Xəbər lenti

Dustağı həbsdən çıxarmaq istədi, özü türməyə düşdü
Ölkə16:34 15.02.2015

Dustağı həbsdən çıxarmaq istədi, özü türməyə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Natiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
İttihama görə, əslən Tovuz rayonundan olan 1970-ci il təvəllüdlü Natiq Tağıyev tanışı Mənsur Sərabinin etibarından sui-istifadə edərək onun Dağıstan universitetlərinin birində təhsil alan oğlunu Təfəkkür Universitetinə köçürəcəyi adı ilə aldadaraq 9 min manat pulunu ələ keçirib.
Bundan başqa Natiq Tağıyev Afət Mehdiyeva adlı bir vətəndaşın pulunu dələduzluq yolu ilə mənimsəyib. Belə ki, N.Tağıyev A.Megdiyevanı sonuncunun qardaşı - Ağstafa Rayon Məhkəməsinin 18 mart, 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin əldə olunması) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilən İlqar Mehdiyevi həbsdən azad etdirəcəyi vədi ilə aldadaraq 3200 manat pulunu mənimsəyib.
Törətdiyi cinayət əməlinə görə N.Tağıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Natiq Tağıyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Mənsur Sərabini dostu Yusifin vasitəsilə tanıdığını göstərib: “Yusiflə 15 ildir ki, dostuq. 2012-ci ilin aprel ayı idi. Yusiflə birlikdə “Nərimanov” metrosu yaxınlığındakı çayxanada oturub çay içirdik. Yusifin bacısı oğlu Taleh də yanımızda idi. Söhbət əsnasında Taleh Dağıstanda təhsil aldığını deyərək Bakıdakı təhsil müəssisələrinin birində təhsilini davam etdirmək istədiyini bildirdi.
Bir qədər sonra Talehin atası Mənsur Sərabi də gəldi. Mənsura müəllim işlədiyimi və onlara kömək edə biləcəyimi dedim. Oğlunun işinin düzəlməsi üçün 8000, dövlət imtahanı üçünsə 1000 manat pul lazım olduğunu dedim. Təxminən on gündən sonra Mənsur həmin məbləği gətirib mənə verdi”.
N.Tağıyevin ifadəsinə görə, həmin ərəfələrdə Təhsil Nazirliyində rəhbərlik dəyişilib və Talehin Təfəkkür Universitetinə dəyişdirilməsi məsələsi alınmayıb. N.Tağıyev isə M.Sərabidən aldığı pulları öz ehtiyaclarına xərcləyib. Aldadıldığını görən M.Sərabi sonunda hüquq-mühafizə orqanlarına müraciət edib: “Maddi çətinliklərim olduğuna görə onun pulunu qaytara bilmirdim. Mənsur hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra onun pulunun hamısını qaytardım”.
Təqsirləndirilən şəxs ifadəsində Naib Quliyevdən qaynını həbsdən azad etdirmək məqsədi ilə pul almadığını göstərib: “Naibdən 3000 manat borc pul almışdım. Bundan bir müddət sonra Naib mənə qaynının həbsdə olduğunu, ona köməklik edilməsi üçün adam axtardığını dedi. Naibə yaxşı vəkil tapacağımı, qaynına kömək edəcəyimi dedim. O pulu Naibin qaynını həbsdən azad etdirmək məqsədilə deyil, borc olaraq almışam”.
Zərərçəkmiş şəxs qismində dindirilən Mənsur Sərabi ifadəsində oğlu Talehin 2006-cı ildə Humanitar Universitetin Dağıstan filialının iqtisadiyyat fakültəsinə qəbul olunduğunu, son zamanlar oğlunu Təfəkkür Universitetinə köçürmək istədiyini bildirib: “Bu barədə qaynım Yusifə demişdim. Yusif də Natiq adlı şəxsin bu məsələni həll edə biləcəyini dedi. Natiqlə görüşüb ona 9 min manat verdim. 2012-ci ilin sonlarında Natiqlə əlaqə saxlayaraq iş barədə maraqlandıqda dedi ki, Təhsil Nazirliyində kadr dəyişiklikləri gedir, bir qədər gözləmək lazımdır. Sonradan məlum oldu ki, oğlumun sənədləri Dağıstan Respublikasından Təfəkkür Universitetinə gəlib. Lakin sənədlər düzgün olmadığından Təhsil Nazirliyində onun adına diplom çıxmayıb.
Dəfələrlə Natiqlə əlaqə saxlayıb pulumu geri tələb etdim. Hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan boyun qaçırırdı. 2014-cü ilin avqust ayında Xətai Rayon Prokurorluğuna ərizə ilə müraciət etdim. Bundan sonra mənə dəymiş ziyan tam olaraq ödənildi. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbim yoxdur”.
Zərərçəkmiş şəxs qismində dindirilən Afət Mehdiyeva ifadəsində qardaşı İlqar Mehdiyevin 4 il müddətinə azadlıqdan məhrum edildiyini, cəzasının yüngülləşdirilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə müraciət etdiklərini göstərib: “Həmin ərəfədə həyat yoldaşım Naib Bakı şəhərində Natiq adlı bir nəfərlə tanış olub. Həmin şəxs də qardaşımın həbsdən azad olunmağına kömək edəcəyini və bu işin müqabilində 3000 manat pul lazım olduğunu deyib. Yoldaşım Naib həmin pulu ona verib. Natiq pulu alandan sonra Gəncə Apelyasiya Məhkəməsindən İlqarın buraxılacağına söz verib”.
Zərərçəkmişin sözlərinə görə, Gəncə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra həm özü, həm də həyat yoldaşı dəfələrlə N.Tağıyevə zəng vuraraq bu işin aqibəti barədə maraqlanıblar. N.Tağıyev isə hər dəfə onlara başqa nağıl danışıb: “Gah deyirdi vəkil ölüb. Gah da işin başqa hakimlə danışıldığını, sonradan başqa bir hakimə tapşırıldığını deyirdi. Sonradan Natiq bu məsələni Ali Məhkəməyə verib İlqarı oradan azadlığa buraxdıracağını dedi. Lakin Natiq yenə də yalan danışıb bizi aldatdı. Məlum oldu ki, heç Ali Məhkəməyə müraciət olunmayıb. Bizi aldatdığını biləndən sonra dəfələrlə zəng vurub pulumuzu geri istədik. Natiqin hər dəfə müxtəlif bəhanələr gətirdiyini görüncə Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim”.
Zamində olan Natiq Tağıyev məhkəmənin hökmü ilə elə məhkəmə zalındaca həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynar.info