"Hesab edirəm, bu proqramın Azərbaycanın istedadlı gəncləri və gələcək nəsli üçün böyük faydası olacaq. Çünki həmin tələbələr dünyanın ən yaxşı ali təhsil müəssisələrində təcrübə keçib, tədris alacaqlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli Prezident İlham Əliyevin "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamını şərh edərkən deyib. Ekspert hesab edir ki, həmin gənclər xarici ölkələrdə təhsili başa vurandan sonra Azərbaycana faydalı bir vətəndaş olaraq geri qayıdacaqlar:
"Sərəncama əsasən, 2022-2026-cı illər üçün dövlət proqramı təsdiq edilib. Bu kimi tədbirlər əvvəlki illərdə də olub. Sadəcə, bir neçə ildir, sözügedən məsələyə fasilə verilmişdi. Təcrübə göstərir ki, əvvəlki illərdə Avropa ölkələrinə göndərilən tələbələrin bir çoxu təhsili başa vurduqdan sonra ölkəyə qayıtmadılar. Bu məsələni əsas gətirib Azərbaycandan proqram əsasında xarici ölkələrə təhsil almağa göndərilməsi prosesi dayandırılmışdı. Görünür, sosial şəbəkə və mətbuatda gedən təkliflər, müzakirələr, qınaqlar bu məsələdə rol oynadı. Ona görə də yenidən Avropa ölkələrində təhsil almağa bir zərurət yaranıb və nəticədə 2022-2026-cı illər üçün Dövlət Proqramı təsdiq olunub”.
Qeyd edək ki, Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Bahar Rüstəmli