Xəbər lenti

Əhəd Kazımov: "Mən belə gözləmirdim" (MÜSAHİBƏ)
Ölkə06:55 23.04.2013

Əhəd Kazımov: "Mən belə gözləmirdim" (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Demək olmaz ki, çox adam buna pis baxır"

Qaynar.info Pərviz Əzimovun “ABŞ təhsilli məzunlarla müsahibələr” layihəsi çərçivəsində ilk müsahibəni təqdim edir. İlk müsahib Əhəd Kazımovdur. 

- Əhəd bəy, vaxt ayırıb dəvətimi qəbul etdiyiniz üçün minnətdaram. İstərdik özünüz özünüzü təqdim edəsiz...

- Əhəd Kazımov - Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində bakalavr və magistratura pillələri üzrə təhsil almışam. Daha sonra 3 il pisxologiya üzrə aspiranturada təhsil almışam. Amma əfsuslar olsun ki, elmi dərəcə almaq üçün müdafiə etməmişəm. 2005-2007-ci illərdə ABŞ-ın İndiana Universitetində Dövlət İdarəçiliyi ixstiası üzrə magistr təhsili almışam. 2007-ci ildən 2010-cu ilə qədər Avrasiya Əməkdaşlıq Fondunda Korporativ Sosial Sərmayə adlı proqramın rəhbəri vəzifəsində çalışmışam. Eyni zamanda 2007-ci ildən 2010-cu ilə qədər Açıq Cəmiyyət İnisututundan qazandığım qrant proqamla Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya Fakultəsində dərs demişəm. Hazırda Sumqayıt Texnologiyalar Parkı şirkətində Biznesin inkişafının şöbəsinin rəhbəri vəzifəsində çalışıram. Eyni zamanda “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin direktoruyam.

- Siz həm Bakı Dövlət Universitetində, həm də ABŞ-ın tanınmış İndiana Universitetində təhsil almısız. İki təhsil sistemi – ABŞ və Azərbaycan təhsil sistemləri arasında əsas fərq nədədir?

- Çox yaxşı sualdır. Mən ABŞ-da magistatura dərəcəsi üzrə təhsil almışam. Oranın magistatura təhsili ilə bizim magistatura təhsili arasında əsas fərq odur ki, ordakı tələbələr nə oxumaq istədiklərini çox yaxşı bilirlər. Artıq bir məqsəd var. Bizdə isə magistaturaya daha çox diplom üçün gedirlər. Ortada aydın bir məqsəd yoxdur ki, məsələn bu diplomu əldə edib, gedib filan bankda işləyərəm. Başqa bir muhim fərq odur ki, ABŞ-da tədris zamanı planlaşdırma və komanda işlərinə böyük üstünlük verilir. Bizdə isə müəllim gəlir, dərsi danışır və əlavə heç bir tapşırıq vermir. Sadəcə deyir kitabxanaya gedin və ya  internetdə araşdırın və mənə məruzə edin. Amma qeyd etdiyim kimi, ABŞ təhsilində qrup işləri, komanda işlərinə üstünlük verilir. Bundan başqa orada prezintasiyalar var, tələbələr mövzuya daha stratejik yanaşır, özləri təşəbbüs göstərən tərəf olurlar. Amma mən Azərbaycanda dərs dediyim zaman da gördüm ki, sankı tələbələr hər şeyi səndən gözləyir, təşəbbüs göstərmirlər. Bu problemin səbəbi də orta məktəbdən yaranmağa başlayır. Çünki məktəbdə qrup işləri yoxdur, komanda işi yoxdur. Müəllim 40 dəqiqə nəsə deyir və şagird ona qulaq asır. Problem həm də bundadır. 

- Azərbaycanda uzun müddət psixologiya ixtisası üzrə təhsil almısız. Sizə həm də peşəkar psixoloq kimi sual vermək istərdim. ABŞ cəmiyyətində insanların psixoloqa baxışı ilə Azərbaycan insanın psixoloqa baxışı arasında fərq varmı? Bizim ölkədə insanlar sankı psixoloq məsləhətinə ehtiyac olduğunu qəbul etmirlər, psixoloq yanına getməkdən çəkinirlər. 

- Bunun əsas səbəbi mental düşüncədir və məncə sovet dövründən yaranmağa başlayıb. Amma ABŞ-da və digər qərb  dövlətlərində psixoloji konsultasiya daha çox yayılıb. Çünki orda işə fərdi yanaşma peşəkardır. Düşünürlər ki, bu işdə ona bu işin peşəkarı, psixoloq daha yaxşı kömək edə bilər. Bizdə isə gedirlər dostundan, yoldaşından, qardaşından, valideynlərindən məsləhət alırlar. Ancaq mən sizə deyim ki, son 5 il ərzində bu tendensiya dəyişir. Məsələn bizim mərkəz plazada yerləşir, həmin plazada bizdən başqa da psixologiya mərkəzləri var və bütün bu mərkəzlərə də adamlar gəlirlər. Bu mənim üçün çox fenomenal haldır. Mən belə gözləmirdim. Mənim tanıdığım bir mərkəzdə pisxoloq var. Onun ümumiyyətlə boş vaxtı olmur. Səhər 9-dan, axşam 6-ya kimi insanlar gəlirlər. Şagirdlər, tələbələr, yaşlı insanlar müraciət edir ona. Buna səbəb də qloballaşmadır. Artıq Azərbaycan ailələrində də patriarxal əlaqələr zəifləməyə başlayıb. Demək olar ki, yox səviyyəsindədir. İnsanlar arasında əlaqə zəifləyir, daha qohum toyunda, ad günündə yığışmaq kimi adət yoxdur. Bakı artıq meqapolisə çevrilib. Belə halda vaxt məhdudiyyəti yaranır və sən məhdud vaxtını sənə xeyr verən işlərə sərf eləmək istəyirsən.

