Bir neçə gün öncə "Qarabağ” millimizin üzvü, Ukrayna klubu "Minay”da forma geyinən Rüstəm Əhmədzadəni transfer etdi. Təbii ki, bu transfer birmənalı qarşılanmadı. Düzdür, Rüstəm gənc futbolçudur və Avropa təcrübəsi daha çox olan "Qarabağ”da inkişaf perspektivi var. Amma xaricdən Azərbaycana gələn milliləşdirilmiş futbolçuların heç də hamısı səviyyəsini yüksəldə bilmir. Buna mane olan əsas səbəblərdən biri də 8 komandalı ölkə çempionatıdır. Bəs Rüstəm belə bir mühitdə nə dərəcədə inkişaf edə bilər?
Bu suallara mütəxəssislərdən cavab aldıq. Onlar Qaynarinfo-ya açıqlamasında Rüstəmin "Qarabağ” üçün nə dərəcədə uğurlu olub-olmayacağına dair fikirlərini bölüşdülər.
Əfqan Talıbov
"Qarabağ”a və Azərbaycan çempionatına gələn futbolçuların hamısının bir fikri var. Komanda uzun müddətdir Avropa futbolunun mərkəzindədir. Avrokubokların daim iştirakçısıdır. Bu da böyük çempionatlara getmək üçün gözəl transferdir. Bu şansdan da hər bir futbolçu yararlanmaq istəyir. "Minay”da gördüyü perspektivi qiymətləndirib. Görür ki, "Qarabağ” daim avrokuboklarda iştirak edir, özü də millinin heyətinin əksər üzvləri məhz bu komandadandır. Baxmayaraq ki, Azərbaycan çempionatını Ukrayna ilə eyni səviyyəyə qoymaq düzgün olmaz. Həddindən artıq fərq var. Mənə elə gəlir, o, dərindən təhlil aparandan sonra "Qarabağ”la müqavilə bağlamaq qərarına gəlib. İkincisi, gəlin, perspektivinə baxaq. Milliyə az bir vaxtda cəlb olunmasına baxmayaraq, mütəxəssislərin müsbət rəyini alıb. Tam potensialını açmayıb, amma görünür ki, böyük perspektivi var. Eyni zamanda "Qarabağ” düzgün strategiya sayəsində "bir güllə ilə iki dovşan vurdu”. Hər bir zonada hücumameyilliyi, fiziki göstəriciləri, topla davranışı ona imkan verir ki, universal olsun. Onu sol və ya sağ cinahda vinger, həm də hücumda və hücumçunun arxasında oynada bilərlər. Bu mənada "Qarabağ” irəli düşüb. Həm də yerli oyunçu olduğu üçün limit məsələsində problem olmayacaq. Digər bir məsələ - oyunçunun komandaya uyğunlaşma prosesi var. Rüstəm "Qarabağ”ın oyun üslubunu tez mənimsəməlidir. Vadjinin çətin anlarda qol vurmaq üçün müəyyən qədər ustalıq səviyyəsi çatmır. Düzdür, Rüstəmin də böyük təcrübəsi yoxdur. Amma Vadji kimi onun böyük potensialı var, fiziki göstəriciləri əladır. Bu ona imkan verəcək ki, tezliklə özünə gəlsin və fevralda pley-off-un oyunlarına kimi əsas heyət üzvünə çevrilsin. Fikrimcə, "Qarabağ” bu transferlə çox böyük üstünlük qazandı. 