Xəbər lenti

Dövlət və vergilər: Dövlət büdcəsinə ödənilən vergilər nəyə xərclənir?
Ekonomiks11:31 14.07.2016

Dövlət və vergilər: Dövlət büdcəsinə ödənilən vergilər nəyə xərclənir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət və vergi: simbioz həyat
Dövlətin mənşəyi haqqında, yəni dövlətin niyə və necə yaranması barəsində bir neçə nəzəriyyə mövcuddur. Onlardan biri də ictimai müqavilə nəzəriyyəsidir. Görkəmli mütəfəkkirlərdən Nəsirəddin Tusi, Jan Jak Russo, Hüqo Qrotsi və Deni Didro məhz bu nəzəriyyəni müdafiə etmişdilər. Nəzəriyyəyə görə, insanlar könüllü olaraq öz azadlıqlarının bir hissəsini itirməyə razı olur, onları “dövlət” adlı quruma verirlər. Dövlət isə bunun əvəzində əhalini mühafizə qurumları, təhsil, səhiyyə sistemi və digər lazımi orqanlarla təmin edir. Bütün bunları maliyyə cəhətdən təmin etməyin yolu isə təbii ki, vergilərdir. Heç təsadüfi deyil ki, siyasi elmdə dövlətin əsas əlamətlərindən biri əhalidən vergi və mükəlləfiyyətlər toplamaq hüququdur.
Vergi dövlətin gəlir gətirən “bulağı”dır. 2015-ci ildə dövlət büdcəmizin 40,68%-i (7,118 mlrd manat) vergilər hesabına formalaşıb. Verginin bu funksiyası fiskal funksiya adlanır. Fiskal funksiya sanki verginin təbiətini əks etdirir. Dövlət mövcud olduqca bu funksiya da onunla paralel mövcudluğunu saxlayır. Bu funksiya ilə dövlətin maliyyə ehtiyatlarının formalaşması və toplanması təmin edilir.
Verginin dövlət üçün nə qədər strateji bir məfhum olduğunu anlamaq üçün Büdcə-vergi siyasətini qeyd etmək kifayətdir. Büdcə-vergi siyasəti ölkənin iqtisadi siyasətinin bir hissəsidir. Bu siyasətə fiskal siyasət də deyirlər. Dövlətin büdcə-vergi siyasəti ölkə üçün çox əhəmiyyətlidir, çünki məhz bu siyasətdən ölkənin funksionallığı çox asılıdır. Büdcə-vergi siyasəti dövlətin xərcləri və vergitutma səviyyəsinə təsir etməklə ölkənin iqtisadi inkişaf yolunda irəliləməsini təmin edən siyasətdir. İndiki dövr üçün büdcə-vergi siyasətinin prioritetdə olan hədəfləri aşağıdakılardır:
-iqtisadiyyatın sabitliyi, modernləşməsi və şaxələnməsi;
-ölkə əhalisinin sosial müdafiəsi;
-qeyri-neft sektorunun inkişafı;
-vergi öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi;
-vergi və gömrük sahəsində intizamın yüksəldilməsi.
Dövlət büdcəsi anlayışı
Vergilər dövlət büdcəsini formalaşdıran əsas alətlərdən biridir. Bəs dövlət büdcəsi nədir? Dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul fondudur. Büdcə sistemi haqqında qanunda “Dövlət büdcəsi” anlayışı belə izah olunur: Dövlət büdcəsi - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. Dövlət büdcəsi maliyyənin tərkib hissəsi olmaqla, dövlətin sosial-iqtisadi, siyasi və müdafiə vəzifələrinin yerinə yetirilməsi üçün iqtisadi alət kimi çıxış edir.
Dövlət büdcəsi strukturca iki hissədən –gəlirlər və xərclər bölmələrindən ibarət olmaqla respublika və yerli büdcələrin məcmusundan təşkil olunur. Büdcə gəlirləri dedikdə dövlətin funksiyalarının yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitləri nəzərdə tutulur. Dövlət büdcəsinin xərcləri dedikdə isə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi və stimullaşdırılması üçün maddi və sosial müdafiəyə ehtiyacı olan müxtəlif əhali qruplarına yardımlar göstərilməsi, dövlət hesabına pulsuz təhsil və səhiyyə xidmətləri göstərilməsi, ölkənin hərbi sahədə müdafiə qabiliyyətinin möhkəmlənməsi və cəmiyyətin idarə edilməsi sahəsinə yönəldilən maliyyə vəsaiti başa düşülür.
