Ekonomiks 09:36 20.05.2022

Dünyanı aclıq gözləyir, Azərbaycan ərzaq qıtlığı ilə üzləşə bilərmi? - Ekspert

"Ərzaq qıtlığının aradan qaldırılması üçün taxıl məhsulları üzrə istehsalın diversifikasiyasına, şaxələndirilməsinə gedilməlidir”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli dünyada bahalaşmanın sürətləndiyi bir məqamda qlobal qiymət artımının qarşısını necə almağın yollarından danışarkən deyib:
 
”İndiki məqamda qlobal qiymət bahalaşmasını durdurmaq mümklün deyil. Çünki dünyanın ən böyükl ərzaq təminatçıları Rusiya və Ukraynadır. Bitki yağları və ərzaq buğdası üzrə dünya tələbatının 35-40 faizini bu iki ölkə ödəyir. Amma sanksiya üzündən Rusiyanın ixracı dayanıb. Ukrayna isə müharibə səbəbindən ixracatda mühüm rol oynayan limanlardan məhrum olunub. Hindistanda güclü sel taxıl zəmi və anbarlarını yuyub. Ona görə bu ölkə də ixracı dayandırıb. Pakistan da bu istiqamətdə addım atmağa hazırlaşır. Belə şəraitdə qısa müddətdə ərzaq bahalaşmasının qarşısını almaq qeyri-mümkündür. Dünyada elə ölkələr var ki, orada da ərzaq buğdası yetişir, amma baha başa gəlir. Bu mənada qıtlığın aradan qaldırılması üçün həmin məhsullar üzrə istehsalın diversifikasiyasına, yəni şaxələndirilməsinə gedilməlidir”.

Azərbaycana gəldikdə isə, ekspert qeyd edir ki, ölkəmizdə qiymət artımının qarşısını almaq üçün ilk növbədə monopoliyaya son qoyulmalıdır:"Monopoliya aradan götürülməsə, idxaldan asılılığı da azalda bilməyəcəyik. Çünki  inhisarçılıq inkişafı, rəqabəti cilovlayır”. 

Rüfət Sultan