
İtaliya millisinin sabiq hücumçusu, hazırda "Verona" klubunun şərəfini qoruyan Luka Toni bu bazar karyerasını bitirəcək.
Qaynarinfo.az xəbər verir ki, 38 yaşlı hücumçu bunu bu gün keçirdiyi mətbuat konfransında söyləyib.
Mayın 26-da 39 yaşını qeyd edəcək futbolçu sabiq komandası "Yuventus"la ev oyununda sonuncu dəfə peşəkar futbolçu kimi meydana ayaq basacaq.
Qeyd edək ki, Toni 22 illik karyerası dönəmində 15 klubun şərəfini qoruyub. O, 545 matçda 272 qol vurub. "Bavariya" ilə 2 dəfə Almaniya çempionu və eyni sayda həmin ölkənin kubokunu qazanıb. 2006-cı ildə İtaliya dünya çempionu olan vaxt Toni də bu millinin heyətində olub. 2005/06 mövsümündə "Fiorentina"nın heyətində vurduğu 31 qola görə Qızıl buts qazanıb. O, ötən mövsüm "Verona"nın futbolçusu kimi 22 qol vurmaqla "İnter"in oyunçusu Mauro İkardi ilə birgə bombardir olub. Luka bu yaşda İtaliya A Seriyasında bombardir olan ilk futbolçu kimi tarixə düşüb.
Onu da bildirək ki, mövsümün sonuna 2 tur qalsa da, Luka Toninin indiki komandasının A Seriyasını tərk edəcəyi dəqiqləşib. Belə ki, "Hellas Verona" kimi də tanınan onun komandası sonuncu pillədədir.
Qaynarinfo.az