Ödədiyimiz vergilər hara xərclənir: büdcə xərcləri
Cəmiyyətdə hər bir vətəndaş gec və ya tez fikirləşəcək: “Mən niyə vergi ödəyirəm ?”,  “Bu verginin mənə nə xeyri var ?”, “Ödədiyim bu vergi ödənişləri hara gedir və nəyə sərf olunur ?”. Əslində bu suallarda qeyri-adi bir şey yoxdur, əgər vətəndaş bir yerə müəyyən məbləğ köçürürsə, o bilmək istəyir ki, onun ödədiyi pul hansı sahəyə xərclənir. İndi isə gəlin ödədiyimiz vergilərin hesabına formalaşan büdcəmizin hansı sahələr üzrə xərcləndiyinə nəzər yetirək:
1. İqtisadiyyata olan xərclər
Dövlət düşünülmüş şəkildə iqtisadiyyata müdaxilə etməklə istehsalı inkişaf etdirməyi qabağına məqsəd qoyur. Ölkənin iqtisadi gücü zəifdirsə dövlət nə özünü iqtisadi cəhətdən təmin edə bilər, nə vətəndaşları üçün səmərəli iqtisadi vəziyyət qura bilər. İqtisadiyyata olan xərclərə iqtisadiyyat üzrə elmi-tədqiqat və təcrübi inkişaf işləri, iqtisadiyyatın dövlət sektoru, ixracatı təşviq etmək, maliyyə aktivləri üzrə əməliyyat, iqtisadiyyatın və ölkənin regionlarında bəzi sektorlarda məşğulluğun təmin edilməsi və iqtisadi fəaliyyətin digər sahələri üzrə əməliyyatlar aid edilir.
2. Sosial – mədəni tədbirlərə ayrılan xərclər
Sosial – mədəni tədbirlərə ayrılan xərclərə təhsil, səhiyyə, sosial tədbirlər və mədəniyyət-incəsənət xərclərini aid etmək olar. 
2.1 Təhsil xərci
İndiki zamanda demək olar ki, dünyanın hər bir dövləti öz büdcəsində təhsilə xərclər ayırır. Təhsil xərcləri dedikdə bu sahəyə aid infrastrukturun formalaşdırılması və saxlanması, müəllim və işçi heyyətinə əmək haqqının ödənilməsi, innovasiyanın tətbiqinin maliyyələşdirilməsi kimi məsələlər nəzərdə tutulur. Bir çox ölkələrdə təhsilin ibtidai və orta pilləsi, bəzən isə ali pilləsi də dövlət tərəfindən maliyyələşdirilir. Respublikamızda  da orta təhsil pilləsi ödənişsizdir və bu sahənin xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Konstitusiyamızın 42.2-ci maddələrində deyilir: “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.”
Xarici ölkələrdə əsasən orta təhsil müəssisələri dövlət təminatındadır, digər təhsil formaları isə qarışıq maliyyələşmişdir. ABŞ və bir çox Avropa ölkələrində orta və ali təhsil üzrə əhəmiyyətli payı özəl təhsil müəssisələri tutur. Ödənişə gəldikdə isə ABŞ-da Harvad universitetində illik təhsil haqqı 25-60 min ABŞ dolları arası dəyişir, Avropada da ali təhsil müəssisələrinin çoxu ödənişlidir, Yaponiyada 70%-dən çox universitet özəldir.
2.2 Səhiyyə xərcləri
Əhalinin sağlamlığının qorunması dövlətin əsas funksiyalarından biri sayılır. Konstitusiyamızın 41.2-ci maddəsinə əsasən dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Səhiyyə sahəsinə ayrılan pullar aşağıdakı təyinatlar üzrə istifadə olunur: işçilərə əmək haqqı, tibb xidməti üzrə sarğı materialları, dərman preparatları, ərzaq məhsulları, tibbi avadanlıqlar, kommunal xərclərinin ödənişi, səhiyyə obyektlərinin təmir-tikintisi və s. 
ABŞ-da əhalinin çox hissəsi sığorta ödənişləri etməklə tibbi sığorta olunur və səhiyyə xidmətlərindən yararlanır. Aztəminatlı ailələrə dövlət köməyi federal büdcədən maliyyələşən “Medicare” proqramı vasitəsilə həyata keçirilir. Əmək haqqının 7.65%-i bu proqram üçün ödənilir. Böyük Britaniya, Fransa, Almaniyada tibbi xidmətlər pulsuz olsa da, işləyən əhali tibbi müdafiələri üçün müəyyən məbləğ ödəyir.
