"Səbail" klubundan ayrılan ulduz futbolçu Maykl Essyen Azərbaycanla vidalaşıb.
Qaynarinfo xəbər verir ki, 38 yaşlı qanalı yarımmüdafiəçi "Instagram" hesabından paylaşım edib.
Essyen Azərbaycanda oynamasının onun üçün xoş olduğunu bildirib: "Yenidən görüşənədək güclü və sağlam qalın".
Bir neçə gündü Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızı da unutmayan futbolçu bu sözləri yazıb: "Şəhidlər ölməz, vətən bölünməz".
Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından "Səbail"də çıxış edirdi. Qanalı futbolçu karyerası ərzində Fransanın "Bastiya", "Lion", İngiltərənin "Çelsi", İspaniyanın "Real", İtaliyanın "Milan", Yunanıstanın "Panatinaikos" və İndoneziyanın "Persib Bandunq" klublarında çıxış edib.