Sərvətinə görə dünyanın ən zəngin futbolçusu kimi tanınan 23 yaşlı Faiq Bolkiyanın yeni komandası bəlli olub.
Qaynarinfo xəbər verir ki, futbolçu Tayland Liqasının komandalarından biri, "Çonburi" ilə anlaşıb. Yeni klubu Bolkiyanı rəsmi internet saytında "dünyanın ən zəngin futbolçusu" olaraq təqdim edib.
Faiq Bolkiya 19 milyard dollarlıq sərvəti ilə tanınan Bruney sultanı Hassanal Bolkiyanın qardaşı oğludur. ABŞ vətəndaşlığı da olan 23 yaşlı gənc karyerasına 2009-cu ildə "Sauthempton"un akademiyasında başlayıb və 2013-cü ildə "Çelsi"yə yollanıb. Ardınca "Lester"ə keçən sultanın qardaşı oğlu burada da özünü doğrulda bilməyib.
İngiltərədə özünə yer tapa bilməyən futbolçu bu dəfə Portuqaliyaya yollanıb. "Maritimo" ilə müqavilə bağlasa da, burada uzun müddət oynaya bilməyib. Cəmi bir dəfə "Maritimo"nun B komandasının formasını geyinən futbolçu A komandasında şans qazanmayıb. Nəhayət Portuqaliya klubu dekabrın ortalarında Bolkiya ilə müqaviləni ləğv edib.
Bolkiya Bruney millisinin heyətində cəmi 6 oyunda iştirak edib.
Gənc futbolçu kral ailəsinin sərvətinin varislərindən biridir. Onun atası Şahzadə Jefri və əmisi Sultan Hassanal Bolkiya avtomobil həvəskarları olması ilə tanınırlar. Sultanın 2500-ə yaxın avtomobildən ibarət unikal kolleksiyası olsa da sonradan kral ailəsinə vurduğu maddi ziyana görə dağılıb.
Bruney Cənub-Şərqi Asiyada Borneo adasında yerləşən bir ölkədir. Bandar Seri Begevan, təxminən 437 min əhalisi olan bu ölkənin paytaxtıdır. Ölkənin əsas gəlir mənbələri neft və təbii qazdır. Bruney Qətərdən sonra dünyanın ikinci ən zəngin ölkəsi kimi tanınır.
Səbuhi Həsənov