbi Almaniya və İngiltərə ilə birlikdə mübarizə apardığı qrupda sonuncu yeri tutaraq mübarizədən kənarlaşdırıldı.
Meksika (DÇ 1986): 1/4 finalda Qərbi Almaniyaya penaltilərdə 1:4 hesabı ilə uduzdu.
İtaliya (DÇ 1990): İngiltərəni 2-1 hesabı ilə məğlub edərək dünya üçüncüsü oldular.
ABŞ (DÇ 1994): 1/8 finalda Braziliyaya 0:1 hesabı ilə uduzaraq DÇ-dən kənarda qaldı.
Cənubi Koreya və Yaponiya (DÇ 2002): Hər iki milli Türkiyəyə məğlub oldu. Cənubi Koreya 2-3 hesabı ilə uduzub, dördüncü yeri tutdu. Yaponiya isə 1/8 final mərhələsində 0:1 hesablı məğlubiyyətlə yarışı tərk etdi.
Almaniya (DÇ 2006): üçüncü yer uğrunda görüşdə Portuqaliyaya 3-1 hesabı ilə qalib gələrək bürünc medalları qazandı.
Cənubi Afrika (DÇ 2010): Uruqvay, Meksika və Fransanın yer aldığı A qrupunda 3-cü yeri tuaraq mübarizədən kənarlaşdırıldı. Cənubi Afrika həm də dünya çempionatına ev sahibliyi edən, lakin qrup mərhələsini keçə bilməyən ilk ölkə kimi tarixə düşdü.
Braziliya ( DÇ 2014): Yarımfinalda Almaniyaya tarixi hesabla (7-1) məğlub oldu. Daha sonra üçüncü yer uğrunda oyunda Niderlandla qarşılaşmada 0:3 hesablı məğlubiyyətlə barışmaq məcburiyyətində qaldı.
Rusiya (DÇ 2018): 1/4 finalda Xorvatiyaya penaltilərdə 4:3 hesabı ilə uduzdu.

Səbuhi Həsənov