 - ABŞ-da adaptasiya olunmaq çətin idi, ya orda geri qayıdandan sonra Bakıda çətin oldu?

- Əlbəttə ki, ABŞ-a adaptasiya olmaq çətin oldu. Bura qayıdanda heç bir çətinlik olmadı.

- Çox vaxt belə uzunmüddətli səfərlər və geridönmələr zamanı “mədəniyyət şoku” yaşanır...

- Mədəniyyət şoku deməzdim, amma ABŞ insanların yanaşmasına çox təəccübləndim. Məsələn onlar çox çalışqandır, işə yanaşmaları daha fərqlidir. İnsanlar saat 5-də, 6-da durur və səhər 8-də işdə olurdular. Bizdə bu hal çox azdır. Bu hal ABŞ-da həm tələbələrə, həm də işçilərə aiddir. Bizdə isə özünüz bilirsiz insanlar nə qədər gecikir. Bu çalışqanlıq tələbələrə xüsusi aiddir. Bilirsiniz, tələbələr necə hazırlaşırdılar dərsə? Hətta naharı belə evdə bişirib özləri ilə universitetə gətirirdilər ki, əlavə işlərə vaxt sərf eləməsinlər, dərslərə hazırlaşsınlar. Bu mənim üçün çox çətin idi. Çünki biz öyrəşmişik daha çox sakit, stabil iş prosesinə, dərsə. Amma ABŞ-dan qayıdanda heç bir şok keçirmədim. Bilirdim hara qayıdacam, hansı streotiplərlə qarşılaşacam. 

- ABŞ Dövlət Departamentinin müxtəlif proqramları ilə indiyə qədər ABŞ-da 4000 minə qədər tələbə təhsil alıb və bu tələbələr Azərbaycana qayıdandan sonra müəyyən uğurlar əldə ediblər. Azərbaycan Təhsil Nazirliyinin proqramı ilə ümumilikdə dünyada heç 2000 tələbə təhsil almayıb. ABŞ-ın Azərbaycana bu qədər peşəkar kadr təqdim etməsinə baxmayaraq insanlarda ABŞ-a qarşı sankı hələ də bir ögeylik var. Buna səbəb nədir?

- Məncə, bu sahə əvvəlki illərə nisbətən çox dəyişib. Demək olmaz ki, çox adam buna pis baxır. Artıq bu nisbət yaxşıya doğru dəyişib. Bir məsələ də var. 5 il bundan əvvələ qədər ABŞ-da oxuyanlara elə baxırdılar ki, elə bil başqa planetdən gəliblər, bir nömrəli insanlardır. Amma indi artıq bu hal da adiləşib. Sonralar daha çox adam getməyə başladı və hətta bəzi insanlar öz ailə büdcələri hesbına ABŞ-da və digər ölkələrdə təhsil aldı. Məsələn məndən indi soruşanda harda təhsil almısan? ABŞ-da deyəndə çox adi hal kimi yanaşırlar buna. 

- Azərbaycanda “ABŞ Təhsilli Məzunlar” İctimai Birliyi (AAA) var və siz də o birlikdə İdarə Heyətinin üzvüsüz. Birlik əsasən məzunlar sahəsində işləyir və müəyyən işlər görür. Sizcə, məzunlar ölkəyə döndükdən sonra gözlənilən effektli nəticəni göstərirlərmi, yoxsa daha böyük potenasialları var, ancaq ortaya qoymurlar?

- Biz AAA-da bu istiqamətdə müxtəlif işlər görürük. Artıq 10 ildir ki, AAA bu istiqamətdə fəaliyyət göstərir. AAA ictimai həyatda mühim rol oynayır. Ümumilikdə məzunlara gəldikdə isə məncə yaxşı nəticələr göstərirlər. Bu istiqamətdə müəyyən şəbəkələr var və onların aktivliyinə təsir göstərir. Bəzi məzunların daha çox aktiv olmamasına səbəb isə onlar ölkəyə döndükdən sonra daha çox biznes sturkturlarında çalışmalarıdır. Həmin şirkətlərdə də səhər 9-dan axşam 6-ya qədər iş rejimidir və bu da həmin insanların sosial aktivliyini aşağı salır. Onların bir çoxu qayıtdıqdan sonra ailə həyatə qurur və bu zaman maddi məsələlər önə çıxır. Yəni bu kimi problemlər bəzən mane olur daha çox aktiv olmağa.

- Əhəd bəy, müsahibə üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm. Xoş oldu.

Pərviz Əzimov

Qaynar.info 

Qeyd: Bu müsahibə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “ABŞ təhsilli məzunlarla müsahibələr” layihəsi çərçivəsində götürülüb. Layihə çərçivəsində ümumilikdə 20 ABŞ təhsilli məzundan müsahibələr götürmək planlaşdırılıb.