2.3 Sosial müdafiə və sosial təminat
Dövlət ilk növbədə əhalinin sosial durumunu yaxşılaşdırmağa çalışır. Çünki sosial durumu sabit olan əhali artıq vəziyyətinin pisləşəcəyi haqqında fikir eləmir və öz enerjisini digər əhəmiyyətli işlərə sərf edir. Sosial müdafiənin əsas elementi dövlət zəmanəti kimi çıxış edən sosial təminatdır. Sosial təminat dedikdə gəlirlərin səviyyəsindən asılı olmayaraq əhalinin müəyyən kateqoriyalarına dövlət və bələdiyyə büdcələrindən müavinət, təqaüd, kompensasiya verilməsi şəklində həyata keçirilən təminat forması nəzərdə tutulur. 
Konstitusiyamızın 38.3-cü maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
2.4 Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri
Son illər dövlətimiz respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində bir çox beynəlxalq tədbirlərə ev sahiblik edir. Tədbirlərinin sayının və miqyasının artması nəticəsində bu sahəyə xərclərin də artımı baş verib.
Dövlətin maliyyələşdirdiyi digər mühüm sahə informasiya sahəsidir. Bu sahənin dəstəklənməsinin və inkişaf etdirilməsinin əsas məqsədi əhalinin maarifləndirilməsi ilə yanaşı, həmçinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.
İndi isə gəlin 2015-ci ildə çəkilən təhsil, səhiyyə və sosial-təminat xərclərinə uyğun ölkələrin müqayisəsinə baxaq. Predmet ki mi büdcə xərc məbləğləri yox, xərcin büdcədə nisbət payları - faizi müqayisə edilir. 
3. Elmi xərclər
Son illərdə elmi yönlü tədbirlərin artırılması ilə dövlət büdcəsindən bu istiqamətdə xərclərin artırılmasını da görmək olar ki, nəticədə elm sahələri inkişaf edir: elmi-tədqiqat işlərinin səmərəliliyi artır, müsabiqə əsaslı elmi layihələr maliyyələşir, elmi-tədqiqat institutlarında laboratoriyalar müasir avadanlıqlarla təchiz edilir.
Elmi araşdırmaların stimullaşdırılması üçün dövlət səviyyəsində güzəştlər nəzərdə tutulmuşdur. Güzəştlərdən birinə nümunə kimi Vergi Məcəlləsinin 113-cü maddəsini göstərə bilərik ki, bu maddəyə görə gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.
4. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahəsinə çəkilən xərclər
Bu xərclərə məhkəmələrin, hüquq-mühafizə orqanlarının, yanğın təhlükəsizliyinin, prokurorluq orqanlarının saxlanılması və idarə olunması xərcləri aid edilir. Statistik göstəricilər görə bu xərclərdə ilbəil artır.
5. Dövlət aparatının saxlanması xərci
Dövlət aparatının saxlanılması xərclərinə qanunverici və icraedici aparatın saxlanması xərclərini aid etmək olar. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi, İcra hakimiyyətini isə Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.  
Ölkə quruluşundan asılı olaraq bu xərclərə müxtəlif qruplar daxil edilir, məsələn Böyük Britaniya, Belçika, Yaponiya kimi bəzi ölkələrdə bu xərclərə kral və imperator ailəsinin saxlanması xərclərini də aid edirlər. Ümumiyyətlə dünya praktikasında bu xərclərin 4-5%-dək olması normal hesab olunur.
6. Hərbi xərclər
Respublikamızın hal-hazırda hərbi potensialı yüksək səviyyədədir. Müharibə vəziyyətində olan ölkə olaraq ordumuz daim döyüş hazırlığındadır. Müasir ordunun isə güclü səviyyədə qalmağı üçün daima xərc tələb edir.  Hərbi xərclərə hərbi qüvvə və tədbirlərə ayrılan, əmək haqqı ödənişləri, istismar xərcləri, silah və avadanlıq alınması, hərbi tikinti, elmi araşdırmalar, inzibati və s. xərclər aid edilir.
İndi isə gəlin 2015-ci ildə çəkilən hərbi xərclərə uyğun ölkələrin müqayisəsinə baxaq. Predmet ki mi büdcə xərc məbləğləri yox, xərcin büdcədə nisbət payları müqayisə edilir.
Gülnar Verdiyeva
Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.