20 yaşlı milli üzvü tapmaq çox çətindir. Düzgün sual verdiniz ki, Rüstəm Azərbaycan çempionatında inkişaf edə biləcək, ya yox? Mən də başa düşürəm, o, Azərbaycan çempionatında böyük inkişafa nail olmayacaq. Çünki çempionatın səviyyəsi buna imkan vermir. Amma oyununa baxanda görürsən ki, onun "Qarabağ”dan daha güclü çempionatlara getmək şansı çoxdur. Elə uzunmüddətli müqavilə bağlamasının da səbəbi budur. Şəxsi fikrimdir, 20 yaşı olmasına baxmayaraq, həddindən çox inkişaf edəcək və Azərbaycan çempionatında liderlərdən birinə çevriləcək. O, "Qarabağ”a elə-belə götürülməyib. Görür ki, "Qarabağ” Çempionlar Liqasına istiqamətlənib. Yeni qaydalara görə, Azərbaycanın 3 klubu Konfrans Liqasına vəsiqə qazanır. Çempion isə Çempionlar Liqasında oynayacaq. "Qarabağ”da o imkan var ki, ÇL-də mərhələ keçməzlərsə, Avroliqaya, orda da uduzsalar, Konfrans Liqasına düşəcək. Yəni, daim Avropa arenalarında göz önündə olacaq. Fikrimcə, o, hiss edir ki, "Qarabağ” bu mövsüm müqavimətsiz çempion olacaq. Əhmədzadə "Qarabağ”ın oyun üslubuna uyğundur. Sürətli, fərdi keçidləri var. Meydanın orta sahəsindən hücumlara çox sürətlə çıxır. "Qarabağ” əvvəlki illərə baxanda daha açıq futbol oynayır, hücuma böyük qüvvə ilə atılır. Rüstəm də bu oyunun davamını gətirə biləcək oyunçulardandır. Uğurlu transfer hesab edirəm və 1-2 ilə imkan düşən kimi, daha yaxşı çempionatlara transfer olunacaq. Məsələn, Rusiya və Türkiyə çempionatlarından birinə gedə bilər. Türk skautlar "Qarabağ”ın oyununu həm Azərbaycanda, həm də avrokuboklarda daim diqqət mərkəzində saxlayır”.
Arif Əsədov
"Öncə hansı qərarı veribsə, ona uğurlar arzulamaq istəyərdim. "Qarabağ” son illərdə Azərbaycanın top-klubudur. Avropada sözünü deyir. Belə götürəndə Rüsəm yüksək səviyyəli bir komandaya, əvvəl oynadığı klubdan daha yaxşısına gəlib. Amma çempionat baxımından Ukrayna daha yaxşıdır. Həm komandaların sayı, həm də çempionluq uğrunda mübarizə aparanlar çoxdur. "Qarabağ” "Minay”dan qat-qat üstündür. Onun inkişaf edib-etməyəcəyini zaman göstərəcək. Əsas odur ki, daim oynasın. Gəncdir, perspektivlidir, futbolçu kimi yaxşı keyfiyyətləri var. Bu göstəricilər Qurban müəllimi cəlb edib. Hər şey özündən asılıdır. "Qarabağ”da həm legionerlər, həm də yerli futbolçular arasında rəqabət güclüdür. Bu da onun inkişafına kömək edə bilər. Rəqabətə dözməyib ehtiyatda oturacaqsa, bu, onun inkişafını əngəlləyəcək”.
Yunis Hüseynov
"Açığı, onun "Minay”da oyununu çox da izləməmişəm. Ukrayna çempionatını belə baxanda izləyə bilmirik. Millidə bir-iki matçına baxmışam. Bir dəfə əvəzetmədən meydana çıxmışdı, özünü yaxşı tərəfdən göstərmişdi. Xoşuma gəlmişdi, pis futbolçu deyildi. "Qarabağ” daim Avroliqanın qrup mərhələsində çıxış edirdi, indi də Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib. Düşünürəm ki, "Qarabağ”da özünü yaxşı tərəfdən göstərib xeyir verə bilər. Bunu həm də gənc olduğuna görə deyirəm. Azərbaycanda özünü necə göstərəcəyini isə deyə bilmərəm. Razıyam, çempionatımızda 8 komanda var. Fubolçularımız xaricdə oynasa, daha yaxşı olar. "Qarabağ”da əsas heyədə çıxış edib-etməyəcəyi isə özündən asılıdır”.
Səbuhi Həsənov