Dopinq testi zamanı qanında qadağan olunmuş maddə aşkar edilən rumıniyalı tennisçi Simona Halep idmandan müvəqqəti uzaqlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Beynəlxalq Tennis Dürüstlük Birliyi (ITIA) məlumat yayıb. Açıqlamada karyerasında iki dəfə Böyük Dəbilqə turnirinin çempionu olan Halepin ABŞ Açıq çempionatı zamanı verdiyi test nümunəsində qadağan olunmuş "roksadustat" maddəsinin tapıldığı bildirilib. Sabiq dünya çempionunun "B" nümunəsi analiz olunarkən burada da eyni maddənin aşkarlandığı bildirilib.
31 yaşlı tennisçi sosial media hesabı vasitəsilə verdiyi açıqlamada həyatının ən böyük şokunu yaşadığını bildirib: "Bu gün həyatımın ən çətin matçı başlayır - həqiqət uğrunda mübarizə. Aldatmaq karyeramda heç vaxt ağlımdan keçməyib. Bu, bütün dəyərlərimə ziddir. Bu, çempionluqlar və ya pulla bağlı deyil, şərəf və tennislə mənim 25 il ərzində inkişaf etdirdiyim sevgi hekayəsidir" - ifadələrinə yer verib.
2018-ci ildə "France Open"i qazanan, 2019-cu ildə isə "Uimbldon"da birinci olan idmançı, "roksadustat" maddəsinin çox cüzi miqdarda müsbət nəticə verdiyini və sona qədər mübarizə aparacağını bildirib.
Halep sentyabrda verdiyi açıqlamada daha rahat nəfəs almaq üçün burnundan əməliyyat olunacağını və mövsümü bağladığını bildirib.
Rumıniyalı idmançı qadınların dünya reytinqində 9-cu yeri tutur.
Səbuhi Həsənov