
"Hətta məktəbin koridorunda imtahan belə keçirirlər, bilmirik təhsil almağa gəlimişik, yoxsa avtomobil təmiri dərsləri almağa"
Paytaxtın Nizami rayonu ərazisində yerləşən Bakı Texniki Kolleci haqqında musavat.com-a şikayət daxil olub. Şikayətçilərin dediklərinə görə, kollec rəhbərliyi öz vəzifələrindən sui-istifadə edərək kollecin bir hissəsini qanunsuz şəkildə icarəyə verib. İcarə verilən ərazidə isə avtomobil təmiri, yuyulması kimi obyektlər işlədilir.
Şikayətlə bağlı adı çəkilən kollecdə olduq. Həqiqətən də kollecin bir hissəsi hasara alınaraq obyekt kimi işlədilirdi. Avtomobil təmiri və yuyulması ilə məşğul olan bu obyektdə 10- dan çox işci var idi. Obyekt sahibi ilə əlaqə saxlamaq istəsək də onu tapmaq mümkün olmadı.
Sakinlər şikayət edir...
Ətrafda yaşayan sakinlərin dediklərinə görə, bu obyektlər 4-5 ildən çoxdur ki, burada fəaliyyət göstərir. "Mən beş ildir ki, burda yaşayıram. Bu obyektlər də mən bura köçəndən burdadır. Bəlkə də daha öncədən də fəaliyyət göstərir. Amma heç doğru bir şey deyil. Təhsil ocağında avtomobil təmir edirlər. Gülməlidir, həqiqətən çox gülməlidir. İkinci mərtəbədə şagirdlər dərs keçir, birinci mərtəbədə kimsə dəmir döyəcləyir. Yuxarılar görmürlər ki, kollecin bir hissəsi təmirxana olub?"
Kollecin yaxınlığında yaşayan, adını vermək istəməyən digər şəhər sakininin dediklərinə görə, Bakı Texniki Kolleci Azərbaycan təhsilinin üz qarasıdır. "Bu kollec təhsilimizin üz qarasıdır. Tamamilə biabırçılıqdır, belə şey olmaz. Onsuz da təhsil sistemimiz bərbaddır, rüşvətxorluq baş alıb gedir. İndi də təhsil ocaqlarını obyektə çevirib, ciblərini doldururlar. Hər şeydən pul qazanmağı bacarırlar. İndi binanın bir hissəsini obyektə çevirən insan, sabah bütün tələbələri binadan çıxarıb, tamamilə satsalar təəccüblənmərəm. Binanı gözəllik salonu, çayxana, şadlıq sarayı edərlər ki, təki pul olsun. Təzə nazir gələndən sonra ümidlənmişdim ki, bəlkə bu qanunsuzluqların kökü kəsilər, amma hələ ki, nəticəsi yoxdur."
Tələbələr şikayət edir...
“Bilmirik təhsil almağa gəlimişik, yoxsa avtomobil təmiri dərsləri almağa. Bilmirik kimə şikayət edək, dərdimizi kimə danışaq. Səsimizi çıxara bilmirik, sizə danışdığımızı bilsələr, bizi kollecdən çıxararlar. Kollecin direktoru Ramazan Məmmədovun bu obyektdən guya xəbəri yoxdur? Onlardan aylıq pul aldığını eşitmişik, pulsuz olası deyil ki. .."
Ekspert rəyi...
Musavat.com-a açıqlama verən hüquq müdafiəçisi Fariz Namazlının dediklərinə görə, dövlətə məxsus təhsil ocağının başqa məqsədlərlə icarəyə verilməsi və ya satılması qanunsuzdur. "Bu kollec əgər dövlətə məxsusdursa, onu heç kəs bir başqasına istər tam, istər bir qismini icarəyə verə bilməz. Bunu da Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi qərar verə bilər. Onların qərarı əsasında özəlləşdirilmə aparıla bilər, amma onun da öz qanunları var. İcarə o zaman gərçəkləşə bilər ki, icarəyə verilməsi planlaşdırılan ərazidə də təhsil ocağı yaradılmış olsun. Başqa məqsədlərlə qulluq edəcək bir obyekt üçün təhsil ocağının icarəyə verilməsi mümkün deyil və bu tamamı ilə qanunsuzdur."
Tələbələrin şikayəti bununla bitmir. Onlar kollecdə ayaq tutub yeriyən rüşvətlərdən boğaza yığıldıqlarını deyirlər. "Onsuz da kollecimizdə rüşvət baş alıb gedir, bir də bu qanunsuzluqlar bizi boğaza yığıb. Görün, hansı vəziyyətdir ki, biri-birimizlə dərslərdən danışmaq əvəzinə, hansı imtahanda, hansı müəllimə nə qədər rüşvət verəcəyimizdən danışırıq. Hər imtahanda pul verməkdən nə cibimizdə bir qəpik pul qalıb, nə də valideyinlərimizdən pul istəməyə üzümüz. Pul almaq üçün başımıza min oyun açırlar. İmtahanlar zamanı, vaxtın bitməsinə 30 dəqiqə qalmasına baxmayaraq, imtahan vərəqələri əlimizdən alınır ki, yaza bilməyək. Kəsirə düşməmək üçün biz də məcbur pul verək".
Tələbələr daha çox kollecin tədris işləri üzrə direktor müavini Fərrux Məmmədovdan şikayət edirlər. Onların dediklərinə görə, Fərrux Məmmədov onlardan pul qoparmaq üçün hər cür yola əl atır. "Hətta məktəbin koridorunda imtahan belə keçirir. Bizdən pulu təkcə Fərrux müəllim almır, ondan başqaları da var. Kollecin şöbə müdiri Raziyyə xanım və bir neçə müəllim. Pulu bizdən yığıb, kollecin direktoru Ramazan müəllimə verirlər".
Bu kolleclə bağlı ilk şikayət deyil. Daha öncə də bu kollecdə tələbələrdən alınan rüşvətlərlə bağlı xəbərlər yayılmışdı. Bakı Texniki Kolecində hər tələbədən imtahan və "zacot" lar üçün 300 manatdan pul yığılması ilə bağlı bir neçə mətbuat orqanında xəbərlər getmişdi. Kollecin şöbə müdiri Raziyyə xanımın adı bir neçə dəfə rüşvət almaqda hallanırdı. O zamanlarda təhsil naziri Misir Mərdanov idi və heç bir tədbir görülməmişdi. Bəs bundan sonra nəsə tədbir görüləcəkmi, çünki rüşvətdə adı hallananlar hələ də eyni kollecdə çalışırlar.//musavat.com










